Onlayn ictimai-siyasi qəzet
“Bakı 8 saylı Mediasiya təşkilatı fəaliyyət göstərdiyi ilk gündən öz fəallığı ilə seçilib. Barışıq sazişlərimizin sayına əsasən, ölkə üzrə öndə olan mediasiya təşkilatı hesab olunuruq. Təşkilatımıza daxil olan müraciətlərin sayına, keyfiyyətli barışıq sazişlərinin tərtibatına və uğurlu nəticələrə görə ilk sırada yer alırıq. Bunu hər rüb mediasiya sayəsində ictimayətə paylaşılan statistik göstəricilərimiz də sübut edir. Bizə təkcə vətəndaşlar və hüquqi şəxslər deyil, onların nümayəndələri və vəkilləri də müraciət edir. Ona görə də çalışırıq ki, öz işimizi maksimum keyfiyyətli və operativ şəkildə yerinə yetirək”.
Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhmədin e-huquq.az-a müsahibəsini təqdim edirik:
- Mayıl müəllim, ilk növbədə təşkilatın fəaliyyəti barədə oxucularımıza qısa məlumat verərdiniz...
- Respublika üzrə mediasiya institutu öz başlanğıcını cənab Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından götürür. Həmin fərmanda ölkəmizdə məhkəmələrə alternativ institutların yaradılması, mübahisələrin məhkəməyəqədər həllinin alternativ üsullarının təkmilləşdirilməsi o cümlədən mediasiya və arbitrajla bağlı bir sıra məsələlər öz əksini tapmışdır. Bu istiqamətdə növbəti mühüm addım kimi, 2019-cu ildə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi və bu qanun 2021-ci ilin iyul ayından etibarən tətbiq olunmağa başladı. Qanunda mediasiyanın tətbiq dairəsi, məqsəd və prinsipləri, könüllülük və mediasiya tərəflərinin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi və qərəzsizliyi, mediasiya proseduruna müdaxilənin yolverilməzliyi və s. məsələlər əhatə olunmuşdur. Təsis edilən Bakı 8 saylı Mediasiya təşkilatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 30.12.2021-ci ildən dövlət qeydiyyatına alınsa da, Mediasiya Şurasındakı ictimai fəaliyyətimlə bağlı təşkilatımız faktiki olaraq 2022-ci ilin sentyabr ayından fəaliyyət göstərməyə başladı. Təşkilatın ilkin yurisdiksiyası Bakı şəhəri və Abşeron rayonunu əhatə edirdi. Lakin Abşeron rayonunda yeni bir təşkilatın yaradılması ilə hazırda yalnız Bakı şəhəri üzrə fəaliyyət göstəririk. Bu müddətdə Azərbaycan Respublikasına rəsmi səfərlər edən bir neçə xarici dövlətlərin hakimlərdən, prokurorluq və ədliyyə işçilərindən ibarət olan nümayəndə heyəti üzvləri təşkilatımızada qonaq olmuş uğurlu təcrübəmizlə yerində tanış olmuşlar. Hazırda təşkilatımızda 15 mediator fəaliyyət göstərir. Bu məqsədlə sırf mediasiya xidmətlərinin göstərilməsinə yönələn 4 otaqdan ibarət geniş və tam şaraitli ofislə təmin edilmişik ki, bu həm vətəndaşların konfidensial şəraitdə xidmət almalarına, habelə mediatorlarımıza ilkin və tam mediasiya sessiyalarını rahat şəkildə həyata keçirməyə imkan yaradır. Tərəflər bəzən mübahisələrinə məhz qadın mediatorun baxmasını arzu edir ki, bu səbəbdən də gender bərabərliyi prinsipi qorunur və təşkilatda çalışan mediatorlarımızın yarısı qadınlardan ibarətdir. Mediatorlarımız peşəkar mütəxəssislərdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, hüquqşünaslarla yanaşı, digər ixtisas sahibləri də mediator ola bilərlər. Təşkilatımızda həm hüquqşünaslar, həm də digər peşə sahibləri olan şəxslər mediator kimi fəaliyyət göstərirlər. Bu müxtəliflik onların işinə daha çevik və keyfiyyətli yanaşmalar sərgiləməsinə imkan yaradır. Əsas məqsədimiz göstərdiyimiz xidmətlə vətəndaş məmnunluğunu təmin etməkdir. Qanunun tələblərinə uyğun olaraq, mediatorlarımız əmək, ailə, kommersiya və mülki mübahisələr üzrə daxil olan müraciətlərə baxırlar. Əmək və ailə mübahisələri üzrə mediasiya məcburidir, çünki dövlət siyasəti bu sahədə mediasiyanı ilkin mərhələ kimi nəzərdə tutur. Yəni, bu kateqoriyaya aid olan işlər məhkəməyə getməzdən əvvəl mütləq mediasiya mərhələsindən keçməlidir. Kommersiya və mülki işlər üzrə isə tərəflərin mediasiyaya könüllü müraciəti və ya aralarında bağladıqları müqavilələrdə mediasiya barədə qeyd-şərt olduğu hallarda aparılır. Biz daim çalışırıq ki, müraciətləri vaxtında qeydiyyata alaq, bu müraciətləri mediatorlara bərabər şəkildə yönəldək, mediasiya sessiyasını gecikdirmədən təşkil edək. Hər həftə təyin edilən işlərin cədvəlini, gündəlik uğurlu nəticələrimizi və hər ayın sonunda aylıq hesabatı təşkilatın whotsapp qrupunda mediatorlar arasında obyektiv şəkildə paylaşmaqla, bütün mediatorları öz işlərinə daha məsuliyyətli yanaşmağa və barışıq sazişləri bağlamağa motivasiya edirik. Tərəflərə təyin olunmuş iclaslar barədə məlumatlar həm “Azərpoçt” MMC vasitəsilə, həm SMS bildirişlər, həm də VÖEN-ə bağlı onlayn kargüzarlıq platforması üzərindən aparılır. Bununla da əksər hallarda, mediasiya sessiyasında hər iki tərəfin iştirakı təmin olunur. Çünki hər iki tərəflərin iştirakı uğurlu mediasiya prosesinin əsas şərti olmaqla, qarşılıqlı razılıq əsasında barışıq sazişinin bağlanmasına zəmin yaradır. Əgər mediasiya sessiyasında tərəflərdən biri iştirak etməzsə, bu halda iştirak edən tərəfə arayış verilir və tərəf işin davamı üçün məhkəməyə müraciət etməli olur.
- Təşkilatınız fəaliyyətə başladığı gündən indiyə qədər neçə işə baxıb? Bu işlərin təxminən neçə faizi uğurla nəticələnib?
- 2022-ci ilin sentyabt-dekabr aylarında 365 iş daxil olmuşdur ki, 62 iş üzrə isə barışıq sazişi bağlanmışdır. 56 iş üzrə tərəflər öz aralarında mübahisəni həll etdiklərinə görə mediasiya prosesi davam etdirilməyib işə xitam verilib.
- 2023-cü il ərzində təşkilatımıza bütün kateqoriyalar üzrə 2765 iş daxil olub. Bu işlərin 646 barışıq sazişi ilə nəticələnib, 401 işə isə xitam verilib. Xitam verilən hallarda tərəflər öz aralarında mübahisəni həll etdiklərinə görə mediasiya prosesi davam etdirilməyib. 1267 iş üzrə tərəflərdin yalnız biri iştirak etdiyindən arayış verilmişdir. 451 iş üzrə tərəflər hər iki iştirak etsə də tam mediasiya sessiyasına getməkdən imtina etmişlər.
- 2024-cü il ərzində təşkilatımıza bütün kateqoriyalar üzrə 2871 iş daxil olub. Bu işlərin 749 barışıq sazişi ilə nəticələnib, 459 işə isə xitam verilib. Xitam verilən hallarda tərəflər öz aralarında mübahisəni həll etdiklərinə görə mediasiya prosesi davam etdirilməyib. Təxminən 1229 iş üzrə isə yalnız bir tərəf iştirak edib, 451 iş üzrə tərəflər hər iki iştirak etsə də tam mediasiya sessiyasına getməkdən imtina etmişlər. Bu səbəbdən də bu işlə üzrə barışıq sazişinin əldə olunması mümkün olmayıb. Statistikaya nəzər yetirdikdə, ötən il Bakı şəhəri üzrə bağlanan barışıq sazişlərinin 23 faizi bizim təşkilatın payına düşüb. Bununla yanaşı, təşkilatımıza daxil olan və hər iki tərəfin iştirak etdiyi işlərin 63 faizi barışıq sazişi ilə yekunlaşıb. Bu da mediasiya prosesinin effektivliyinin və mediatorlarımızın peşəkarlığının göstəricisidir.
- 2025-ci ilin 1-ci rübü ərzində təşkilatımıza bütün kateqoriyalar üzrə 594 iş daxil olub. Bu işlərdən 141-i barışıq sazişi ilə nəticələnib, 103 işə isə xitam verilib. Xitam verilən hallarda tərəflər öz aralarında mübahisəni həll etdiklərinə görə mediasiya prosesi davam etdirilməyib. Təxminən 262 iş üzrə isə yalnız bir tərəf iştirak edib, 88 iş üzrə tərəflər hər iki iştirak etsə də tam mediasiya sessiyasına getməkdən imtina ediblər.
- Bakı 8 saylı mediasiya təşkilatına ən çox hansı növ mübahisələrlə bağlı müraciət olunur?
- Təşkilatımıza daxil olan müraciətlərin böyük əksəriyyəti ailə mübahisələri ilə bağlıdır. İkinci yerdə isə əmək mübahisələri dayanır. Bununla yanaşı, könüllü şəkildə kifayət qədər kommersiya və mülki xarakterli mübahisələr üzrə də müraciətlər daxil olur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da ailə institutunda müəyyən tərəddüdlər müşahidə olunur. Müxtəlif səbəblərdən insanlar şəxsi münasibətlərini tənzimləyə bilmir və nəticədə boşanma hallarına daha çox rast gəlinir. Bu səbəbdən ailə mübahisələri mediasiya işlərinin böyük hissəsini təşkil edir. Həmçinin əmək mübahisələri üzrə də xeyli sayda müraciətlər qəbul edirik. Bu sahədə fəaliyyətimizin daha səmərəli təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əməkdaşlıq edirik. Belə ki, mediasiya sessiyasında əmək mübahisələri üzrə tərəflər arasında mediatorun təsdiq etdiyi barışıq sazişi artıq icra edilməsi məqsədi ilə işəgötürən tərəflərindən rəsmi qaydada Dövlət Əmək Müfəttişliyi Xidmətinə yönəldilir və dövlət xidməti əməkdaşları tərəfindən elektron informasiya sistemində qısa zamanda zəruri dəyişikliklər icra edilir. Bunun sayəsində tərəflərin əmək mübahisələrinin həllində mediasiya institutuna inamı günü gündən artmaqdadır.
- Mediasiya nədir və onun məhkəmə proseslərindən əsas fərqləri nələrdir?
- Mediasiya ilə məhkəmə arasındakı əsas fərq ondan ibarətdir ki, məhkəmədə qərar verən şəxs hakimin özüdür, tərəflər isə çəkişmə prinsipi əsasında öz arqumentlərini və tələblərini sübut etməyə çalışırlar. Mediasiyada isə mediator qərar verən şəxs deyil. Burada qərarı tərəflərin özləri qəbul edir, mediator isə yalnız vasitəçi rolunu oynayır. O, tərəflərin bir-birinə yaxınlaşmasına, mübahisənin məhkəmədənkənar, qarşılıqlı razılıq əsasında həll olunmasına yardım göstərir. Məhkəmə prosesində adətən tərəflərdən biri udur, digəri isə uduzur. Uduzan tərəf bu qərarla razılaşmadıqda yuxarı instansiya məhkəməsinə müraciət edir. Eyni zamanda açıq məhkəmə prosesi olduğundan tərəflərin ailə, əmək və kommersiya sirlərinin kənara çıxması ehtimalı var. Mediasiyada isə konfidensiallıq şəraitində yalnız tərəflərin və onların nümayəndələrinin iştirakı ilə keçirilir və barışıq sazişi bağlandıqda hər iki tərəf udur. Eyni zamanda burada vətəndaşlar üçün işə baxılması müddətləri də əsas önəm daşıyır. Belə ki, işin xüsusiyyətindən aslı olaraq, məhkəmə prosesləri qətnamə çıxarılanadək bir neçə ay çəkdiyi halda, ilkin və tam mediasiya sessiyaları bir neçə saaat və ya bir neçə gün ərzində barışıq sazişi bağlanmaqla tamamlana bilir. Eyni zamanda barışıq sazişi bağlandıqdan sonra, tərəflərdən biri saziş üzrə öz üzərinə gördüyü öhdəliklərini yerinə yetirməzsə, bu zaman ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət edir və məhkəmə barışıq sazişinin qanuna zidd olmadığını yoxlamaqla 10 gün müddətində qətnamə çıxarır. Daha sonra bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün məhkəmə tərəfindən icraya yönəldilir və həmin məsələ icra icraatı qaydasında həll edilir.
- Azərbaycanda mediasiyaya maraq hansı səviyyədədir? İnsanlar bu mexanizmi yetərincə tanıyırmı?
- Biz artıq 4 ildir ki, fəaliyyət göstəririk. Lakin buna baxmayaraq, əhalinin bir qismi hələ də mediasiya haqqında kifayət qədər məlumata malik deyil. Eyni zamanda, mediasiya prosesinin üstünlüklərini tam dərk etməyən vətəndaşlar da az deyil. Məsələn, ABŞ-da mediasiya institutu 1947-ci ildən tərbiq olunur və artıq 78 ildir mövcuddur. Amma orada da ilk 20 il ərzində insanlar bu mexanizmin mahiyyətini tam anlamamışlar. Lakin bəzi kateqoriyalı işlərin məcburi mediasiyaya daxil edilməsi ilə vətəndaşlar bu sistemin real faydasını görməyə başladılar və rəsmi məlumatlara görə ABŞ-da mübahisələrin 95% mediasiya vasitəsi ilə həllini tapmaqdadır. Qardaş Türkiyə Respublikasında mediasiya institutu (arabuluculuk adlanır) 10 ildən artıqdır fəaliyyət göstərir və mübahisələrin kifayət qədər effekti həll yolu hesab edilir, Avropada isə bu ənənə 25 ildən çoxdur ki formalaşıb. Biz Azərbaycanda hələ bu sahədə çox yeni olsaq da, qısa müddətdə kifayət qədər işlər görmüşük. Bununla belə, əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyətlərin artırılmasına hələ də ciddi ehtiyac var.
- Bəzi hallarda mediasiya sadəcə “formal mərhələ” kimi qəbul olunur. Bu yanaşmanın qarşısını almaq üçün nə etmək lazımdır?
- Təəssüf ki, bəzən mübahisələrin qəsdən məhkəməyə yönəldilməsi halları ilə qarşılaşırıq. Bu cür yanaşma əsasən mübahisəni məhz məhkəmə çəkişməsi müstəvisinə çəkmək istəyən bəzi maraqlı şəxslər tərəfindən həyata keçirilir. Nəticədə isə zərər çəkən vətəndaş olur. Məsələn, ailə mübahisələrində nikahın pozulması ilə bağlı bir sıra altkateqoriyalı məsələlər – alimentin müəyyənləşdirilməsi, yetkinlik yaşına çatmayan uşağlarla ölkədən çıxışa məhdudiyyətin aradan qaldırılması, birgə nikah dövründə əldə olunan əmlak bölgüsü, qızıl-zinət əşyalarının tələbi, uşaqların kimin yanında qalacağı və digər valideynlə ünsiyyətdə olması kimi məsələlər mediasiya yolu ilə həll edilə bilər. Yalnız nikahın pozulması məsələsi hələ ki, imperativ normadır və bu məsələ məhkəmə qaydasında baxılır. Yuxarıda sadalanan digər məsələlərin mediasiyada həll olunması mümkündür və bu daha effektiv nəticələr verir. Təəssüf ki, bəzən vətəndaşları mediasiyadan çəkindirirlər. Bu isə məhkəmələrin iş yükünün artmasına səbəb olur. Halbuki Ali Məhkəmənin bu mübahisə növləri ilə bağlı bir sıra plenum qərarları artıq mövcuddur və bu qərarlar çərçivəsində vahid məhkəmə təcrübəsi formalaşıb. Yəni nəticələr çox vaxt əvvəlcədən məlum olur. Buna baxmayaraq, bəzi vətəndaşlar yenə də məhkəməyə yönləndirilir. Qeyd etmək lazımdır ki, mediasiya formallıq deyil mediasiya məhz reallıqdır. Eyni zamada ölkə başçısının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa edilən son dəyişiklikləri təsdiq etməsi, bu sahədə yol xəritəsi hesab edilən bir neçə fərmanlar imzalaması bu institutun dövlətin nəzarətində və dəstəyində olmasını təsdiq edir. Mən əminəm ki, zamanla mediasiya institutu daha da inkişaf edəcək və vətəndaşların daha geniş şəkildə marağına səbəb olacaq.
- Mediasiya prosesində tərəflərin razılığa gəlməməsi halları tez-tez baş verir?
- Mediasiya sessiyalarında tərəflərin bəzi tələblərlə bağlı razılığa gəlməməsi halları ilə də rastlaşırıq. Əgər hər iki tərəf mediasiya prosesində iştirak edirsə, mediator ilkin mediasiya sessiyasında bu institutun üstünlükləri və tərəflərə verə biləcəyi faydalar barədə tərəflərə geniş izahat verir. Məhkəmədən fərqli olaraq, mediasiyada tərəflər dəyirmi masa arxasında, konfidensial şəraitdə və ya aralarında gərginlik olduqda onlar ayrı ayrılıqda da dinlənilə bilər. Bu qayda qanunla tənzimlənir. Bəzən tərəflər məhkəmədə hakimə və ya yaxınlarına belə demədikləri məsələləri mediatorla bölüşürlər. Mediator bu zaman konfidensiallığı qoruyaraq və tərəfin razılığı ilə bu məlumatı qarşı tərəfin diqqətinə çatdırmaqla razılıq əldə olunmasına çalışır. Mediatorlar olaraq biz müxtəlif taktikalardan istifadə edərək tərəfləri uzlaşma nöqtəsinə gətirməyə çalışırıq. Lakin bəzən, məsələn, vətəndaş əvvəlcədən məhkəməyə yönləndirildikdə və ya qanunun mahiyyətini tam anlamadıqda, barışıqdan imtina edir. Bu halda, biz hər iki tərəfə arayış təqdim edirik və mediasiya sessiyası başa çatır.
- Ən çətin və yaddaqalan mediasiya işi hansıdır və necə nəticələndi?
- Fəaliyyətim dövründə mürəkkəb mediasiya işləri az olmayıb. Xüsusilə kommersiya xarakterli mübahisələr bu baxımdan daha çox çətinlik yaradan kateqoriyaya aiddir. Fərdi mediator kimi fəaliyyət göstərdiyim 2021-ci ildə icraatımda kommersiya sahəsinə aid mürəkkəb bir iş olmuşdu. Belə ki, bir şirkətin 3 təsisçisi arasında ciddi mübahisə yaranmışdı. Bu məsələ ilə bağlı əvvəlki mərhələdə məhkəmə prosesi 2-3 il davam etmişdi. Lakin nəhayət tərəflər məsələnin mediasiya yolu ilə həll olunmasına könüllü şəkildə qərar verdilər. Təxminən 5 gün ərzində bu iş üzrə mediasiya prosesi apardım. Hər bir tərəflə ayrılıqda görüşüb məsələni detallı şəkildə müzakirə etdim. Söhbət bir neçə milyon manat dəyərində dividentin və hüquqi şəxsin digər aktivlərinin bölünməsi məsələsindən gedirdi. Tərəflər kifayət qədər təcrübəli və savadlı şəxslər idi və hər birinin peşəkar vəkilləri var idi. Lakin hər tərəf öz mövqeyində israr edirdi və özünü haqlı hesab edirdi. Bu kommersiya mübahisəsi üzrə 5 gün ərzində apardığım mediasiya danışıqları nəticəsində tərəflər barışıq sazişi imzaladılar və göstərilən mediasiya xidmətindən özləri və onları təmsil edən vəkilləri çox məmnun qaldılar. İllərlə davam edən məhkəmə çəkişməsinə son qoyulmuşdur. Bu, mənim ilk və eyni zamanda ən yaddaqalan mediasiya işlərimdən biri oldu.
- Mediasiya haqqında qanunvericilik, sizcə, yetərincə işləkdir? Hansı boşluqlar mövcuddur?
- Hər bir qanun qəbul edildikdən sonra zamanla təkmilləşdirilir və ona müvafiq dəyişikliklər edilir. Mediasiya ilə bağlı da bu cür zəruri dəyişikliklər həyata keçirilib. Əvvəllər qüvvədə olan qanuna əsasən, bir tərəf mediasiyaya müraciət etməzdən əvvəl qarşı tərəfə təklif göndərməli və həmin tərəf təklifi qəbul edib-etmədiyinə dair 10 iş günü gözləməli idi. Bu isə bir sıra çətinliklər yaradırdı. Məsələn, tərəflərdən biri təklifi qəsdən qəbul etməkdən yayınırdı ki, proses geciksin. Nəticədə işin mediasiyaya verilməsi prosesi 1 aya yaxın vaxt aparırdı. Yaxın zamanlarda qanunvericiliyə edilən dəyişikliklərlə bu maneə aradan qaldırıldı. Artıq təklif göndərilməsi ilə bağlı şərt ləğv edilib və vətəndaşlar birbaşa mediasiya təşkilatına müraciət edərək işin dərhal icraata qəbul olunmasına nail ola bilirlər. Bu dəyişiklik prosesi daha çevik və vətəndaş üçün əlçatan edib. Digər önəmli məsələ isə mediator olmaq istəyən şəxslərlə bağlıdır. Əvvəllər bu sahəyə müraciət edənlər arasında vaxtilə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmuş və məhkumluğu ödənilmiş, intizam pozuntusuna yol verməklə dövlət qulluğundan uzaqlaşdırılan şəxslər də var idi. Qanun onların mediator olmasını birbaşa qadağan etmirdi. Lakin mediasiya prosesinin aparılması ictimai nüfuz tələb edən bir sahədir. Burada insanlar mediatora ailə, kommersiya, şəxsi və maliyyə sirləri ilə bağlı məlumatlarını bölüşməli olurlar. Ona görə də bu sahədə çalışan şəxs tam etibarlı və nüfuza malik olmalıdır. Bu hallar əsasən regionlarda və insanların bir birini daha yaxından tanıyan ərazilərdə hiss olunurdu. Bu cür halların mövcudluğu, bəzən vətəndaşlarda məyusluq doğururdu və ümumilikdə mediasiya institutunun imicinə xələl gətirirdi. Son qanun dəyişikliyinə əsasən, artıq bir çox peşələr üzrə vəzifəsindən inzibati tədbirlərlə bağlı uzaqlaşdırılan şəxslərin mediator olması və mediator xidmətləri göstərməsi qadağan olunub. Bu, çox önəmli bir addımdır. Lakin praktik mediator olaraq hesab edirəm ki, mediasiya institutunun inkişafı naminə qanunvericiliyə hələ də bəzi dəyişikliklərin edilməsi və əlavələrin aparılmasına zərurət vardır.
- Dövlət qurumları və məhkəmələrin mediasiyaya münasibəti necədir?
- Mən 10 il dövlət qulluqçusu kimi məhkəmə hakimiyyətində çalışmışam və kifayət qədər hakim, vəkil və icra məmuru vəzifəsində çalışan dostlar qazanmışam. Lakin bu dostluq münasibətləri maraq toqquşmasına deyil, məhz mediasiya institutunun üstünlüklərinin daha böyük auditoriyaya yaxından çatdırılmasına, praktikada rastlaşdığımız çətinliklərin həlli istiqamətində qarşılıqlı təmasın qurulmasına yönəlmişdir. Hazırda mediasiya institutu Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq etməyə çalışır və bu münasibətlər biz mediatorlar üçün böyük əhəmiyyət daşıyır. Bu çərçivədə Məhkəmə-Hüquq Şurası və Ədliyyə Akademiyasının dəstəyi ilə hakimlərlə mediatorların mütəmadi vebinar görüşlər təşkil olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda “məhkəmə mediasiyası” adlanan ayrıca bölmə də mövcuddur. Həmin bölmədə göstərilir ki, məhkəmə prosesinin istənilən mərhələsində, məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Hakimin fəaliyyətinin qiymətləndirilməsi zamanı mediasiyaya yönəldilən işlərin sayı nəzərə alınır. Yəni işlərin mediasiyaya yönəldilməsi hakimin fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınan müsbət göstəricilərdən biri sayılır. Bu yanaşma, Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarında da öz təsdiqini tapıb. Qiymətləndirmə şkalasında, hakimlərin mediasiyaya yönləndirdikləri işlərin sayı və keyfiyyəti ayrıca kriteriya kimi qiymətləndirilir. Bu yanaşma, məhkəmə hakimiyyəti ilə mediasiya institutu arasında olan əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir.
- Hakimlər və hüquqşünaslar arasında mediasiyaya maraq və inam hansı səviyyədədir?
- Nəzərinizə çatdırım ki, Mediasiya Şurasının həmtəsisçiləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasıdır. Mediasiya institutu yarandığı ilk dövrdə mediatorların təxminən 100 nəfəri Vəkillər Kollegiyasının üzvləri idi. Bu gün də həmkarlarım olan digər mediasiya təşkilatlarının direktorlarının bir çoxu, eyni zamanda Vəkillər Kollegiyasının üzvləridir və bu proseslərə həm mediasiya təlimçisi, mediator və təşkilat rəhbəri kimi ciddi töhfə verirlər. Aktiv fəaliyyət göstərən mediatorların yarıdan çoxu hüquqşünaslardan ibarət idi. Bu gün də bu tendensiya davam edir. Mediator olmaq üçün baza təlimlərinə çəlb olunmaqdan ötrü Azərbaycan Respublikasının Ədliyyə Akademiyasına kifayət qədər hüquqşünas müraciət edir. Hazırda elə vəkillər var ki, müntəzəm olaraq bizim təşkilatla əməkdaşlıq edir, əlaqə saxlayırlar. Onlar vaxta qənaət etmək və daha çox insanlara xidmət göstərmələri içün icraatlarında olan bəzi işləri məhz mediasiya yolu ilə tamamlamağa üstünlük verirlər. Təşkilatımıza gələn hüquqşünas və vəkillərin davranışlarında bu instituta olan inam aydın şəkildə hiss olunur. Onlar mediatorlara güvənərək, hüquqlarını müdafiə etdikləri şəxsləri barışıq sazişi bağlamağa təşviq edirlər. Misal üçün 21 aprel 2025-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə xanım Miriyeva icraatında olan və bir ildən artıq müddətdə davam edən mürəkkəb əmək mübahisəsi hakimin təşəbbüsü və tərəflərin vəkillərinin razılığı ilə mediasiyaya yönəldilib. Bakı 8 saylı Mediasiya təşkilatında mübahisə tərəflərini vəkillər – Aysel Yusif qızı Məhərrəmova və Turqay Ariz oğlu Babayev təmsil edib. Tərəflərin razılığı əsasında “Barışıq sazişi” bağlanıb və əmək mübahisəsi məhkəmədən kənar qaydada tez bir zamanda, qarşılıqlı razılaşma əsasında uğurla həll edilib.
- Gələcəkdə mediasiyanın inkişafı üçün hansı layihələri və təşəbbüsləri planlaşdırırsınız?
- Hazırda Bakı 8 saylı Mediasiya təşkilat olaraq kifayət qədər aktiv fəaliyyət göstəririk. Əsas hədəfimiz mediasiya institutunu daha geniş kütləyə tanıtmaqdır. Bu məqsədlə biz vətəndaşların maarifləndirilməsinə, onları mediasiyaya cəlb etməyə və mübahisələrin məhz məhkəmədənkənar, qarşılıqlı razılıq yolu ilə həll olunmasının təşviqinə xüsusi önəm veririk. Fəaliyyətimiz çərçivəsində müxtəlif layihələr həyata keçiririk, o cümlədən mediatorlarla regionlara səfərlər edir, ictimaiyyətlə birbaşa təmasda olmaqla, marketinqimizi aparırıq. Təşkilat olaraq uğurlu mediasiya prosesləri ilə vətəndaş məmnunluğunu təmin etmək bizim əsas prioritetimizdir. Bu prinsip fəaliyyətimizin əsasını təşkil edir. Eyni zamanda mətbuatda və televiziya kanallarında da maarifləndirmə işləri aparırıq. Özümə gəldikdə isə Azərbaycan Respublikasında mediasiyanın təbliği ilə bağlı çoxsaylı yerli və beynəlxal vebinarlarda, iclaslarda məruzəçi kimi iştirak və çıxışlar etmişəm. Azərbaycan Respublikasının Ədliyyə Akademiyasında mediasiya təlimçisiyəm, 2022 - 2025-ci illər ərzində Mediasiya Şurasının İntizam komissyasını üzvü və sədri kimi fəaliyyət göstərmişəm. Bu sahədə beynəlxalq təcrübənin yerində öyrənilməsi məqsədi ilə Belarus Respublikasında keçirilən səfərlərdə nümayəndə heyətinin sədri, Türkiyyə Respublikası, Qazaxstan Respublikası, Özbəkistan Respublikası, Qırğızıstan Respublikasında keçirilən səfərlərdə isə nümayəndə heyətinin üzvü qismində təmsil olunmuşam. Mediasiya sahəsində nəşr olunan bir neçə kitabda rəyçi qismində çıxış etmişəm və hazırda öz kitabım üzərində işləyirəm. Gələcəkdə bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirmək və mediasiyanın inkişafına daha güclü şəkildə dəstək vermək niyyətindəyik.
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ