Onlayn ictimai-siyasi qəzet
Ağstafanın Qarayazı qəsəbəsində yaşayan 1-ci qrup gözdən əlil, 1994-cü il təvəllüdlü Murad Məmmədovun ev növbəsinə yazılmamasından şikayətçi olması barədə yazmışdıq.
Məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin başçının birinci müavini Müşfiq Hüseynov Musavat.com-a məktub yollayıb. Məktubda bildirilir ki, Ağstafa rayon, Qarayazı qəsəbə sakini Məmmədov Murad Rəfael oğlunun mənzil növbəliliyinə alınması barədə Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı aparatına daxil olmuş müraciətə baxılıb.
“Nəzərinizə çatdırırıq ki, hazırda “Ağstafa RİH başçısı yanında Mənzil Komissiyası”nda mənzil növbəliliyi yalnız Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün nəzərdə tutulmuşdur və gələcəkdə ümumi xəstəlikdən olan əlillər üçün mənzil növbəliliyi nəzərdə tutularsa onun mənzil növbəliliyi məsələsinə Ağstafa RİH başçısı yanında Mənzil Komissiyasında baxıla bilər”, deyə məktubda qeyd olunur.
Xatırladaq ki, Murad Məmmədov Musavat.com-a müraciət edərək deyib ki, 2 azyaşlı övladı ilə birlikdə sosial müavinətlə dolanır. Murad Məmmədov bildirib ki, Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən gözdən əlilliyi olan şəxslərə yönələn diqqəti ilə əhatə olunsa da, Ağstafa Rayon İcra Hakimiyyətində qeyri-adekvat münasibətlə üzləşib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ