İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz dəhlizi işə düşür - Zəngəzur dəhlizi isə...

İran istəyir ki, Azərbaycan daha çox bu logistikadan istifadə etsin - ekspertdən şərh

Azərbaycanın geosiyasi və nəqliyyat xəritəsində yeni bir mərhələ başlanır. Baş nazirin müavini Şahin Mustafayevin açıqlamasına görə, Araz çayı boyunca İran ərazisindən keçəcək avtomobil yolunun tikintisi gələn Novruza qədər tamamlanacaq. Bu marşrutun istifadəyə verilməsi təkcə Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması deyil, eyni zamanda regionun geoiqtisadi strukturunun dəyişməsi anlamına gəlir.

Yeni yol Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevriləcək. Həm də “Araz dəhlizi” adlandırılan bu marşrut Zəngəzur dəhlizindən cəmi 10 kilometr uzun olacaq, lakin siyasi və praktiki baxımdan real və işlək alternativ sayılır.

Bu layihə İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirəcək, Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam- Yevlax-Gəncə-Tbilisi-Batumi istiqamətini əhatə etməklə Fars körfəzi ilə Qara dənizi birləşdirəcək. Beləliklə, Araz dəhlizi yalnız Azərbaycanın daxili əlaqəsini bərpa etmir, həm də regionun mühüm tranzit qovşaqlarından birinə çevrilir.

Prezident İlham Əliyev aprelin 28-də keçirilmiş Azərbaycan-İran biznes forumunda layihənin strateji əhəmiyyətini bir daha vurğulayaraq qeyd etmişdi ki, Araz dəhlizi ilə bağlı yayılan müxtəlif fərziyyələr əsassızdır. Onun sözlərinə görə, bu, sırf iqtisadi və nəqliyyat yönümlü bir təşəbbüsdür: “Bu, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir”.

Hazırda Ağbənd-Kəlalə avtomobil körpüsü və ona bitişik yolun tikintisi intensiv şəkildə davam edir və 2025-ci ilin sonunadək tamamlanması nəzərdə tutulur. Bu, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında ən qısa və təhlükəsiz nəqliyyat bağlantısını yaradacaq. Layihə həmçinin Çin-Mərkəzi Asiya-Azərbaycan-İran-Türkiyə xəttini birləşdirən “Şərq-Qərb” dəhlizinin mühüm hissəsi olacaq, eyni zamanda “Şimal-Cənub” xəttinin keçid imkanlarını genişləndirəcək.

Fars körfəzini Qara dənizlə birləşdirən bu marşrut, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu sayılır. Tikilən yol I texniki dərəcəyə malik olacaq və Ağbənd-Cəbrayıl-Ağdam-Yevlax-Gürcüstan istiqamətində səmərəli yük və sərnişin daşımalarına şərait yaradacaq. Paralel olaraq, Ağbənd-Laçın-Kəlbəcər-Gəncə-Gürcüstan avtomobil xətti də təxminən bir il ərzində tamamlanacaq.

Beləliklə, Araz dəhlizi təkcə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini bərpa etmir, həm də regionun logistika xəritəsini yenidən formalaşdırır. Əgər Zəngəzur dəhlizi Ermənistanın siyasi oyunları ucbatından illərlə reallaşdırıla bilmirsə, Araz dəhlizi artıq praktik mərhələyə keçib və Azərbaycanın iqtisadi, siyasi, həm də strateji üstünlüyünü daha da möhkəmləndirir. Bu, həm Naxçıvanın blokadadan çıxması, həm də Cənubi Qafqazda güc balansının yenidən Azərbaycan xeyrinə dəyişməsi deməkdir.

Araz dəhlizi artıq reallaşmaq üzrədir. Baş nazirin müavini Şahin Mustafayevin açıqlamasına görə, Araz çayı boyunca İran ərazisindən keçəcək avtomobil yolunun tikintisi gələn Novruza qədər tamamlanacaq.

Bəs dəhlizlə gediş-gəliş qiymətləri, tariflər necə olacaq? Ən əsası, Zəngəzur dəhlizinin işə düşməsi ilə Araz dəhlizi əhəmiyyətini itirə bilərmi?

İqtisadçı-ekspert Akif Nəsirli: "Hökumət iqtisadiyyata nadir hallarda  qarışmalıdır" - VIDEO | news365.az

Akif Nəsirli

İqtisadçı-ekspert Akif Nəsirli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, konkret rəqəmlər səsləndirmək çətindir: “İran da başa düşür ki, Zəngəzur dəhlizi Araz dəhlizinə alternativdir. İran istəyir ki, Azərbaycan daha çox Araz dəhlizindən istifadə etsin. Ona görə də bu faktor qiymətlərin minimum olacağına əsas verir. İran istəyir ki, dəhlizə maraq daha böyük olsun.

Zəngəzur dəhlizi ilə Araz dəhlizinin uzunluğunda 10 km fərq var. Təxminən 42-43 km Zəngəzur dəhlizidir, Araz dəhlizi isə Azərbaycan sərhədindən Naxçıvan sərhədinə qədər 53 km-dir. İran qiymət qoyma mərhələsində rəqabəti nəzərə alanda bu məsələni də yəqin ki, diqqətdə saxlayacaq. Bu da Araz dəhlizində qiymətlərin aşağı salınması üçün ciddi faktordur".

Ekspert bildirir ki, Zəngəzur dəhlizi Azərbaycanın istədiyi qaydada işə düşəndən sonra bu zaman Araz dəhlizinin aktuallığı azala bilər. Amma bununla belə biz nəzərə alaq ki, Orta dəhliz layihəsinin davamı olaraq bu iki alternativ dəhliz yaranacaq. Bu zaman bəzi ölkələr İran üzərindən keçən Araz dəhlizindən istifadə etməkdə maraqlı olacaqlar. Buraya Orta Asiya ölkələrini aid etmək olar. Bu ölkələr İranla əlaqə məqsədi ilə Azərbaycana qədər eyni dəhlizlə gələcək, amma Azərbaycandan sonra İran üzərindən keçən Araz dəhlizindən istifadə edəcək. Bu, ümumi qaydadır. Əgər Zəngəzur dəhlizinə Azərbaycanın istədiyi formada, yəni maneəsiz hərəkət statusu verilməyəcəksə, o zaman Azərbaycan üçün Araz və Zəngəzur dəhlizi arasında seçim etmək imkanı olacaq. Məsələn, Ermənistanla nə qədər ki, münasibətlərimiz normallaşmayıb o zaman Azərbaycan şirkətləri daha çox Araz dəhlizinə üstünlük verəcəklər. Lakin beynəlxalq statusa görə Zəngəzur dəhlizinə daha çox ehtiyac var".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR