İnsanlara hürriyət, millətlərə istiqlal!

Puşkini, Lermontovu bağışlamaq olarmı?..

Əvvəlcə rus şairləri Puşkin və Lermontov, daha sonra prezident V.Putinin buğünlərdə rus dili və rusdillilər haqda dediklərilə bağlı bir-iki söyləyəcəyim var.

Xüsusən Puşkin rus imperializmi konteksində tez-tez gündəmə gəlir. Deyim ki, əvvəllər də belə şeylər olurdu. Onun hətta məşhur “Qafqaz altımdadır...” misraları daim vurğulanardı.

Yaxınlarda məsələ bir az da böyüdü, xəbər gəldi ki, ukraynalı qardaşlarımız nəhayət ki, arzuolunmaz rusiyalı tarixi şəxslərin siyahısını tutub, amma bura Puşkini, Lermontovu da əlavə ediblər. Nə demək olar?

Ən birincisi onlara deyərdik ki, kobzar qardaşlarımız, prinsipcə, bunu çoxdan etməlidiniz. Amma vaxtında hamıdan əvvəl V.Leninin heykəllərini götürməlidiniz, onlar Şərqi Ukraynanın bəzi şəhərlərində, səhv etmirəmsə, hələ də qalırlar.

İkincisi, “Əlvida, çirkli Rusiya, ağalar və qullar ölkəsi!”! Axı bu məşhur misralar da M.Lermontovundur, hansıları ki, lap yaxın keçmişdə plakata yazıb mitinqlərdə əlinizdə tuturdunuz: təəssüf ki, xeyli geçikəndən, necə deyərlər, iş işdən keçəndən sonra.

Həm də Lermontov o adamdır ki, cəmi 27 yaşında dueldə öləndə o vaxtkı rus çarı “İt elə it kimi də gəbərməlidir!” - demişdi. Bu adamın bütün yaradacalığında o dövrdəki Rusiya gerçəkliyindən yaranan dəhşətli tənhalıq-yalqızlıq hissi, azadlıq yanğısı var: adam gah göydəki buludlarla, gah dənizdəki tənha yelkənli qayıqla müqayisə edirdi özünü. Bundan artıq nə edə bilərdi?.. 

O ki qaldı Puşkinə, onun qiymətini neçə illər əvvəl elə rusiyalı filoloq, kulturoloq, akademik D.Lixaçov vermişdi: AZADLIĞIN və İMPERİYANIN NƏĞMƏKARI! Bəli, o, Şimali Qafqazda hərbi xidmət də (eləcə Lermontov!) keçmişdi, amma ora öz arzusu ilə yox, nəğməkarı olduğu imperiyanın imperatorunun mədəni sürgünü ilə yollanmışdı.

Puşkin də həm də o adamdır ki, çar soruşanda “Üsyan günü kimin yanında olardınız?”, birmənalı şəkildə demişdi ki, dekabrist dostlarımın!

Etiraf edin ki, indinin özündə bəzi ölkələrdə heç də hamı belə deməyə cəsarət etməz!

Hətta indiki Putin Rusiyasında beləsini dərhal “xarici agent” elan edər, ya da poloniumu-filanı işə salardlar, yaxud da adam Nemtsov, Navalnıy, qeyrisi kimi müəmmalı şəkildə dünyanı dəyişərdi.

Çar nədənsə ona toxunmadı, əvəzində Şimali Qafqaza yolladı. Bəs sonrası nə oldu? Həmin çar həzrətləri, rus cəmiyyətinin özü də Rusiyanın ən böyük şairinin həyatını cəhənnəmə çevirib faktiki olaraq öldürdülər və yalnız bundan sonra guya kimi öldürdüklərini “anladılar”: Puşkinə geçikmiş məhəbbət Danteslərə qarşı ümumi nifrətə çevrildi və sonuncular hətta Rusiyanı tərk etməli oldular.

Əlbəttə, Puşkin, eləcə də gənc Lermontov çox qəliz və mürəkkəb insanlar idi. Amma hansı istedadlı insan, xüsusən də dahi “qəliz adam” olmur?.

Bilirsinizmi, mən peşəkar ədəbiyyatçı deyiləm, amma az-çox maraqlanmışam. Tələbəlik vaxtı ruslar mənə Puşkin haqqında kitablarda yazılmayan çox şeylər danışıblar. Məsələn, adam həm də “söyüş poeziyası”nın qüdrətli nümayəndələrindən olubdur. Deyəsən, bu “poeziya”nın (dırnaqda yazıram) xüsusi adı da vardı: bilmirəm, vardısa da artıq tamam unutmuşam.

Həm də Puşkin bu “janr”da (yenə dırnaqda!) yazan yeganə rus şairi olmayıb. Danışırdılar ki, guya sovetin vaxtında bir nəfər onun “Yevgeniy Onegin” romanını (həqiqətən möhtəşəm mənzum romandır!) söyüş dilinə çeviribmiş.

Rus tələbələr-ədəbiyyat həvəskaları bundan da böyük parçalar deyərdilər. Amma “Onegin”i söyüşə çevirən həmin “şairi” (yenə də dırnaqda!) bir gün mənzilində ölü tapırlar, özü də təhqir olunmuş şəkildə: bilmirəm, nə dərəcədə doğrudur, mənə belə danışmışdılar... 

Ukraynalı qardaşlarımızın qərarı haqda oxuyanda, məni bağışlasınlar, məşhur məsəlimiz yadıma düşdü: eşşəyə gücü çatmır, palanı döyəcləyir.

O ki qaldı azərbaycanlıların buna münasibətinə, mövqelər müxtəlif, hətta polyar da ola bilər. Amma Puşkindən də xeyli qabaq, lap uzaq keçmişdə yaşayan Firdovsi və onun “Şahnamə”silə nə edək? Bunu fars şovinizminin fundamenti hesab etmirlərmi? İndi nə edək, Firdovsinin də adını ədəbiyyat dərsliklərindən silək?

Yaxud böyük Nizamimizi götürün. Türk dilində misrası belə yoxdur! Bu da azmış kimi, vəsf etdiyi hökmdarların da (İsgəndəri çıxmaqla) demək olar ki, hamısı SASANİ hökmdarlarıdır! Bəs sonuncular kimdir? Məncə, yenə də fars hökmdarları! Əlbəttə, bir daha deyirəm, mən ədəbiyyatşünas, xüsusən də tarixçi deyiləm, bəlkə də müəyyən yanlışlığa yol verirəm, amma məncə, məsələ belədir.

Yenə də bilmirəm, nə qədər doğrudur, bəzi yazılanlara də görə, hətta böyük Əmir Teymur Firdovsinin məzarının üstünə yollanır və ayağını qəbrin üstünə qoyub deyir ki: mən, türk oğlu türk, gəlmişəm!..

Əlbəttə ki, bunların daha dəqiqini yenə də tarixçilər bilir, üstəlik, az qala, min ildən sonra bunun elə bir əhəmiyyəti də yoxdur bizim üçün.   

Tarixə, böyük tarixi simalara (Əlbəttə ki, hamısına yox. Durub Hitlerə “anlaşıqla yanaşası” deyilik ki!), ən əsası da böyük yaradıcı insanlara bir az mülayim yanaşmaq lazımdır. Beş–on ildən sonra Puşkinin hətta ölümündən də iki yüz il keçəcək. Adam iki yüz il əvvəl ölübdür! Biz axı onu bugünkü meyarlarla mühakimə edə bilmərik: bəli, adam imperiyanı da vəsf edib, amma iki yüz il əvvəl...

Puşkinlə bağlı daha bir detal, özü də məzəli. Orta məktəbdə bir ədəbiyyat müəllimimiz vardı. Bir az huşsuz olsa da, savadlı, qoca müəllim idi. Yazıq kişinin adını dədəsi-nənəsi Əlisgəndər qoyubmuş. Götürüb doğum sənədində kişinin adını Aleksandr yazmışdılar! Nə isə! Bu kişi deyirdi ki, Puşkini anlamaq üçün həm də yada salmaq lazımdı ki,  adamın damarlarında şərqli qanı da olubdur.

İllər keçəndən sonra tamam təsadüfən oxudum ki, bəs Puşkinin Efiopiyada da heykəli var və efiopiyalılar da onu özlərinin şairi hesab edirlər – ulu babası İbrahimə görə.

İndi bunu çoxu bilir. Sadəcə, yada salmaq istədim. Başağrısı oldusa, üzürlü sayın. Xahiş edirəm, sözlərimi başqa mənalara da yozmayın, deməyin ki, deyəsən, bu da altmışında “Qiblə”sini dəyişmək fikrinə düşüb. Əstəğfürüllah! Sadəcə, Puşkin, ələlxüsus Lermontov gənclikdə çox sevdiyim ədiblərdən olub. Daha çox buna görə bunları yazdım: hər şeyi siyasətə qarışdırmaq olmaz axı, hərçənd, ruslar özləri belə şeyləri çox sevirlər.

Həm də Rusiya yaxın qonşumuzdur (kaş olmayaydı!). Odur, nə olur-olsun, onun üstündən xətt çəkə bilmərik, həmişə müəyyən münasibətlər saxlamağa məcburuq. Eləcə də bütün bu fikirlər məsələyə adi bir siyasi yazarın şəxsi baxışından artığına iddialı deyil.    

Bir detalı da qeyd edim. Bu günlərdə başqa bir yerdə də yenə bu haqda yazmışdım.

Putinin son vaxtlarda bəzi postsovet ölkələrindəki rusdillilərə xüsusi “maraq” göstərməsinə gəldikdə, ona “rıçaq”- “tutacaq” lazımdır. Bəzi post–sovet ölkələrində demək olar ki, etnik ruslar qalmayıb və yaxud da çox az qalıb. Ona görə də yapışıb rusdillilərdən ki, sabah bura “linqvistik azlıqların müdafiəsi” adı ilə müdaxilə edə bilsinlər: bu mövzu gündəmə gələndə dərhal bu haqda elə bu saytda da yazmışdıq.

Belədəsə, məncə, məsələ başqa cür qoyulmalıdır. Rus dilini bilirsiniz? Gənclərimizin bir hissəsi həm də rus dilini bilir? Əla! Hətta çox gözəl! Çalışın öz karyeranızda bundan da fayda götürün, çünki burada pis heç nə yoxdur. Nə qədər fəalliyyət sahəsi sadalamaq olar ki, orada gənclərimiz üçün rus dilini bilmək də əlavə üstünlükdür: bir daha deyirik ki, çalışın, karyeranızı quranda bundan da istifadə edin.

Bunu digər dillər, xüsusən, ingilis və s. haqda demək olar. İngilis dili, ümumiyyətlə, dünya dili sayılır. Yalnız bizdə hələ də bununla barışmaq  istəmirlər, azmış kimi, ingilisdən çox rus dilinə üstünlük verirlər! Hələ onu demirik ki, son on illərdə Çinin iqtisadi sıçrayışı hətta onun da dilinə  işgüzar dairələrdə maraq yaradıbdır.

Amma niyə görə ana dilinizi, xüsusən yaşadığınız dövlətin rəsmi dlini bilməməlisiniz? Axı sizin inkişafınız üçün lazımdır bu! Yaşadığı ölkənin rəsmi dlini bilməyən adam məmur, deputat, nə bilim, nazir ola bilərmi? Bunu diskriminasiya - filan kimi qəbul etməyin, hər yerdə belədi! Dövlət neyləməlidir? Durub hər bir məmurçun xüsusi tərcüməçi təyin etməlidir, yoxsa dövlətin rəsmi dilini dəyişməlidir?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR