Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Hüseyn Baqerinin öldüyü artıq rəsmi olaraq təsdiqlənib. Bu barədə öncə Qərb kəşfiyyat mənbələrinə və İsrail mediasına istinadla xəbər yayılsa da, İran rəsmiləri ilk mərhələdə məlumatı təkzib etmişdilər.
Lakin ən etibarlı mənbələrin (o cümlədən SEPAH-ın daxili informasiya kanalları və regional diplomatik dairələr) təsdiqindən sonra artıq Baqerinin ölümü İran daxilində də susqun şəkildə qəbul edilməyə başlanıb.
Alınan məlumata görə, general Baqeri nüvə alimləri Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi ilə eyni gecə, öz evində – hədəfli, uzaqdan idarə olunan raketlə – qətlə yetirilib. Onların hamısı öz ailələrinin və şəxsi mühafizəçilərinin gözləri önündə, tam dəqiqliklə həyata keçirilmiş zərbələrlə öldürülüblər.
Eyni ssenari daha əvvəl HƏMAS liderinin Tehranda otel otağında hədəf alınaraq öldürülməsində də tətbiq olunmuşdu.
İsrail bu əməliyyatla İranın strateji rəhbərliyini təkcə döyüş meydanında deyil, yaşadıqları şəxsi ünvanlarda – mənzillərində, bəzən ailələri ilə birgə olduğu vaxtda – hədəfə alma strategiyası tətbiq edir.
Bu, yalnız hərbi güc nümayişi deyil, həm də İran rəhbərliyinə “evinizdə də güvəndə deyilsiniz” mesajıdır. Vurulanların arasında:
• İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Məhəmməd Hüseyn Baqeri,
• SEPAH rəhbərliyindən yüksək vəzifəli şəxslər,
• İranın nüvə proqramının memarları sayılan alimlər olub.
Musavat.com hadisə ilə bağlı CNN, Reuters və WANA agentliklərinin yaydığı video görüntüləri, eləcə də Baqerinin evinə endirilən zərbədən sonra çəkilmiş fotoşəkilləri təqdim edir.
İran hakimiyyəti baş komandanın ölümünü rəsmi bəyanatla elan etməyə tələsmir. Bunun səbəbi həm daxili sarsıntının miqyasını azaltmaq, həm də cavab variantlarını koordinasiya etməkdir. Lakin sosial şəbəkələrdə Baqerinin ölümü artıq ölkənin “ikinci Süleymanisi hadisəsi” kimi qiymətləndirilir.
İsrailin bu əməliyyatı sadəcə taktiki deyil, strateji və psixoloji üstünlük məqsədi daşıyır. Liderlərin, generalların, alimlərin evlərində bir-bir hədəf alınması göstərir ki, İran artıq daxildə də güvəndə deyil.
Musavat.com
14 Iyun 2025
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ