Onlayn ictimai-siyasi qəzet
Şabranlı sahibkar Mansur İbrahimov Azərbaycan məhkəmələrində üzləşdiyi süründürməçilikdən şikayətçidir. O, illərdir ki, keçmiş deputat İlham Əliyev tərəfindən qəsb olunmuş hektarlarla meyvə bağlarını geri qaytarmaq üçün məhkəmə davalarında tərəf olmaq məcburiyyəti ilə üz-üzədir.
Sahibkar Musavat.com-a deyib ki, qarşı tərəfin məhkəmələrin uzanmasına yol açan əsassız iddialarının mahiyyətini yaxşı başa düşür. Bilir ki, eks deputat əsassız iddia, vəsatət verməklə vaxt uzadır, vaxt uzandıqca, illər ötdükcə ona məxsus bağların meyvəsini yığdırıb satır. Meyvə satışından milyonlarla manat vəsait əldə olunur və həmin vəsaitlərin bir qismi əsassız məhkəmə iddialarına sərf olunur: “Kürəkənin etdiklərinin mahiyyəti mənə aydındır. Amma məhkəmə sisteminin buna rəvac verməsinin səbəbini anlaya bilmirəm. Qarşı tərəf, qeyd etdiyim kimi illərdir ki, əsassızlığının sübuta ehtiyacı olmayan iddialarla məhkəmələrə müraciətlər edir. Məhkəmələr isə həmin müraciətləri gözləyirmiş kimi davranır, əsassız şikayəti icraata götürür, aylarla vaxt ötürür, nəticədə şikayətin əsassız olması barədə qərar verirlər. Bu minvalla il ötür, bağlarımda meyvə yetişir, qarşı tərəf də yığıb satır, pulu da cibinə qoyur. Azərbaycan məhkəməsi bu adamlar üçün bağlarımın meyvəsini toplayıb satmağa yol açan bir vasitəyə çevrilib. İş yeni baxışa təyin olunur və yeni bir bəhanə ilə şikayət verilir. Düz 5-ci dəfədir ki, İlham Əliyevin şikayətinə bu şəkildə baxılır. Növbəti məhkəmə iclası mayın 30-na, Sumqayıt məhkəməsinə təyin olunub. Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova 10-cu dəfə müraciət edirəm, xahiş edirəm ki, mənim işim nəzarətə götürülsün, qarşı tərəfin əsassız, qanundan sui-istifadə ilə verilən iddialarına baxılması nəhayət ki, dayandırılsın! Məhkəməyə müraciət hüququndan sui-istifadə ilə verilən şikayətlərinə son verilsin”.
Mansur İbrahimov qeyd edir ki, eks deputat 04.07.2024-cü ildə Sumqayıt Məhkəməsinə müraciət edərək onun “Turaz” şirkətinə və Şabran Bələdiyyəsinə qarşı iddia ilə çıxış edib:
“Tələbi də bu oldu ki, bələdiyyə ilə şirkətim arasında bağlanmış torpaqların alqı-satqı müqaviləsi ləğv olunsun. Sumqayıt Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə şikayətə baxıldı və əsassız olduğundan rədd edildi. Bundan sonra qarşı tərəf Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etdi. Bu dəfə də şikayəti təmin olunmadı, yenidən birinci instansiyaya qaytarıldı. Onun şikayəti yenə də rədd olundu”.
Mansur İbrahimov deyib ki, 6 il əvvəl zəbt olunmuş bağlarının, “Turaz “ və“Dostluq“ adlı şirkətlərinin zəbtdən azad edilməsi üçün Şabran rayon Məhkəməsinə müraciət edib: “Məhkəmə xeyrimə qərar versə də, qarşı tərəf olan İlham Əlisəftər oğlu Əliyevin şikayət vermə hüququndan sui-istifadəsi nəticəsində bu günə qədər bağlarım zəbtdədir, məhkəmələrin isə sonu görünmür. Ona görə də Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova dəfələrlə müraciətlər edərək məsələni nəzarətə götürülməsini xahiş etmişəm. İzah etmişəm ki, İlham Əliyev qayınatası Ramiz Mehdiyev vəzifədə olarkən mənə onun əlaqələrindən istifadə etməklə təzyiqlər göstərib bağlarımı zəbtdə saxlayırdı, bu gün isə eyni mahiyyətli, əsassızlığı, qanunsuzluğu məhkəmə qərarları ilə təsdiq olunan iddialarla, vəsatətlərlə, şikayətlərlə vaxtı uzatmaqla bağlarımı zəbt altında saxlayır. İlham Əlisəftər oğlu Əliyev 6 ildir ki, məhkəməyə şikayət vermə hüququndan sui-istifadə etməklə məhkəmə davalarını sonu görünməyən bir şouya çevirib”.
Mansur İbrahimov qeyd edib ki, qarşı tərəfin eyni mahiyyətli iddiası üzrə 5-ci dəfə baxış təyin olunub. İddiaya mayın 30-da Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ