İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətdəki “5-ci kolon”- kimlər qalır?

Deputat: “Bu gün onun müxalifət cəbhəsində idarə etdiyi şəxslər...”

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nin keçmiş prezidenti Ramiz Mehdiyevin ev dustağı edilməsindən sonra onun kölgədəki adamları haqda ən müxtəlif iddialar irəli sürülür.

“Müxtəlif ictimai-siyasi dairələrdə, mediada Rusiyanın Azərbaycanda yaratdığı "5-ci kolon"un siyasi təlimatları məhz Ramiz Mehdiyevdən aldığına dair kifayət qədər məlumatlar var. Ramiz Mehdiyevin həbsi Azərbaycan dövlətçiliyi üçün bu təhlükənin hələ də qalmasından xəbər verir. Belə qüvvələr yenidən fəallaşmaq üçün siyasi şəraitin yetişməsini gözləyir. Administrasiyanın sabiq rəhbərinin əli yalnız dövlət strukturlarına deyil, müxalifətə də uzanıb". Bu barədə Cebheinfo.az yazıb.

Bildirilir ki, üzdə özünü hakimiyyətə sadiq göstərən Mehdiyev əslində radikal müxalifətə siyasi himayədarlıq edib. “2013-cü ildə müxalifət partiyalarının birləşdiyi Milli Şuranın Ramiz Mehdiyevin xeyir-duası ilə yaradıldığı yaxşı məlumdur. Bunu isbatlayan faktlardan biri 2013-cü ildə keçirilmiş prezident seçkisində Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi kimi irəli sürülməsi idi. "5-ci kolon"un müxalifət cinahı olan Milli Şuranın etiraz aksiyalarını Ramiz Mehdiyevin siyasi direktivləri ilə təşkil etdiyi danılmaz gerçəklikdir. Sirr deyil ki, Milli Şura adlı bu qurum həmişə Əli Kərimlinin diktəsi ilə hərəkət edib, bəyanatdan tutmuş icazəsiz aksiyaya qədər bütün qərarlar onun tələbi ilə verilib", - deyə yazıda iddia olunur.

WhatsApp Image 2025-10-17 at 09.52.29 (1).jpeg (82 KB)

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Mehdiyev uzun illər ərzində müxalifətdə də gizli təsir şəbəkəsi yaradıb: “Bu gün onun müxalifət cəbhəsində idarə etdiyi şəxslərin, qrupların fəaliyyətinə dair ortaya çıxan faktlar milli təhlükəsizliyimizə və dövlətimizə xəyanət kimi qiymətləndirilməlidir. Ramiz Mehdiyevin radikal müxalifətə siyasi himayədarlıq etməsi, "5-ci kolon"un formalaşmasında rol oynaması dövlətə qarşı yönəlmiş təxribatdır. Kimliyindən asılı olmayaraq, dövlətçiliyimizə qarşı yönəlmiş hər bir fəaliyyət hüquqi və siyasi məsuliyyət doğurur".

Əli Orucov

AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucovun sözlərinə görə, Ramiz Mehdiyev uzun illər hakimiyyətdə güclü nüfuza və təsir imkanlarına malik olub: “Ona görə də məhkəmə tərəfindən həbs-qətimkan tədbiri 4 ay seçilib. Cinayət qanunvericiliyində onun barəsində irəli sürülən maddələrdən də görünür ki, tək deyil, ortaqları və şərikləri var. Dövlət hakimiyyətini zorla ələ keçirmək və saxlamaq tək adamın işi deyil. Bu əməl qabaqcadan əlbir olunmuş şəxslər və planlı şəkildə baş verir. Ramiz Mehdiyev hakimiyyətdən uzaqlaşdırılsa da, onun dövlətin hakimiyyət qollarında, siyasi partiyalarda, mediada, vətəndaş cəmiyyəti üzərində müəyyən təsiri qalırdı. Kadrlarını yerləşdirmişdi. Bir sıra qurumlar hətta onun xeyir duası ilə yaradılmışdı. Qurduğu şəbəkə dövlətin təhlükəsizliyinə təhdid yaradırdı. Doğrudur, vəzifədən uzaqlaşdırılandan sonra həmin şəbəkə ciddi itkilərə və sarsıntılara məruz qalsa da tam çökmədi. Komufilyaj edilərək öz fəaliyyətlərini indi də davam etdirənlər var. Bu barədə dəfələrlə deyilib, yazılıb, ancaq subyektiv və obyektiv səbəblərdən başladılan prosesi tam başa çatdırmağı bir qədər ləngidib. Ramiz Mehdiyevin qurduğu iqtisadi, maliyyə imperiyası, həmçinin toxuduğu toru dağıtmağı çətinləşdirən onun arxasında Rusiyanın fəal şəkildə dayanması idi. Etiraf etmək lazımdır ki, Moskva Azərbaycanda əlaltıların mövqelərinin güclənməsi istiqamətində sistemli iş aparıb. Rusiyanın istər müxalifət düşərgəsində, istər hökumətdə, istərsə də, parlamentdə, mediada və QHT sektorunda kadrları qalmaqdadır və onların koordinasiyasını təşkil edənlərdən ən tanınmışı və ağırçəkil fiquru Ramiz Mehdiyevdir. Onun Azərbaycana vurduğu zərərin miqyası təkcə onun barəsində qaldırılan cinayət işi ilə kifayətlənmir. Sabiq administrasiya rəhbəri ona edilən yüksək etimaddan xəyanətkarcasına bəhrələnib, şəxsi məqsədlərinin təmin edilməsinə və xarici güclərin tapşırıqlarının həyata keçirilməsinə yönəldib. Kremlin nökəri kimi özünü aparıb. Cəsarəti olanlar bu barədə zaman-zaman həyəcan siqnalı çalıblar, qorxaqlar və cilddən cildə girməyi asanlıqla bacaranlar susublar. İkrah doğuran hal həm də ondan ibarətdir ki, Ramiz Mehdiyevin ötkəm vaxtlarında ona yaltaqlananlar, xidmət edənlər və ölkəni uçuruma aparan hərəkətlərinə göz yumanlar indi növbəyə düzülüblər. Düşünürəm ki, belələri həm hakimiyyət üçün, həm də dövlətçilik üçün təhlükəli və zərərli adamlardır.

Mövqesiz, qorxaq və marginal maraqlarını güdənlərin sayəsində Ramiz Mehdiyev şişib qorxunc qüvvəyə çevrilib. Ümid edək ki, istintaq orqanları onun əhatə dairəsini, şəriklərini və cinayət ortaqlarını araşdırıb ortaya çıxaracaq. "Boz kardinal"ın çetesi Azərbaycana qarşı xaricdə formalaşdırılan “söyüş müxalifəti”ilə də sıx əlaqələrdə olub. Onlara lazımi dəstək göstərilib. 2013-cü ildə prezident seçkisində Rusiyanın Azərbaycana qarşı hazırladığı planın içərsində də Ramiz Mehdiyevin yer alması heç kimdə şübhə doğurmadı. Lakin həmin təhlükəli layihə baş tutmadı və Moskva Azərbaycanı özün vassalına çevirə bilmədi. Fikrimcə, Ramiz Mehdiyevdən daha təhlükəli fiqurlar var. Onların da vaxtında zərərsizləşdirilməsi çox vacibdir. Sabiq administrasiya rəhbəri vəzifədən uzaqlaşdırıldıqdan və dövlətin imkanlarından, gücündən istifadə etməkdən məhrum olduqdan sonra hazırda hakimiyyətdə yüksək postlarda təmsil olunanlarla müqayisədə geniş imkanlara malik deyil. Əsl simalarını gizlədən, komfuliyaj olunaraq əlverişli zaman gözləyənlər də böyük təhdidlər yaradırlar. Belələri hakimiyyət qollarında, siyasi partiyalarda, mediada, kommersiya qurumlarında və vətəndaş cəmiyyəti sektorunda qalmaqdadırlar və real gücdürlər. Hesab edirəm ki, onlara da vaxt çatacaq və layiq olduqları yer göstəriləcək. Azərbaycan dövlətinin möhkəmlənən gücü, iradəsi və beynəlxalq nüfuzu, xüsusən də ölkə başçısının qətiyyəti, həmçinin xüsusi xidmət, təhlükəsizlik və prokurorluq orqanlarının ayıq-sayıqlığı buna ümidləri daha da artırır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR