İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskdan Trampa dəhşətli zərbə - kimsə bu açıqlamanı gözləmirdi

Musavat.com xəbər verir ki, Tesla və SpaceX-in rəhbəri Elon Mask ABŞ Prezidenti Donald Trampın şəffaflığı və etibarlılığı ilə bağlı sərt açıqlama verib. Mask bildirib ki, insanlar Trampa necə güvənə bilərlər ki, o, Jeffrey Epstein işi ilə bağlı sənədləri ictimaiyyətə açıqlamaqdan imtina edir.

Bu bəyanat Trampın Epstein işi üzrə bəzi materialları məxfi saxlaması fonunda səslənib və ABŞ ictimaiyyətində böyük rezonans doğurub.

Jeffrey Epstein işi ABŞ-da son onilliklərin ən böyük hüquqi və sosial qalmaqallarından biri kimi yadda qalıb. Amerikalı milyarder və maliyyəçi Jeffrey Epstein azyaşlı qızları fahişəliyə cəlb etmək və insan alveri təşkil etməkdə ittiham olunurdu. Onun bu fəaliyyətində zəngin və nüfuzlu şəxslərlə əlaqələri dəfələrlə gündəmə gəlib. Epstein 2019-cu ilin iyulunda həbs olunmuş, avqustda isə həbsxanada özünü asaraq intihar etmişdi. Lakin onun ölümü ətrafında şübhələr bitmək bilmədi və bir çoxları bunun qurama olduğunu iddia etdi.

Epstein işi yalnız ABŞ daxilində deyil, beynəlxalq miqyasda da ciddi səs-küy doğurmuşdu. Çünki ittiham aktlarında adı hallanan şəxslər sırasında yüksək rütbəli siyasətçilər, iş adamları və ictimai xadimlər yer alırdı. Onların arasında Tramp da var idi. Məlumdur ki, Tramp illər öncə Epstein ilə müxtəlif özəl məclislərdə bir neçə dəfə görüntülənmişdi və aralarındakı münasibət barədə mətbuatda çoxsaylı materiallar dərc olunmuşdu. 

5818f2f1-9c5b-4b1b-80b7-ffdba92cfa84.jpeg (16 KB)

Jeffrey Epstein və Tramp

Elon Maskın bu mövzuda sərt çıxışı Tramp administrasiyasının Epstein işi ilə bağlı sənədləri niyə məxfi saxladığına dair yeni suallar yaradıb. Mask Trampın adının həmin sənədlərdə keçdiyini iddia edərək məhz bu səbəbdən onların açıqlanmadığını irəli sürüb. ABŞ-da həm media, həm də bir sıra siyasətçilər artıq uzun müddətdir Epstein işi üzrə sənədlərin tam açıqlanmasını tələb edirlər. ABŞ Nümayəndələr Palatasındakı demokratlar isə yaxın günlərdə məsələni daha da gündəmə gətirərək hökumətdən şəffaflıq tələb etməyə hazırlaşırlar.

Tramp tərəfdarları isə Elon Maskın açıqlamalarını əsasız və siyasi motivli sayır, bunun prezidentə qarşı qəsdən aparılan yeni kampaniya olduğunu bildirirlər.

Jeffrey Epstein işi ilə bağlı sənədlərin nə vaxt və hansı formada ictimaiyyətə təqdim olunacağı hələlik məlum deyil. Amma Maskın bu sərt bəyanatından sonra məsələ ətrafında təzyiqlərin daha da artacağı gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR