İnsanlara hürriyət, millətlərə istiqlal!

Yurdumuzun duzlu və şirin mülkü – Naxçıvandan səfər qeydləri - FOTOLAR

Heç vaxt Naxçıvanda olmamışdım. İlk dəfəydi. Tale elə gətirdi ki, dünən sübh səhərdən gecə yarısına qədər bu torpaqlarda oldum, bir çox gəzməli, görməli yerlərini ziyarət etdim, necə deyərlər, bir xeyli təəssürat depoladım.

Bunlar pozitiv təəssüratlardır. Naxçıvan şəhərinin səliqəli, təmiz, planlı inkişaf edən şəhər olduğu barədə oxumuş, eşitmişdim, amma bunu şəxsən görmək bir başqa şeydir.

Naxçıvan şəhərində Avropanın o qədər də böyük olmayan, amma tərifəlayiq, hər zaman öyülən şəhərlərinin ab-havası var. Hava demişkən, bu şəhərdə nə bir udumluq toz, nə də tüstü hiss edərsən. Küçələrdə, yollarda nə bir sellofan torbasına, çipsi cığarasına, siqaret qutusi və kötüyünə, banan qabığına, ümumiyyətlə, zibil adlana biləcək heç nəyə rast gəlməzsən.

naxc.jpeg (146 KB)

Bələdçimiz yol boyunca bir neçə dəfə “bu, şəhər sakinlərinin özlərinin təşəbbüsüdür, yığışıb qərar veriblər ki, şəhəri təmiz saxlasınlar” deyəndə adam quşqulanır ki, gənc adam o qədər də düz demir, kiminsə xidmətini danır, haqqına girir. Necə deyərlər, “igidi öldür, haqqını yemə”. Şəhəri bu günə muxtar respublikanın əvvəlki rəhbəri Vasif Talıbov gətirib – öz inzibati tədbirləri ilə, israrlı qərar və sərəncamları ilə, bəzən qurunun oduna yaşı yandıra-yandıra, bəzən hüquqa zidd göstərişlər verə-verə. Axır ki, Talıbov Naxçıvanı ölkənin ən səliqə-sahmanlı, təmiz, gözəl şəhərinə çevirib.

Şəhərdə küçələr enli, yollar hamar, meydanlar, parklar genişdir, müasir dövlət binaları, nümunəvi yaşayış binaları, muzeylər yan-yana sıralanıb. Muxtar respublikanın paytaxtının mərkəzində üç mərtəbəli uşaq kitabxanası görmək də xoş idi. Turistik yerlərin abadlığı nəzərəçarpacaq dərəcədə mükəmməldir. Hər addımda hiss edirsən ki, burada əməlli-başlı iş görüblər, boş yerləri sot-sot obyekt açmaq, villa tikmək istəyən adamlara satmayıblar.

adam.jpg (150 KB)

Ancaq mənə elə gəldi ki, vikipediyada qeyd olunduğu kimi, Naxçıvanda 100 min sakin yaşamır. Küçələr seyrəklik idi – həm avtomobil, həm də insanlar sarıdan. Deyilənə görə, bu şəhərdə tıxac olmur. Ona görə yox ki, küçələr paralel və geniş, yollar isə şaxələnmiş şəkildədir, əsasən ona görə ki, bu şəhərdə avtomobillər Bakı, Sumqayıt və Gəncədəki kimi çox deyil. Bu baxımdan Naxçıvan mənə 15 il əvvəl olduğum Şimali Karolina (ABŞ) ştatının paytaxtı Kolombia şəhərini xatırlatdı. Tozlu-tüstülü, haray-həşirli, qaçaqovlu, hamının harasa tələsdiyi, stressli Bakıdan sonra belə sakit, təmiz havalı şəhər insana yalnız rahatlıq hissi bəxş edir.

ağbul.jpeg (125 KB)

Şahbuz rayonunda da olduq, Ağbulaq dağ-xizək mərkəzinə, Batabat yaylağına da getdik. Açığı, Ağbulaqdakı dağ-xizək mərkəzi Şahdağdakı anoloji kompleksin səviyyəsindən uzaqdır. Düzdür, burada hündürlük daha yüksəkdir, amma buranın müştəriləri azdır, infrastrukturu kamil deyil. Şahdağa xarici ölkələrdən, Bakı və Sumqayıtdan on minlərlə qonaq gedirsə, Ağbulaqdan eyni performansı gözləmək olmaz. Ağbulaqın büsatı Zəngəzur yolunun açılmasından sonra başlana bilər. Ümumiyyətlə, o yol, Naxçıvanın həyatını çox dəyişəcək, hərtərəfli inkişafına ciddi təsir göstərəcək.

bata.jpeg (182 KB)

Öz gölləri ilə məşhur olan Batabat yaylağının isə böyük perspektivi var. Bu zona hələ xamdır, əl dəyməyib. Orada istirahət kompleksləri inşa etmək olar. Günəşli yerdir, kənd təsərrüfatı məhsulları becərən istixanalar üçün də yarayar. Yaylağın yoluna isə söz yoxdur. Əladır.

yol.jpeg (221 KB)

Ümumiyyətlə, muxtar respublikanın hər tərəfində, dağın başında da yollar yaxşıdır, dar olsa da, hamardır, çala-çuxuru yoxdur. Yolların darlığı isə təbiidir. Dolaylana-dolaylana dağa qalxan yolda üç zolaqlı avtoban inşa etmək mümkün deyil, heç ehtiyac da yoxdur.

bicenek.jpg (425 KB)

Şahbuzun dağ kəndi olan Biçənəkdə 4 mərtəbəli orta məktəbi görmək gerçəkdən heyrətamizdir. Elə bil, Bakının mərkəzindəkki elit bir məktəbi hop götürüb qoymuşun Şahbuzun dağ kəndinin ortasına.

Əsatirlər, rəvayətlərlə halələnmiş Naxçıvan tarixinin yaşadılması işi muxtar respublikada yaxşı aparılır. Naxçıvan xanının sarayı restavrasiya olunub.

momun.jpeg (78 KB)

Mominə xatun türbəsi hazırda təmirdədir. Açıq gözlə də görünür, türbədə nəsə bir əyilmə var. Bu gedişlə 8 əsr yaşı olan türbə İtaliyadakı Piza qülləsinə oxşayacaq. Tədbirlər görülür ki, türbə qəddini şax saxlasın. 8 əsr dik dayanmış abidəni əyilməyə qoymaq olmaz.

fek.jpeg (259 KB)

“Əshabi-Kəf” mağarasının ziyarətçiləri bütün ilboyu olduğu kimi yenə də çoxdur. İnsanlar şəxsi avtomobilləri ilə bu ziyarətgaha gəlir, mənəvi rahatlıq tapırlar. Bu məkan barədə mif maraqlıdır. Ziyarətgah abadlaşdırılıb, infrastrukturu yaxşıdır, ziyarətgahın zirvəsinə aparan yolda insanların istirahəti üçün talvarlar düzəldilib. Bu, nə qədər təbii və zəruri görünsə də, qayaların içində cərgə ilə əkilən çinarlar diqqət çəkir. Bu ağacları qayaların içində necə əkib-becəriblər?

“Əshabi-kəf”də dini əşyalar (təsbeh, mincuq, qolbaq,sinəbənd, üzük və s.) satan mağaza da var. Bütün turistik yerlərdə belə obyektlərin olması normaldır. Ancaq talvarlarda oturanlara çay verən çayçının sonda qiymət soruşanlara “burda qiymət deyilmir” deməsi, bunun dolayısı ilə “nə verərsiniz, verin, qəbuldur, verməsəniz də olar” demək olması göstərir ki, burada insanlar mənəvi kriteriyalara önəm verirlər, insanların inancından ticari məqsədlərlə istifadə etmirlər.

duz.jpeg (163 KB)

Gələk “Duzdağ” mağarasına. Bura möhtəşəm bir yerdir. Bu barədə çox yazılıb, təfərrüata varmıram. Ancaq 1700 metr uzunluğu olan, döşəməsi, tavanı, sağ-sol divarları tamamilə sal duz daşlarından ibarət olan bir tunel düşünün. “Duzdağ” tunellərinin ümumi uzunluğu 42 kilomerdir. Yer altında duz şəhər. Deyilənə görə dünyada dörd belə yer var: Türkiyə, Rumıniya, Bolqarıstan və Naxçıvanda. Ən yaxşısı məhz bizimkidir. Çünki yerin 100, 300 metr dərinliyində deyil, müalicə kompleksinə otel binasına girən kimi düz girirsən.

Bu məkanın bronxial-astma xəstələrinin müalicəsində effektiv təsiri çoxdan sübuta yetirilib. Xəstələrin ildə bir-iki dəfə bu sanatoriyada, mağaranın dərinliklərindəki palatalarda müalicə alması kifayətdir ki, ilboyu özlərini rahat hiss etsinlər, başqa dava-dərmana əl uzatmasınlar. “Duzdağ” təbiətin naxçıvanlılara, Azərbaycana, eləcə də dünyaya bəxş etdiyi nemətdir.

elgun.jpeg (110 KB)

Bu şəkildə jurnalistlərə müsahibə verən şəxs Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadovdur. O, təyinatla getdiyi Naxçıvanda çalışmış, muxtar respublikanın mədəniyyətinə töhfələr vermiş, ən əsası ölməz “Barı Naxçıvan” mahnısının bəstəkarı Məmməd Cavadovun nəvəsidir.

Bir sözlə, Naxçıvandan, məmləkətimizin bu duzlu, eyni zamanda şirin mahalından əla təəssüratlara qayıtdım. Vaxt olsaydı, Ordubada, Nehrəmə, Əlincə qalasına da gedərdik. Bu dəfə olmadı. Qalsın gələn dəfələrə.

xalid.jpeg (193 KB)

Xalid Kazımlı, Musavat.com

Naxçıvan-Bakı

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR