Onlayn ictimai-siyasi qəzet
Çox az adam bilir ki, Adolf Hitlerin qohumu, ögey qardaşının oğlu İkinci dünya müharibəsi zamanı, 1944-cü ilin martında əmisinin rejiminə qarşı çıxaraq ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edib. Uilyam Patrik Hitler ABŞ ordusundakı xidmətlərinə görə “Bənövşəyi Ürək” ordeni ilə təltif edilib.
Uilyamın Almaniyada əmisinin hakimiyyətə gəlməsini müşahidə etdiyi və bir zamanlar hətta nasist rejiminə qoşulmağa cəhd etdiyi, lakin əmisi ona yüksək vəzifə verməkdən imtina etdikdən sonra ölkəni tərk etdiyi məlumdur. Bunun əvəzinə Uilyam ABŞ-yə gedib və burada qohumu haqqında tənqidi mühazirə oxuyub və nəhayət Amerika ordusunda xidmət edib.
Patrik Hitler 12 mart 1911-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olub. O, Adolf Hitlerin ögey qardaşı Alois kiçik (kişilər eyni atanı bölüşürlər) və Aloisin irlandiyalı həyat yoldaşı Bridget Doulingin oğlu olub.
Uilyamın atası 1914-cü ildə uşaq hələ çox kiçik ikən Almaniyaya gedib və I dünya müharibəsinin başlaması səbəbindən Liverpula qayıda bilməyib. Nəticədə, Alois Avropada qalıb, burada sevdiyi qadınla evlənib. İlk ailəsini unutmayan Alois həyat yoldaşından Uilyamın onu ziyarət etməsinə icazə verməsini xahiş edib. 1929-cu ildə Uilyamın 18 yaşı tamam olanda anası ona Almaniyaya getməyə icazə verib.
O vaxta qədər nasistlər artıq tədricən hakimiyyəti ələ keçirməyə başlayıblar. Uilyam nasist mitinqində iştirak edib və sonra əmisi Adolf Hitler ilə şəxsən görüşüb. Lakin bu səfər faciəvi bəhrə verib: Uilyam İngiltərəyə qayıdanda Hitlerlə əlaqəsi olduğu üçün işindən qovulub. Beləliklə, Uilyam əmisinin kansler olduğu 1933-cü ildə Almaniyaya qayıtmağa qərar verib. Ölkədə Adolf Hitler qardaşı oğlunu “İmperial Kredit Bankı”nda işə düzəldib.
Nasist rejimi daha sərt və qəddarlaşdıqca əmisindən uzaqlaşmaq əvəzinə, Uilyam Berlində gəzmək, şənliklərdə iştirak etmək və qadınlarla tanış olmaq üçün nüfuzlu soyadından istifadə edib. Bu, qardaşı oğlunu izləmək üçün casuslar göndərən əmisini narazı salıb. Nəticədə Uilyam və Adolf arasındakı münasibətlər kəskin şəkildə pisləşib.
Ehtimal edilir ki, başqa bir maneə oğlanın anasının irlandiyalı olmasıdır. Belə ki, Hitler İngiltərəni düşmən ölkə, irlandiyalıları isə düşmən xalq hesab etdiyi üçün Uilyamın Almaniyada işləyərək qazandığı pulu anasına göndərməsinə mane olub. Buna cavab olaraq Uilyam, Adolf Hitlerə daha yaxşı maaşlı bir iş tapmasa, utanc verici ailə sirlərini açacağı ilə hədələyərək onu şantaj etməyə başlayıb.
Məlumdur ki, təhdidlərdən biri Adolfun ata tərəfdən babasının əslində yəhudi tacir olması barədə şayiələr yaymaq olub. Cavabında Adolf Uilyamı özünün “iyrənc qardaşı oğlu” adlandırıb və qohumları ilə münasibəti barədə ictimaiyyət qarşısında danışıb: “Mən ailəmin xeyrinə kansler olmamışam... Heç kim kürəyimə minməyəcək”.
Bununla belə, Adolf Hitler nəhayət Uilyam Patrikə yüksək vəzifə təklif edib, ancaq bir şərtlə ki, qardaşı oğlu Britaniya vətəndaşlığından imtina etsin. Almaniyada tələyə düşməkdən qorxan Uilyam təklifi rədd edib. Buna cavab olaraq əmi və qardaşı oğlu son qarşıdurma yaşanıb. O bunu 1939-cu ildə “Look” jurnalı üçün “Niyə əmimə nifrət edirəm” başlıqlı məqaləsində təsvir edib. Nəticədə Uilyam Patrik Hitler Almaniyanı tərk edərək anası ilə birlikdə ABŞ-a köçməyə qərar verib.
İkinci dünya müharibəsi başlayanda o artıq ABŞ-də yaşayıb. Əvvəllər Britaniya ordusu tərəfindən rədd edilən Uilyam, Amerika ordusuna yazılmağa cəhd etmək qərarına gəlib və bu dəfə dərhal olmasa da, müsbət cavab alıb. Belə ki, Uilyama əvvəlcə rədd cavabı verilib, lakin o, təslim olmamaq qərarına gəlib və birbaşa prezident Franklin D. Ruzveltə müraciət edib. Ruzvelt məsələni FTB-yə yönləndirib və qurum, Hitler adlı bir adamın öz qohumuna qarşı ABŞ üçün döyüşməsi ilə bağlı heç bir problem görməyib.
Beləliklə, 1944-cü il martın 6-da Adolf Hitlerin qardaşı oğlu Uilyam Patrik Hitler rəsmi olaraq ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb. Müharibədən və əmisinin intiharından sonra Uilyam Hitler soyadından imtina edib. Adını Uilyam Stuart-Hyuston olaraq dəyişdirib, evlənib və dörd övladı dünyaya gəlib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ