Onlayn ictimai-siyasi qəzet
Keçmiş imperiyaların varisi olan respublikaların müasir rəhbərlərinin, demək olar ki, hamısına xas bir özəllik var: onlar ölkələrinin vaxtilə sahib olduğu regionlardan əl götürmək istəmirlər.
Eyzən Yaxın Şərqdəki ərəb ölkələrinə bu və ya digər şəkildə reveranslar edən, bəzən onları qorumağa çalışan, daxillərində özünə rəğbətli hökumətlər formalaşdırmaqda maraqlı olan qardaş Türkiyə də elədir, postsovet ölkələrə öz “arxa bağça”sı kimi baxmaqda davam edən “böyük qardaş” Rusiya da.
Heç Böyük Britaniya və İspaniya da keçmiş müstəmləkələrindən tamamən əl çəkməyib. Hollandiya hələ də Surinama “himayədarlıq” edir.
Bu xüsusda hamıdan ötə bir keçmiş imperiya da var. Bu, Fransadır. Ötən əsrlərdə dünyanın 225 bölgəsində müstəmləkəsi (hazırda onların bir xeylisi, üç-bir, beş bir, başqa-başqa vahid dövlətlərdə birləşiblər) olan Fransa Əlcəzairdə, Mərakeşdə, Tunisdə, Livanda, Afrika ölkələrində öz təsirini qorumağa, onları öz nüfuz dairəsində saxlamağa çalışır.
Təkcə adı çəkilən regionlar deyil, Fransa Cənub-Şərqi Asiya ölkələrindən də vaz keçmiş deyil.
Bu günlərdə Fransa prezidenti Emmanuel Makron sözügedən regionda səfərdədir.
Bu səfər hələlik Makronun təyyarənin çıxışında həyat yoldaşından şillə yeməsi ilə əlamətdardır, ancaq bu, onların şəxsi, ailədaxili məsələsidir. Əsas odur ki, Fransa Cənub-Şərqi Asiya ölkələri ilə münasibətini yeni müstəviyə keçirmək niyyətindədir.
Dünən Makron prezidentliyindən bəri ilk dəfə Vyetnama səfər edib, daha sonra İndoneziya və Sinqapura səfər edəcək. Səfərin məqsədi, Yelisey sarayının bildirdiyi kimi, onlarla ticarət, müdafiə və elmi-texniki müqavilələr bağlamaq yolu ilə Fransanın Hind-Sakit okean strategiyasını gücləndirməkdir.
Fransa Hind və Sakit okean regionunda coğrafi varlığa malikdir, onun xaricdəki ərazilərinə, icmalarına və departamentlərinə nəzarət edir. Fransanın öz Hind-Sakit okean strategiyasını rəsmiləşdirən ilk Avropa ölkəsi olması təəccüblü deyil. Hələ 2018-ci ildə Makron Parisin Hind-Sakit okean regionunda siyasətinin çərçivəsini açıqlayıb: mübahisələrin dialoq və çoxtərəfli münasibətlər vasitəsilə həlli, dəniz təhlükəsizliyinə töhfə vermək, dövlətlərin suverenliyini dəstəkləmək və iqlim dəyişikliyi ilə mübarizə.
Fransa həm də öz hərbi qüvvələrini Hind və Sakit okean regionunda daimi olaraq yerləşdirən yeganə Avropa İttifaql ölkəsidir. 2025-ci ilin əvvəlində Fransız aviadaşıyıcılarının hücum qrupu Cənubi Çin dənizinə yerləşdirilib.
Bu regionu Parisdə "ABŞ və Çin arasında sıxışdırılmış bölgə" sayırlar: Vaşinqton tariflərlə bu regiona "ifrat təzyiq" edir, Pekin isə müntəzəm olaraq ərazi mübahisələrinə start verir.
Makronun sözlərinə görə, Hind-Sakit okean regionunun bir çox ölkələri ABŞ və Çin arasında seçim qarşısında qalmaq istəmir və buna görə də Paris iki əks güc mərkəzindən bərabər məsafədə etibarlı tərəfdaşlıq qurmağın yollarını axtarmalıdır. Makron ölkəsini “tərəflərə hörmət edən etibarlı tərəfdaş” kimi təqdim etmək niyyətindədir. "700 milyon əhalisi olan bu region bu gün qlobal ÜDM-in 4,5%-ni təşkil edir və iqtisadi baxımdan ən dinamik olaraq qalır", - Yelisey sarayının bəyanatında deyilir.
Makron sözügedən ölkələrə ciddi rəqabət yaratmaq, öz məhsulları ilə onları, xüsusilə də ABŞ-ni regionda sıxışdırmaq fikrindədir.
Məlumata görə, dünən Hanoyda Fransa və Vyetnam arasında müdafiə, nüvə enerjisi və ticarət sahələri üzrə ümumilikdə 9 milyard avro dəyərində saziş və müqavilələr imzalanıb.
Makronun sözlərinə görə, Paris və Hanoy arasında “suveren tərəfdaşlıq” Fransanın Hind-Sakit okean strategiyasının mərkəzi oxuna çevrilə bilər. Buna Fransanın Vyetnamın şimalındakı Hanoyu cənubdakı Ho Şi Min şəhəri ilə birləşdirəcək sürətli qatarların tikintisi layihəsində iştirakı kömək edəcək. Layihə 67 milyard dollar dəyərində qiymətləndirilir və gələcək illərdə infrastruktur sektorunda ən böyük layihə olacağını vəd edir.
Yeri gəlmişkən, qeyd edək ki, Makronun bir neçə il öncə “erməni məsələsi”ni bəhanə edərək Azərbaycana təzyiqinin altında məhz ölkəmizin dəmiryol sistemində böyük pay sahibi olmaq arzusu dururdu. Paris hesab edirdi ki, Bakı dəmiryola nəzarəti Fransaya verməlidir. Belə bir qeyri-rəsmi, özəl məlumat vardı.
Ancaq dövlət mənafeyi və maraqlarının önəminə baxın ki, Fransa onun naminə vaxtilə Vyetnama qarşı törətdiyi hərbi cinayətləri etiraf edir. Makron Hanoyda fransız müstəmləkəçilərinə qarşı mübarizə aparan vyetnamlıların xatirəsini ehtiramla yad edib. Əcəb işdir: dünən xalqı qırıblar, bu gün məzarlarına gül qoyurlar. (O biri imperiyaların varisləri də elə edir).
Təyyarənin çıxışındakı vaqiənin (şillə məsələsi) videokadrlara düşməsi və bütün dünyada yayılması barədə danışan Makron deyib ki, o və Bricit sadəcə zarafat ediblər. "Biz həyat yoldaşımla həqiqətən zarafatlaşırdıq”.
Ola bilər, bu, doğrudan da zarafatdır. Ancaq Fransanın Cənub-Şərqi Aasiya ölkələrindən yararlanmaq, onlardan qazanmaq, onları nüfuz dairəsində saxlamaq niyyəti zarafat deyil.
Araz Altaylı, Musavat.com
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ