Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın nüfuzlu Kolumbiya Universitetinin tələbəsi, fələstinçi etirazların öncüllərindən olan Mahmud Xəlil Donald Tramp administrasiyasına qarşı 20 milyon dollarlıq iddia qaldırıb.
Musavat.com xəbər verir ki, o, qanunsuz şəkildə həbs edildiyini və azadlıqdan məhrum olunduğunu iddia edir.
Mahmud Xəlil ABŞ-da qanuni rezident statusuna malik olmasına baxmayaraq, mart ayında Trampın “etiraz edən əcnəbi tələbələr deportasiya olunacaq” bəyanatından sonra saxlanılıb. Tələbə 3 ay müddətində Luiziana ştatında yerləşən immiqrasiya mərkəzində saxlanıldıqdan sonra, iyun ayında məhkəmə qərarı ilə girov qarşılığında sərbəst buraxılıb.
“Ümid edirəm ki, bu iddia administrasiya üçün çəkindirici təsir göstərəcək. Aydındır ki, Tramp yalnız pulun dilini anlayır”, - deyə Mahmud Xəlil “Reuters”ə açıqlamasında bildirib.
Tələbə azadlığa buraxıldıqdan sonra konqresmen-demokrat Aleksandriya Okasio-Kortes tərəfindən qarşılanıb və ictimai dəstək alıb.
Xəlilin vəkilləri tərəfindən Konstitusiya Hüquqları Mərkəzinin dəstəyi ilə təqdim olunan iddia ərizəsində onun “qərəzli məhkəmə təqibinə, yalan həbslərə, qanunsuz azadlıqdan məhrum etməyə və mənəvi zərər verməyə” məruz qaldığı qeyd olunur.
Ərizədə Mahmud Xəlilin emosional travma, iqtisadi itkilər və reputasiya zədəsi ilə qarşılaşdığı vurğulanır.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bu iddianı “absurd” adlandıraraq Xəlili “antisemit ritorika və nifrət dolu davranışlarda” ittiham edib. Nazirlik onun yəhudi tələbələr üçün təhlükə yaratdığını iddia edir.
Mahmud Xəlil İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarına etiraz olaraq ABŞ universitetlərində təşkil olunan aksiyalarda fəal iştirak edib. Ağ Ev isə onun “antisemit fəaliyyətlə” məşğul olduğunu və milli təhlükəsizlik üçün təhdid təşkil etdiyini iddia edərək deportasiyasını əsaslandırmağa çalışıb.
Tramp administrasiyası bu məsələni ABŞ-ın xarici siyasətinə mənfi təsir göstərə biləcək faktor kimi təqdim edib və onun ölkədə qalmasının yolverilməz olduğunu bildirib.
Musavat.com
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ