Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya ekspert dairələrində Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətindəki addımları ciddi narahatlıq doğurur. Rusiyalı tanınmış analitik, Ali İqtisad Məktəbinin Avropa və beynəlxalq tədqiqatlar mərkəzinin direktor müavini Dmitri Suslov Alpha News-a açıqlamasında bildirib ki, İrəvanın bu seçimi yalnız “böyük itkilər və təhlükəsizlik riskləri bahasına” mümkündür.
Suslovun sözlərinə görə, Aİ-yə yaxınlaşma prosesi üçün əsas şərt demokratik islahatlar deyil, Rusiyaya qarşı mövqe tutmaqdır:
“Moldovanın təcrübəsi göstərir ki, Avropa Birliyinə yaxınlaşmaq üçün Avropa standartlarını kopyalamaq lazım deyil. Əsas şərt – Rusiyanın düşməninə çevrilmək, anti-Rusiya siyasətinə qoşulmaq və Qərbin alətinə dönməkdir. Ermənistan da bu yola girərsə, özünü qurban verməli olacaq. Bunun nəticələri onun təhlükəsizliyi üçün son dərəcə ağır ola bilər”, – deyə ekspert açıq təhdid sovurub.
Kremlin analitiki əlavə edib ki, ABŞ-ın Cənubi Qafqazdakı fəallığı Moskva üçün ciddi təhlükədir. Onun fikrincə, Vaşinqtonun vasitəçiliyi ilə aparılan Bakı–İrəvan danışıqları və Türkiyə–Ermənistan yaxınlaşması Kremldə rəğbət doğurmur:
“Moskva heç vaxt Ermənistandan artıq erməni vətənpərvəri olmayacaq. Əgər İrəvan ABŞ vasitəçiliyi və Avropa ilə yaxınlıq hesabına təhlükəsizlik qazanacağını düşünürsə, yanılır. Xüsusilə, indi ‘Tramp yolu’ adlanan dəhlizin ABŞ nəzarətinə keçməsi ehtimalı Rusiyanı çox narahat edir. Burada gizli və ya açıq Amerika hərbi mövcudluğu riski var”.
Suslov həmçinin Ermənistanın NATO ilə yaxınlaşmasının Rusiyanın maraqlarına qarşı birbaşa təhdid olduğunu vurğulayıb:
“Əgər Ermənistan Avroatlantik kurs götürürsə, bu, ABŞ-ın Cənubi Qafqazda mövcudluğunu artıracaq. Rusiya bunu təhlükə kimi qəbul edəcək və cavab verəcək. Hazırda Moskva bütün gücünü Ukraynadakı müharibəyə yönəldib, amma müharibə bitdikdən sonra Rusiyanın reaksiyası daha sərt ola bilər”.
Dmitri Suslovun açıqlamaları göstərir ki, Moskva Ermənistanın Aİ-yə inteqrasiya planlarını yalnız Rusiyaya qarşı siyasi addım kimi görür. Bu isə İrəvanın geosiyasi seçimlərinin onun təhlükəsizliyi üçün daha riskli vəziyyət yaradacağı barədə açıq təhdiddir.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ