Onlayn ictimai-siyasi qəzet
“Bir Allaha güvənirəm, bir də cənab Prezidentə!”
Milli Məclisin bugünkü iclasında deputat Məlahət İbrahimqızı PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyev barədə tənqidi fikirlər səsləndirib.
Deputat Mehdiyevin törətdiyi iddia edilən əməllərini tənqid edib, sərt sözlər söyləyib. TV Müsavatın baş redaktoru Sevinc Telmanqızı müəllifi olduğu “Canlı debat” verilişində M.İbrahimqızı ilə əlaqə saxlayıb və ondan bugünkü çıxışı, digər həmkarlarının ona dəstək verməməsinin səbəbləri ilə bağlı suallar ünvanlayıb.
Müsahibimiz öncə adının “zamanında Ramiz Mehdiyevin komandasında olmuş deputat” kimi hallandırılmasına sərt etirazını bildirib.
- Mən Ramiz Mehdiyevin komandasında olmamışam. Mən 93-cü ildən Nizami rayonunda YAP-ın yaradılmasında iştitrak edən 51 nəfərdən biri olmuşam. R.Mehdiyev 95-ci ildə hakimiyyətə gəlib. Sonra Sevil Qadınlar Cəmiyyətinin Nizami rayonu üzrə sədri seçilmişəm. Biz hamımız vaxtilə Heydər Əliyevin komandasında olmuşuq, ondan sonra da İlham Əliyevin komandasında olmuşuq. Ramiz Mehdiyev kimdir ki, biz onun komandasında olaq? Ramiz Mehdiyev yüksək vəzifədə olub. Sovet dövründə, yüksək vəzifədə təmsil olunub. Sizin saytın yazdığı yazıda qeyd olunur ki, guya mən zamanında Ramiz Mehdiyevi ən çox müdafiə edənlərdən, tərifləyənlərdən biri olmuşam. Bu, yanlış təqdimatdır, yalandır. Mən onu müdafiə edənlərdən olmamışam. Mən anlamıram, İlham Əliyevi devirmək istəyəni tənqid edənə münasibət belə olmalıdır? Bunun başqa anlamı yoxdur.
Bəlkə Ramiz Mehdiyevə hardasa, necəsə təşəkkür etmişəm? Əfv komissiyasının iclasında təşəkkür etmiş də ola bilərəm. Amma mənim təmaslarım, kontaktım elə olub ki, YAP-da sıravi deputat olmuşam. Mən YAP-ın Nəsimi rayon şöbəsində funksioner olmuşam. Mərkəzi aparatın rəhbəri də Əli Əhmədov idi. Mənim heç Mehdiyevlə işim də yox idi. İndi sizin də tənqid etdiyiniz məmurlar var, bəyəm biz onları gedib təhqir edirik? Seçicilərin problemlərinə biganə qalan çox sayda dövlət məmurları olur və biz onları təhqir etmirik. Etik qaydalar var, protokol qaydası var. Biz hətta kimisə tərifləyə də bilərik. Burda da qeyri-adi heç nə yoxdur.
2020-ci ildə pandemiya dövründə Ramiz Mehdiyevi tənqid edənlərdən biri olmuşam, nəvəsinə toy etdiyi üçün. O da buna görə məni məhkəməyə vermişdi. Mənim nə icra başçısı, komissiya sədri və sair kimi vəzifəm də olmayıb ki, onunla ünsiyyətdə olum. Ya da Ramiz Mehdiyev tez-tez kitablar yazırdı. Amma heç kitab təqdimatında da çıxış üçün mənə söz verməyib. Mən inanclı insanam. Bir Allaha güvənirəm, bir də cənab Prezidentə. Mən həmişə dövlətimə sədaqətli olmuşam.
DTX kimi bir qurum ona ittiham elan edib: dövlət çevrilişi. Dövlət çevrilişi də nə deməkdir? Prezidentimizin devrilməsi. Bundan ağır maddə ola bilərmi? Mən niyə danışmamalıyam? Mövqe göstərməməliyəm? Sabah Allah eləməsin, mənim övladım da nəsə yanlışlıq etsə dövlətimə qarşı, mən ondan da imtina edərəm. Mənim işim elə olmayıb ki, onunla ünsiyyətdə olum.
- Amma sizin çıxışınız bugünkü iclasda Ramiz Mehdiyev əleyhinə yeganə çıxış oldu. Sizcə, niyə?
- Mən təəccübləndirdi ki, mənim çıxışımdan sonra digər deputatlar çıxış etmədilər. Mən özümə cavabdehəm. Çıxış edəndə yadıma düşmədi. Amma çıxış edəndən sonra yadıma düşdü: ulu öndər hər zaman deyərdi ki, mövqeyinizi bildirin. İndi mövqe bildirmək zamanıdır.
- Həmkarlarınız niyə susqunluq nümayiş etdirdilər – bir versiyanız varmı?
- Mən gənc deputatlardan hər hansı açıqlama gözləmirdim. Onlardan konseptual yanaşma gözləyirdim ki, desinlər “nə dövlət çevrilişi? Bizim dövlətimiz, onun lideri o qədər güclüdür ki, onu heç kim devirə bilməz”. O gənclərə qəribə gələ bilər. Amma yaşlı, orta deputatlardan reaksiya gəlmədi. Mən öz əvəzimə deyirəm. Bir məsəl var: qiyamət günündə hər kəs öz sorğusunu verəcək. Mən öz vicdanımız qarşısında təmizəm. Dövlət çevrilişinə cəhddən ağır bir ittiham varmı? Bunu DTX araşdırıb. Qaradan artıq rəng varmı? Mətbuatda oxuyuram ki, bir qrup insan “məhkəmənin qərarı çıxandan sonra danışa bilərik” deyirlər. Qərar çıxandan sonra mənim danışmağıma nə ehtiyac var? Toydan sonra nağara?
- Ramiz Mehdiyev YAP-dan niyə çıxarılmır hazırda?
- Mən İdarə Heyətinin üzvü deyiləm, Təftiş Komissiyasının üzvüyəm. Mən millət vəkiliyəm, mənim seçicimin içərisində hər cür keyfiyyətdə insan var. Amma mənim onların qarşısında borcum var. Onu partiyadan çıxarmaq su içimi qədər asandır. Məhkəmənin də qərarını gözləmək lazımdır, məncə...
- Amma 2 gün əvvəl Arif Rəhimzadə dedi ki, partiyadan çıxarılacaq.
- Əlbəttə, birmənalı qaydada çıxarılacaq. Mənə yaraşmaz ki, zəng edib kimdənsə Mehdiyevin partiyadan çıxarılıb-çıxarılmamasını soruşum. Siz nüfuzlu jurnalistsiz və özünüz soruşa bilərsiz ki, partiyadan çıxarılacaqmı? Əli İnsanovu da, Fərhad Əliyevi də zamanında partiyadan çıxarıblar. Onun partiyada olub-olmaması heç nəyi dəyişdirmir.
Müsahibənin geniş versiyası ilə videomaterialda tanış ola bilərsiz.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ