Onlayn ictimai-siyasi qəzet
Tovuz rayonunun Əlimərdanlı kəndindəki M.Musayev adına tam orta məktəbin müəllimi Günel Məmmədovaya valideynlər tərəfindən qızıl üzük hədiyyə edilməsi və müəllimin töhmətlə cəzalandırılması ətrafından söz-söhbət davam edir.
Məktəb rəhbərlərinə və müəllimlərə qızıl-zinət əşyaları və digər dəyərli hədiyyələrin verilməsi ölkəmizin təhsil sistemində ilk dəfə müşahidə olunmur. Bundan əvvəl də müxtəlif məktəblərdə analoji hallar olub. Son zamanlar xüsusilə “Son zəng” tədbirləri ilə bağlı toplanan pullar, təşkil olunan bahalı tədbirlər və valideynlərün üzərinə qoyulan qeyri-rəsmi öhdəliklərlə bağlı şikayətlər artmaqdadır. Məsələn, Bakıdakı 308 nömrəli tam orta məktəb və 207 nömrəli məktəbdə oxşar hallar ictimailəşmiş, aidiyyəti qurumlar müdaxilə etmişdi.
Sual yaranır: niyə bu cür hallar davam edir və onların qarşısını birdəfəlik almaq mümkün olmur? Elm və Təhsil Nazirliyi bu sahədə hansı islahatları həyata keçirib və mövcud yanaşmalar təhsilin keyfiyyətinə necə təsir edir?
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov bu məsələ ilə bağlı rəsmi mövqeyə etiraz edərək deyib ki, müəllim dövlət qulluqçusu deyil, əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir: "Əgər hədiyyə təzyiq və ya qiymətləndirməyə təsir vasitəsi deyilsə, sadəcə təşəkkür xarakteri daşıyırsa, bu məsələnin intizam məsuliyyəti kimi təqdim olunması qanunsuzdur”.
Məsələ cəmiyyətin müxtəlif təbəqələri arasında da birmənalı qarşılanmayıb. Bəziləri hesab edir ki, müəllimlərə təşəkkür məqsədli simvolik hədiyyələrin verilməsi təbii haldır. Digərləri isə bu cür təşəbbüslərin sonradan məktəbdə qeyri-rəsmi təzyiqlərə və ayrı-seçkiliyə yol açdığını düşünür.
Bu və oxşar halların aradan qaldırılması üçün nə etməliyik? Hüquqi mexanizmlər, ictimai nəzarət, yoxsa maarifləndirmə daha effektivdir?
Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi bildirir ki, valideynlərin müəllimlərə zinət əşyası bağışlaması mənfi haldır və pis örnək kimi qəbul olunur: “Bu cür hallarda etik davranış qaydaları pozulur. Təhsil verən bütün addımlarında örnək olmalıdır. Biz istənilən halda belə bir görüntünü təqdim edəndə cəmiyyətin münasibəti birmənalı olmur, əksəriyyət tənqid edir. Halbuki müəllimlərə o hədiyyəni verənlər də bu cəmiyyətin üzvləridir. Belə hədiyyələrlə bəhsə girmək prinsipi formalaşır, bir sinfin digər sinfə təzyiq göstərmək mexanizmi yaranır. Bir müəllim həmkarına bahalı hədiyyə verildiyini görəndə o da şagirdlərindən bunu tələb edə bilər. Ona görə də belə halların olmaması üçün ilk növbədə müəllimlərin etik davranış qaydalarına riayət edilməlidir. Belə hallarda heç bir çəkiliş aparılmamalı və onu yaymamalıdırlar. O cümlədən nəzarət mexanizmi bir qədər də sərtləşdirilməlidir. Ümumilikdə bir müəllimin etdiyi səhv sabah başqalarının da eyni şeyi etməsinə təhrik edir. Ona görə də nazirlik maksiumum çalışmalıdır ki, belə məqamlarda səhvə yol verən müəllimlərə qanunvericiliyin tələbinə uyğun töhməti anında versin. Bu da başqalarına örnək olsun ki, belə bir davranışın nəticəsi bu ola bilər. Valideyn və ya şagird müəllimə təşəkkür etmək istəyirsə, məcbur deyil ki, ona bahalı zinət əşyası alsın və bunu videoya çəkib yaysın. İctimailəşdirdiyi zaman bunu hər kəs bilir və münasibət birmənalı olmur.
Təhsilverən o görüntü çəkilən zaman artıq bilməli idi ki, bu görüntü haradasa paylaşılacaq. Həmin müəllim deməliydi ki, bu görüntülər yayılmasın və nümayiş etdirilməsin. Çünki ictimailəşən zaman digər müəllimlər, siniflər, məktəblər də bundan xəbər tutur və tendensiya halını alır. Səhəri gün valideynlər qrupuna yazılır: “Görürsünüz, başqa valideynlər müəllimi ovcunun içində saxlayır”. Beləliklə, müəllimlər və siniflər arasında bəhs yaranır. Ona görə də şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülməlidir. Tovuzdakı müəllimə töhmət verilməsi də yerində olub".
Ekspert deyir ki, belə hallara xarici ölkələrdə rast gəlinmir: “Hansısa Avropa ölkəsində bunu görə bilmərik. Bəlkə hansısa istisna halda müəllimə hədiyyə verilə bilər, amma yenə də format fərqli olur. Orada müəllimə hədiyyə veriləndə bunun səbəbini soruşurlar. Müəllim soruşur ki, bu hədiyyə ona hansı əsasla verilir. Bizdə isə hədiyyə veriləndə qarşı tərəf sualsız qəbul edir. Çünki gözləntisi var”.
Fazil Mustafa
Millət vəkili Fazil Mustafa qəzetə açıqlamasında bildirib ki, müəllimləri hüquq-mühafizə orqanları və ya kriminal istiqamətdə araşdırmaya yönəltmək yanlışdır: “Onlara təlimatlar verilməli və maarifçilik işi aparılmalıdır. Müəllimlərə və valideynlərə izah olunmalıdır ki, hansısa bahalı hədiyyənin verilməsi doğru deyil. Bəzən valideynlərin təkidi və bəsit yanaşması müəllimi zərbə altında qoyur. Bunun qarşısını sözlə, təbliğatla almaq olar. Müəllimi bu kimi məsələlərə görə cinayət və ya hansısa inzibati məsuliyyətə cəlb etmək yanlışdır. Fikrimcə, biz müəllimləri cəmiyyətə yem edirik. Onun əzilməsi üçün şərait yaradırıq. Müəllimin də səhvi ola, yanlış addım ata bilər. Bunu kütləvi şəkildə linç kampaniyasına çevirməməliyik. Təbii ki, müəllim də çalışmalıdır ki, valideynlərlə daha səviyyəli kontakta girsin. İnsanlarımız da bu məsələdə təmkinli davransınlar”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ