İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Qədəşovun həbsi üçün məhkəməyə çağırılması tələb olundu - "Atlant işi"ndə ŞOK gəlişmə

Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam edir.

Musavat.com xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.

Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.

İbtidai istintaq zamanı “Atlant” istirahət mərkəzinin üzərinə həbs qoyulub. Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşür.

Prosesdə zərərçəkmiş şəxslər hakimə vəsatət verməklə Tahir Qədəşovun iştirakının təmin olunmasını istəyiblər. Bildiriblər ki, onlardan alınan pulların "Atlant" istirahət mərkəzinə yatırılması təsdiqlənib. Tahir Qədəşovun pulların ələ keçirilməsindən iştirakı da ortadadır.

Zərərçəkmişlər Tahir Qədəşovun məhkəməyə çağırılaraq həbs olunmasını, üzərinə həbs qoyulan "Atlant" istirahət mərkəzinin hərracdan satılaraq onlara vurulmuş
zərərin qarşılanmasını tələb ediblər.

Hakim növbəti prosesə Tahir Qədəşovun çağırılacağını bildirib.

Qeyd edək ki, Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib.

Zərərçəkənlər isə “Atlant” istirahət mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” istirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.

“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, camaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” maksimum xidmət göstərən böyük bir kompleksdir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR