Onlayn ictimai-siyasi qəzet
Rusiya hakimiyyət elitası üçün Xalq Birliyi Günü (4 noyabr) və noyabr bayram tətili görünür, vətəndə deyil, isti ölkələrdə keçib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyanın müstəqil jurnalistləri bunula bağlı maraqlı məlumatlar əldə ediblər.
Uçuş trekləri göstərir ki, yüksək rütbəli məmurlar və onlara bağlı oliqarxlar bu günlərdə Dubay, Maldiv, İsrail və digər istiqamətlərə yollanıblar.
Ən populyar istiqamət — Birləşmiş Ərəb Əmirlikləri sayılırmış.
31 oktyabrda Çeçenistan rəhbəri Ramzan Kadırovun adına qeydiyyatda olan Airbus ACJ319 Dubay hava limanına enib. “МО”-nun məlumatına görə, bu 80 milyon dollarlıq təyyarədən son illərdə əsasən onun oğlu Adam Kadırov istifadə edir. Məhz həmin təyyarə ilə o, ötən il Yeni ili qarşılamaq üçün Dubaya uçmuşdu.
Dmitri Medvedyevin adının hallandığı Bombardier Global 5000 təyyarəsi də 31 oktyabrda Əbu-Dabiyə uçub. Cəmi bir gün sonra Moskva istiqamətinə qayıdıb, lakin 4 noyabrda qəfil Mumbaya istiqamət götürüb.
VEB.RF-in rəhbəri İqor Şuvalov da istirahət üçün Dubayı seçənlərdəndir. Onun istifadə etdiyi Bombardier Global 6000 (RA-67777) 2 noyabrda Dubaya enib və iki gün orada qalıb. Araşdırmaya görə, dövlət korporasiyası bu 67 milyon dollarlıq təyyarəni 2022-ci ilin iyununda Kipr ofşoru vasitəsilə alıb.
Birinci vitse-premyer Denis Manturov da Əmirliklərdə idi. Onun Sukhoi Superjet 100 (RA-89053) 31 oktyabrda Əbu-Dabiyə enib və 5 gün sonra Moskvaya qayıdıb. Lakin 5 noyabrda eyni təyyarə Təl-Əvivə uçub. Həmin gün Manturov Təhlükəsizlik Şurasının iclasında iştirak etməyib, baxmayaraq ki, orada daimi üzvlərlə yanaşı bəzi nazirlər də var idi.
Qeyd olunur ki, Rusiya ilə İsrail arasında münasibətlərin Qəzza müharibəsindən sonra gərginləşməsinə baxmayaraq, Rusiya rəsmiləri İsrailə asanlıqla gedirlər – çünki ölkələr arasında viza rejimi yoxdur. “МО”-ya danışan İsrailin təhlükəsizlik orqanlarındakı mənbə bildirib:
“Rusiyalı məmurlar Avropa və ABŞ-a gedə bilmədikləri üçün İsraili seçirlər. Üstəlik, onların burada çoxdan öz evləri, villaları, bağ evləri və rahat istirahət məkanları var”.
Putinə yaxın oliqarxlar da istisna olmayıb. Məsələn, Arkadi Rotenberqin şəxsi təyyarəsi Azərbaycanın Qəbələ şəhərinə uçub — orada gölləri və şəlalələri ilə məşhur kurort zonaları yerləşir. Bu, Moskva ilə Bakı arasında son aylarda münasibətlərin soyumasına baxmayaraq baş verib.
Bu uçuş marşrutları bir daha göstərir ki, “Rusiya elitası üçün Xalq Birliyi Günü – xalqdan uzaqda keçirilən bir bayrama çevrilib.”
Musavat.com
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ