Onlayn ictimai-siyasi qəzet
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsus olduğu bildirilən BTB bankın Azərbaycanın bank sektorunda bazar payı 1 faizdən aşağıdır.
Musavat.com xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov jurnalistlərə deyib.
Onun sözlərinə görə, son illərdə AMB-nin tətbiq etdiyi nəzarət tədbirləri nəticəsində BTB bankın dayanıqlığı artıb:
"Keçmiş illərdə həyata keçirdiyimiz nəzarət tədbirləri nəticəsində BTB bankın dayanıqlılığı artırılıb. Hazırda bu bank Mərkəzi Bankın müəyyən etdiyi bütün prudensial tələblərə tam cavab verir. Bankın cəlb etdiyi vəsaitlərin 96,3 faizi təmin olunub, yəni sığortalanıb. Əmanətçilərin isə 99,3 faizi sığortalanmış əmanətlərə sahibdilər. Bank öz fəaliyyətini davam etdirir. Bununla bağlı hər hansı narahatlıq yoxdur. Narahatlığı siz jurnalistlər, bir də bəzi ekspertlər yaratmağa çalışırsınız".
Qeyd edək ki, bu ilin ilk 3 rübünün yekununda "Bank BTB" ASC-nin xalis zərəri 641 min manat olub. Son dörd ildə "Bank BTB" ASC zərərlə işləyib. Belə ki, 2024-cü ildə bankı xalis zərəri 839 min manat, 2023-cü ildə 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.
T.Kazımovun dediyinə görə, BTB bankın zərəri AMB-nin tələblərindən qaynaqlanır: “Zərər kredit portfelinin keyfiyyət tələblərinin artması ilə bağlıdır müəyyən qədər. Yenə də deyirəm, bankın vəziyyəti yaxşılaşır. Son bir ildə maliyyə kapitalı artıb. Bu bankla bağlı hər hansı problemimiz yoxdur, bank öz fəaliyyətini davam etdirir. Mediada adı keçən adamların bankın idarəçiliyində, qərarların verilməsində birbaşa iştirakı yoxdur”.
Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmlərinin 74,99 faizi Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına, 19,01 faizi onun qardaşı Sadiq Rza İsmayıl oğlunar, 6 faizi isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ