Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Venesuela ilə bütün diplomatik əlaqələri dayandırmağı əmr edib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən “The New York Times” və “Reuters” məlumat yayıb.
KİV-in məlumatına görə, ABŞ-nin xüsusi nümayəndəsi Riçard Qrenell Venesuela prezidenti Nikolas Maduro və digər rəsmilərlə danışıqlara rəhbərlik edib. Oktyabrın 2-də Tramp ona zəng edərək bildirib ki, Karakasla bütün təmaslar, o cümlədən Maduro ilə danışıqlar dayandırılmalıdır.
“The New York Times” yazır ki, administrasiya artıq münaqişənin gərginləşəcəyi təqdirdə bir neçə hərbi ssenari hazırlayıb. Bu planlara Maduronun hakimiyyətdən uzaqlaşdırılması əməliyyatları daxil ola bilər.
Ağ Evin sözçüsü bildirib ki, Tramp ABŞ-a narkotik vasitələrin daşınmasını dayandırmaq üçün “Amerikanın bütün səlahiyyətlərindən” istifadə etməyə hazırdır. O, həmçinin vurğulayıb ki, prezident Maduroya Vaşinqtonun narkotik ticarətinə son qoymaq niyyətində olduğunu açıq şəkildə bildirib.
2025-ci ilin sentyabrından ABŞ hərbçiləri Venesuela gəmilərinə raket zərbələri endirir. Ən son zərbələrdən biri oktyabrın əvvəlində baş verib. Maduro ABŞ-ın hərəkətlərini “düşmən mühasirəsi” adlandırıb və Trampı Latın Amerikasında rejim dəyişikliyinə cəhddə ittiham edib.
Bundan əvvəl Venesuela prezidenti Trampa məktub göndərərək narkotik alveri ilə bağlı ittihamları rədd edib və Qrenell vasitəsilə danışıqları davam etdirməyi təklif edib.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ