İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı qatili Serj Sarkisyan barəsində cinayət təqibi başlandı – ölkədən çıxışına qadağa qoyulub

Ermənistan Prezidenti olmuş və Qarabağ müharibəsi dövründə Xocalı soyqırımında iştirakına dair ağır ittihamlarla yadda qalan Serj Sarkisyan barəsində İrəvanda rəsmi cinayət təqibi başladılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş Prokurorluğu yayıb.

Prokurorluğun məlumatına əsasən, 5 noyabr tarixində Sarkisyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi üzrə – yəni səlahiyyətlərin mənimsənilməsi və dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi əlamətləri ilə cinayət işi qaldırılıb. İttihamın hüquqi əsası korrupsiya və dövlət resurslarının mənimsənilməsi ilə bağlıdır.

Məlumata görə, həmin epizod 2019-cu ildə dünyasını dəyişmiş erməni oliqarx və böyük yanacaq-import biznesinin sahibi Mixail Bağdasarovun ifadələri əsasında açılmış işlə bağlıdır. Bağdasarov o vaxtkı hakimiyyətə qarşı ifadə verərək bir sıra iri həcmli dövlət müqavilələrinin qeyri-qanuni şəkildə yönləndirildiyini bildirmişdi.

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan vəziyyəti şərh edərək bildirib:

“Söhbət hakimiyyət dəyişikliyindən sonra açılmış və Sarkisyanın adının keçirildiyi korrupsiya epizodundan gedir. Bu iş çərçivəsində onun ölkədən çıxışına tətbiq olunan qadağa hələ də qüvvədədir”.

Beləliklə, Serj Sarkisyan hazırda ölkəni tərk edə bilmir və cinayət təqibi mərhələsi formal olaraq işin aktiv fazaya keçməsini göstərir.

Musavat.com xatırladır ki, Serj Sarkisyan Qarabağ müharibəsi dövründə erməni silahlı birləşmələrinin batalyonlarına rəhbərlik edən şəxslərdən biri olub. Xocalı şəhərində 26 fevral 1992-ci ildə dinc əhaliyə qarşı törədilən soyqırım və kütləvi qırğın əməliyyatlarında onun birbaşa iştirakını təsdiqləyən çoxsaylı şahid ifadələri və beynəlxalq araşdırmalar mövcuddur.

Sarkisyan özü 2000-ci illərdə jurnalist Tom de Vaal ilə müsahibəsində Xocalıdakı qətliamın məqsədli olduğunu etiraf etmiş, bununla bağlı belə demişdi:

“Biz sübut etməli idik ki, biz belə addımlar ata bilərik”.

Bu etiraf onun adını beynəlxalq səviyyədə Xocalı qırğınının təşkilatçıları arasında göstərən əsas dəlillərdən biri kimi qiymətləndirilir.
Ermənistanda Sarkisyan və Köçəryan daxil olmaqla keçmiş hərbi-siyasi elitanın məsuliyyətə cəlb edilməsi Paşinyan hakimiyyətinin uzunmüddətli məqsədlərindən biridir.

Lakin proses hələ də daxili siyasi çarpışmaların bir hissəsi kimi davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR