İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Putinə sonuncu xəbərdarlıq - Ukrayna təkbaşına qalib ola bilər?

ABŞ və Rusiya liderləri tezliklə görüşməyə razılaşdılar; ekspertə görə, hərbi baxımdan Qərbin dəstəyi olmadan Kiyevin qələbəsi mümkün deyil

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp tezliklə Budapeştdə növbəti təkbətək görüş keçirəcək. Tramp bu barədə Putinlə telefon danışığından sonra “Truth Social” şəbəkəsində yazıb.

“Söhbətimizin sonunda biz razılaşdıq ki, gələn həftə müşavirlərin yüksək səviyyəli görüşü keçirilsin. Prezident Putinlə mən əvvəlcədən razılaşdırılmış yerdə - Budapeşt, Macarıstanda görüşəcəyik”, - Amerika lideri bildirib. Oktyabrın 16-da ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini Kremlə toplayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. “Prezident onlara amerikalı həmkarı ilə aparılan fikir mübadiləsi barədə ətraflı məlumat verib”, - Uşakov bildirib.

ABŞ prezidenti Donald Tramp Rusiyanın iqtisadi vəziyyəti ilə bağlı sərt açıqlama verib. Musavat.com xəbər verir ki, Tramp bəyanatında Moskvanın iqtisadi sisteminin çöküş həddində olduğunu bildirib. Onun sözlərinə görə, Kremlin davam etdirdiyi müharibə siyasəti ölkəni maliyyə baxımından iflas nöqtəsinə gətirib çıxarıb.

“Rusiya iqtisadiyyatı dağılmaq üzrədir. Onlar müharibəni dayandırmaq istəmirlər və bu siyasətin sonu ağır nəticələrə gətirib çıxaracaq”, - deyə Tramp vurğulayıb.

ABŞ lideri əlavə edib ki, yaxın vaxtlarda (oktyabrın 17-də - red.) Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş planlaşdırır və görüşdə Kiyevə yeni silahların verilməsi məsələsi müzakirə olunacaq. Tramp qeyd edib ki, məqsəd “müharibəni dayandırmaq üçün Ukraynanın müdafiə imkanlarını gücləndirmək” olacaq.

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko Polşanın TVP telekanalına müsahibəsində isə deyib ki, Ukrayna Rusiya ilə münaqişədə xarici qoşunların iştirakı olmadan qalib gəlməyə qadirdir. O, Qərb tərəfdaşlarına müraciət edərək deyib: “Bizə sizin əsgərləriniz lazım deyil, birliyə ehtiyacımız var, həmrəyliyə ehtiyacımız var”.

Poroşenkonun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü olmadan Avropada sabit vəziyyət təmin oluna bilməz. O, Kiyevin alyansa qoşulmasının qitənin təhlükəsizliyi üçün “əsas məsələyə” çevrildiyini vurğulayıb. Keçmiş prezident Qərb ölkələrinə “NATO qapılarını Ukrayna üçün açıq saxlayın” deyib.

Poroşenko nə dərəcədə haqlıdır? Ukrayna doğrudanmı təkbaşına qalib gələ bilər?

Kamran Məmmədli: “Bu müharibə hələ çox davam edəcək və dünyanı daha böyük  fəlakətlərlə üz-üzə qoyacaq” Pravda.az

Kamran Məmmədli 

Siyasi şərhçi Kamran Məmmədli “Yeni Müsavat”a deyib ki, ABŞ prezidenti Donald Trampın Rusiyanın iqtisadi vəziyyəti ilə bağlı sərt bəyanatı və oktyabrın 17-də Ukrayna lideri Vladimir Zelenski ilə görüş planı beynəlxalq gündəmdə yeni siyasi siqnallar doğurub: “Tramp açıq şəkildə bildirib ki, Rusiya iqtisadiyyatı dağılmaq üzrədir və bu, Moskvanın müharibəni dayandırmaq istəməməsi ilə bağlıdır. O, eyni zamanda, Ukraynaya yeni silahların verilməsi və müdafiə qabiliyyətinin artırılması məsələsinin müzakirə olunacağını təsdiqləyib. Bu açıqlama əslində, ABŞ-ın Rusiya ilə münasibətlərində diplomatik təzyiq mərhələsinin intensivləşdiyini göstərir. Tramp administrasiyası açıq şəkildə mesaj verir ki, Rusiya iqtisadi cəhətdən dayanıqsız hala gəlib və bu, hərbi siyasətin nəticəsidir”.

Siyasi şərhçinin sözlərinə görə Vaşinqtonun məqsədi müharibəni dayandırmaq, Moskvanı zəiflətmək kimi bir neçə strateji aspektdə dəyərləndirmək olar:

“Trampın bəyanatında müharibəni dayandırmaq üçün Ukraynanın müdafiəsini gücləndirmək fikri var. Bu, ilk baxışda paradoks kimi görünür, lakin diplomatik praktikada bu, məcburi sülh taktikasına uyğundur. Yəni, qarşı tərəf yalnız təzyiq altında razılığa gəlir. Tramp da məhz bu model üzərindən hərəkət edir”.

Siyasi şərhçi bildirib ki, Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun xarici qoşunlarsız qalib gəlmək mümkündür bəyanatı hərbi-analitik baxımdan reallıqla uzlaşmır: “Ukrayna son iki ildə döyüş təcrübəsi, səngər müdafiəsi və Qərb hərbi texnologiyalarının tətbiqi baxımından irəliləyiş əldə edib. Lakin bu, təkbaşına qələbə üçün yetərli deyil. Müasir müharibələr təkcə cəbhədəki əsgərlərin sayı ilə deyil, logistika, kəşfiyyat, texnologiya və enerji resursları ilə qazanılır.

Ukraynanın hərbi əməliyyatları NATO-nun kəşfiyyat məlumatlarına, Qərb istehsalı dron və raket sistemlərinə söykənir. Bu resurslar olmasa, Rusiya ordusuna qarşı effektiv müqavimət göstərmək çətinləşər. Deməli, Poroşenkonun bəyanatı daha çox siyasi motivasiyalıdır - məqsəd Qərb ictimaiyyətində biz döyüşürük, siz bizə borclusunuz ideyasını gücləndirməkdir.

Poroşenkonun Avropada sabitlik Ukraynanın NATO-ya üzvlüyündən asılıdır fikri əslində doğru istiqamətdə olsa da, praktiki planda həyata keçməsi real deyil. NATO-nun nizamnaməsinə görə, müharibə şəraitində olan ölkə alyansa qəbul edilə bilməz. Bu, Qərbin qarşısında strateji dilemma yaradır: ya Ukraynanı formal üzvlük olmadan qorumaq, ya da Rusiya ilə birbaşa qarşıdurma riskini qəbul etməlidir. Tramp isə bu məsələdə daha soyuq və realist yanaşır. Onun siyasətində NATO-nun rolundan çox, ABŞ-ın öz maraqları əsasdır. O, Ukraynanın qalib gəlməsini deyil, Rusiyanın zəifləməsini prioritet sayır".

Siyasi şərhçi deyir ki, Trampın “Rusiya iqtisadiyyatı dağılmaq üzrədir” fikri bir növ xəbərdarlıqdır: “Hazırda Moskva enerji ixracından asılı vəziyyətdədir, Qərbin texnoloji blokadası isə istehsal sektorunu çökdürüb. Rubldakı devalvasiya, maliyyə ehtiyatlarının azalması və beynəlxalq bazarlardan sıxışdırılma Vaşinqtonun təzyiq mexanizmlərinin nəticəsidir.

Bu vəziyyətdə Kreml üçün iki yol qalır, ya daxili iqtisadi islahatlar aparmaq, ya da müharibəni uzadaraq xarici düşmən imici üzərindən daxili sabitliyi qorumağa çalışmaq. Hər iki variant Rusiya üçün risklidir.

Bu baxımdan Trampın son bəyanatı əslində Putinə bir xəbərdarlıqdan çox, yeni geosiyasi mərhələnin başlanğıcıdır. ABŞ Rusiya iqtisadiyyatını sanksiyalarla sıxışdıraraq onu danışıqlara məcbur etmək istəyir. Bu, klassik sülhə məcburetmə strategiyasıdır, hərbi yox, maliyyə və diplomatik təzyiqlə nəticəyə nail olmaqdır".

Siyasi şərhçi deyib ki, Ukraynanın təkbaşına qələbə tezisi isə hələlik siyasi ritorika səviyyəsində qalır: “Hərbi baxımdan bu, Qərb dəstəyi olmadan mümkün deyil. Lakin Trampın ritorikası göstərir ki, ABŞ bu dəfə müharibəni Qərb birliyi çərçivəsində deyil, ABŞ liderliyində sülh platforması formatında yekunlaşdırmaq istəyir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR