Onlayn ictimai-siyasi qəzet
“RİA Novosti”nin “Rusiya Azərbaycanın Krımı və yeni regionları (Ukraynanın işğal edilmiş digər əraziləri) tanımasına ümid edir” xəbəri ilə Moskva, nəhayət, Bakıdan nə istədiyini elan etdi.
Musavat.com xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu fikirdədir.
Şərhçiyə görə, mümkündür ki, bu istək kulis diplomatiyasında daha öncədən dilə gətirilib: “AZAL təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində yaranmış narazılığın davam etməsindəki motivlərindən biri də bu ola bilər. Bakıdan müsbət cavab ala bilməyən Kreml isə həm Medinskinin “Qarabağı mübahisəli” ərazi adlandırması, həm də Krım istəyini ictimailəşdirməklə mesaj verir.
Rusiya başqa ölkədən yox, niyə məhz Azərbaycandan bunu açıq şəkildə istəyir? İstisna deyil ki, Moskva Bakının tələblərini – mövcud situasiyada bunun AZAL-ın vurulan təyyarəsi ilə bağlı olmasından başqa versiya görünmür – yerinə yetirmək üçün şərt kimi Krım istəyini irəli sürür, Bakıda qəbul edilməyəcəyini bildikləri halda. Və bununla tələblərdən yayınmaq gedişi edir”.
A.Nərimanlı hesab edir ki, Azərbaycanın Rusiyanın bu istəyini qəbul etməyəcəyi bəllidir: “Bu yalnız o halda müzakirə edilə bilər ki, Ukrayna Krımı və digər işğal edilmiş əraziləri Rusiya ərazisi kimi tanısın və beynəlxalq hüquqda qəbul olunsun. Perspektivdə bu ssenarinin mümkünlüyü görünmür. Bu halda Moskvanın Bakıya qarşı təxribat xarakterli müxtəlif açıqlamaları/addımları gözləniləndir”.
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ