İnsanlara hürriyət, millətlərə istiqlal!

Manyak boğmasa həvəsini, kəsəcəklər nəfəsini

Qırğız qardaşlarımız ölüm hökmünün bərpasına dair təşəbbüs qaldırıblar. Onlar da bizim kimi, o vaxt. SSRİ dağılanda və Avropa standartları postsovet ölkələrinə varid olanda küyə gedərək ölüm hökmünə qalıcı moratorium qoyubmuşlar.

İndi qardaşlar görürlər ki, yox, edamsız əmələ gəlmir, türmələrdə bir sürü ölməli qırışmal var, əllərini-qollarını salllaya-sallaya gəzir, dünyanın oksigenini, ölkənin qida resursunu tükədirlər.

Bu şəxslər əsasən azyaşlı uşaqları, qadınları zorlayıb öldürənlərdir. Qırğızıstanda bərpa olunması gözlənilən edam cəzası sırf onları vuracaq. Yoxsa hökumət narkotik alverçilərini (Filippinin keçmiş prezidenti Dutertenin etdiyi kimi), kafirləri və molladöyənləri (İrandakı tək), ağ adamları qətlə yetirənləri (ABŞ-dakı kimi), korrupsionerləri (Çin kim) edam etmək niyyətində deyil. Hər halda, belə deyirlər. Heç terrorçuları da dar ağacına salam verməyə, hal-əhval tutmağa aparmayacaqlar. Amma zorlama və qətl (ikisini eyni vaxtda) törədənlərin gözünün yaşına baxmayacaqlar.

Qırğızıstanın prezidenti Sadır Japarov bu barədə danışarkən deyib ki, artıq türmələr əvvəlki kimi qorxunc deyil. “Əvvəllər məhbuslar ailələrinin və yaxınlarının göndərdiyi yeməyə, geyimə və pula möhtac idilər. İndi isə həbsxanada belə pullar toplayır, cinayətkar aləmin gücünü saxlayırlar”.

Sadır bəy düz deyir. Türmə artıq qorxulu yer deyil. Elə öz ölkəmizdən götürək. Xeyli gənc və yeniyetmə var ki, özlərini indidən türmə həyatına hazırlayırlar. Onlar yekələndə, bazburutlu olanda “kişi maddələri” ilə həbsxanaya düşmək, orada babat karyera qurmaq, türmədən “vor” və ya “avtoritet” kimi çıxaraq vəziyyətə baxmaq haqda düşünürlər. Gələcək canilərin tay-tuşları universitetə necə hazırlaşırlarsa, bunlar da türməyə elə hazırlaşır. Başqa söhbətləri də yoxdur: “ev aparmaq”, “hesaba oturtmaq”, “qrev göndərmək”, “yaxşı, düzgün oğlan olmaq”, “oğru ideyasına sadiq qalmaq” və s. və i.a.

Ona görə də qırğız qardaşlar hesab edir ki, edam hökmünün bərpası canilərin hamısını olmasa da, heç olmasa qatil manyaklar üçün çəkindirici amil olar. Olmasa belə, hər halda saylarında azalma prosesi gedər.

Qırğız deputatların belə amansız olmasının səbəbi bu yaxınlarda 17 yaşlı qızın İssıkkul vilayətində zorlanaraq öldürülməsi olub. Ancaq edam haqqında qanun parlamentdə qəbul olunsa, yəqin ki, həmin manyaka tətbiq olunmayacaq – qanunun geriyə qüvvəsi olmadığına görə. Sadəcə, ondan sonrakı manyaklar bədbəxt olacaqlar. Həvəsini boğa bilməyən manyakın nəfəsini kəsəcəklər.

Bu yerdə fanatik humanistlər vay-nöfsə qoparacaq ki, ah, necə də qəddar qanundur, geriyə getməkdir, İsveçdə elə, Norveçdə belə deyil-zad.

Guya indi İsveçdə, Norveçdə, eləcə də Avropa ölkələrində seksual manyakları, qəddar qatilləri edam etmirlər, düz edirlər? O vaxt Anders Foq Breyvik Norveçin Utoya adasında 70-i yeniyetmə olmaqla 77 günahsız insanı qırdı, amma indi özü üçulduzlu otelə oxşayan həbsxanada istirahət edir, naharı 1 dəqiqə geciksə, nəzarətçi üzünə acıqlı baxsa, insan haqları təşkilatlarını dəvət edir ki, hüquqları pozulub.

Beləsini ABŞ-də yaşadardılarmı? Əsla! Ağlada-ağlada mühakimə edər, sonra da ya elektrik kreslosunda titrədərdilər, ya da damarına bir kub zəhər yeridərdilər, söhbət bitərdi.

Bizimkilərin edam məsələsinə münasibəti haçalıdır. Əzizləri amansızcasına öldürülmüş şəxslər həmişə məhkəmədə qatilə edam hökmü verilməsini tələb edirlər, amma qatilin qohum-əqrəbası nəinki 15 il həbs cəzasına, heç 10 illik cəzaya da razı olmurlar, apelyasiya şikayəti verirlər. Elə ki, qətlə yetirilmiş kişinin oğlu bir gün “qan davası” prinsipi ilə bunlardan birini tələf edir, o zaman dünənki “humanistlər” məhkəmədə gənc qatilə ölüm cəzası istəyirlər.

Fanatik humanistlərimiz də elədir. Onlar “mənə dəyməyən qurd yüz il yaşasın” prinsipinə sadiqdirlər. Sadəcə, “qurd” gərək axıra qədər onlara dəyməsin, dəydisə, onlar “qurd”un gününü qara edəcək, ölümünü istəyəcəklər.

Keçən il Bakıda Əhməd adlı qatil 5 əzizini bir gündə öldürdüyü zaman cəmiyyət necə şoka giirmişdisə, əksəriyyət deyirdi, edam hökmünün bərpası labüddür. Sonra o söhbət unuduldu. Ancaq qulaqlara qurğuşun, ölkədə yenə o cür qətliam baş versə, biz də qırğızlar kimi edəcəyik.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR