İnsanlara hürriyət, millətlərə istiqlal!

“Georgiyev lentli” Səmədovun işi ağırlaşır

Mehdiyev prosesində adı keçən “rusbaş”la bağlı yeni qərar gözlənilir - hüquqşünas rəyi

Xəbər verildiyi kimi, Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. APA etibarlı mənbələri vasitəsilə öyrənib ki, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib.

Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə AZAL təyyarəsinə görə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. “Boz kardinal” vəziyyətdən istifadə edərək, öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb.

Məlumdur ki, məhz Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddə olanda - bu il mayın 9-da İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə tədbir təşkil etmişdi. İddiaya görə, S.Səmədov Mehdiyevin köhnə dostlarından və biznes ortaqlarından biridir. O, sözügedən tədbirdən az sonra Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (“mənimsəmə və ya israf”) ittiham irəli sürülüb. Oktyabrın 6-da məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, may ayında Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə qarşı müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında dələduzluq edib. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Bu ilin may ayında axar.az saytında yazılan məlumata əsasən, S.Səmədov bu il yol hərəkəti qaydasını ciddi şəkildə pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Yol polisi əməkdaşı ondan sənədlərini tələb edib. S.Səmədov isə həm polisi, həm də rayon polis şöbəsinin rəisi Azər Tağıyevi ağır söyüşlərlə, bir insana, xüsusilə “ağsaqqal” adına yaraşmayan ifadələrlə təhqir edib. Bildirib ki, rayonun rəisi belə onun maşınını saxlatdırmağa cəsarət edə bilməz. Onun təhqirləri, rayon rəhbərliyi, polis rəisi və hüquq-mühafizə orqanları haqda dediyi nalayiq ifadələr hamısı kamera qeydlərində var. Saleh Səmədovun harınlığı və bu təhqirlərinə görə İmişli RPŞ-nin rəisi polkovnik Azər Tağıyevin təkidi ilə iş məhkəməyə təqdim edilib və S.Səmədov 30 sutkalıq inzibati qaydada həbsə məhkum edilib. Həmin vaxt S.Səmədov öz əlaqələrindən maksimum istifadə etməyə çalışıb və polis rəisinə təzyiqlər də etdirib, lakin nəticə əldə edə bilməyib. S.Səmədovun yaxın dostu olduğu bildirilən məşhur deputatlardan biri də işə qarışıb, ancaq o da heç nəyə nail ola bilməyib. Buna baxmayaraq, apellyasiya şikayəti zamanı cəzanın 15 sutkaya salınmasına nail ola biliblər.

Həbs cəzası almağına baxmayaraq, onun cəzasını “çöldə” çəkmək təşəbbüsləri də alınmayıb. Belə ki, İmişli RPŞ-də təmir işləri ilə bağlı S.Səmədov Sabirabad RPŞ-də saxlanılıb. Bu təşəbbüs də rədd edildiyindən, sözügedən deputatın “qisas əməliyyatı” da olub.

Buna baxmayaraq, S.Səmədov 15 günlük cəzasını günə-gün çəkib və yalnız bundan sonra azadlığa buraxılıb.

Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

Qulamhüseyn Əlibəyli

Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun ittiham olunduğu maddə nisbətən yüngül maddədir: “Səmədov cərimə oluna, islah işlərinə cəlb oluna, yaxud da 2 ildən çox olmamaq şərtilə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Ramiz Mehdiyevin ittiham olunduğu maddələr isə Cinayət Məcəlləsinin xüsusilə ağır maddələridir. Öz-özlüyündə bu maddələr arasında əlaqə yoxdur. Müəyyən dostluq münasibətlərinin olması hələ İmişli rayon Ağsaqqallar Şurasının sədrinin Ramiz Mehdiyevin ittiham olunduğu cinayətlərdə iştirakını təsdiq etmir. Ramiz Mehdiyevin ittiham olunduğu cinayətlər Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) təkbaşına törədiləcək cinayətlər deyil. Əgər istintaq müddətində cinayət əməlində başqa şəxslərin, o cümlədən Saleh Səmədovun da cinayət əməllərində iştirakı sübuta yetirilərsə, onların cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxmaq olar. Saleh Səmədovun cəzasının ağırlaşdırılacağını gözləmirəm”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR