Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Macarıstanın müasir qlobal geosiyasətdə baş verənlər fonunda bir-birinə ehtiyacı var və hər bir ölkə digər ölkə üçün önəmlidir. Hazırkı vəziyyətdə hesab edirəm ki, Macarıstanın Azərbaycan üçün önəmli olmasından daha çox, Azərbaycan Macarıstan üçün önəmlidir.
Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.
İqtisadçı hesab edir ki, hazırkı vəziyyətdə Rusiyadan ən çox enerji asılılığı olan ölkələrdən biri Macarıstandır:
“Azərbaycan isə məhz Avropanın enerji tərkibində oynadığı rol baxımından Macarıstanın olduğu coğrafiya üzrə daha böyük xüsusi çəkiyə malikdir. Perspektivdə isə Macarıstan Azərbaycandan neft və qazdan başqa həm də alternativ enerji mənbələri hesabına təmin oluna bilər. Müvafiq sahə üzrə memorandum imzalanmış dörd ölkədən biri məhz Macarıstandır.
Həmçinin, Şahdəniz yatağı Macarıstanın ən etibarlı investisiya obyektidir. Ümumiyyətlə, Macarıstanın investisiyası əsasən Azərbaycanın neft-qaz sektoruna yönəlib. Bu, Macarıstanın Azərbaycana olan iqtisadi inamını və marağını açıq şəkildə göstərir. Bütün bunlardan başqa ölkələr arasında olan ticarət dövriyyəsinə baxdıqda yenə də Macarıstanın xeyrinə olan bir vəziyyət görünür.
2023-cü ildə Azərbaycan və Macarıstan arasında 48,4 milyon dollarlıq bir ticarət dövriyyəsi olub və bu dövriyyənin təxminən 43 milyon dolları Macarıstandan Azərbaycana ixrac olunan malların payına düşüb. 2024-cü ildə isə ticarət dövriyyəsi 62,3 milyon dollara çatıb. Bunun da 54,8 milyon dolları Macarıstanın bizə satdığı məhsullardan ibarət olub. Azərbaycan isə Macarıstana 7,5 milyon dollarlıq məhsul satıb.
Burada da göründüyü kimi, ticarət dövriyyəsinin 88%-i Macarıstanın bizə etdiyi ixracdan ibarətdir, yəni bizim idxalımızdan ibarətdir. Başqa sözlə, ticarət dövriyyəmizin 76%-i Macarıstanın müsbət saldosudur”.
E.Əmirov qeyd edib ki, Azərbaycan Macarıstan üçün həm siyasi, həm də iqtisadi baxımdan eyni dərəcədə vacib olsa da, Macarıstan Azərbaycan üçün daha çox siyasi baxımdan strateji tərəfdaşdır (yəni siyasi konturlar iqtisadi konturları üstələyir):
“Lakin cənab Prezidentin Macarıstana səfəri və bu qəbildən olan iki ölkə arasındakı digər yüksək səviyyəli görüşlər Macarıstanın Azərbaycan üçün gələcəkdə iqtisadi baxımdan da daha önəmli tərəfdaşa çevrilməsi üçün mühüm zəmin yaradır.
Bu cür qarşılıqlı səfərlər və əməkdaşlıq formatları, xüsusilə enerji, alternativ enerji, ticarət və investisiya sahələrində əlaqələrin dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Nəticə etibarilə, bu münasibətlər strateji tərəfdaşlığın təkcə siyasi deyil, həm də iqtisadi sütunlar üzərində möhkəmlənməsinə şərait yaradır”.
Nigar HƏSƏNLİ,
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ