Onlayn ictimai-siyasi qəzet
“Rusiyada Britaniya və Ukrayna kəşfiyyat xidmətlərinin ”Türk axını" qaz kəmərinə qarşı təxribat əməliyyatları hazırlaması barədə məlumat var".
Belə bir iddianı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov irəli sürüb.
Onun sözlərinə görə, Böyük Britaniya ordusunun xüsusi təyinatlı qüvvələrinin (SAS) təlimatçıları və kəşfiyyat xidməti MI-6-nın əməkdaşları Rusiya, Qazaxıstan və ABŞ şirkətlərinin səhmdar olduğu Xəzər Boru Kəməri Konsorsiumuna PUA-larla zərbələr endirmək üçün bir sıra hücumlar planlaşdırıblar: “Bundan əlavə, Kiyev MI-6 ilə birlikdə Ukrayna diversiya qruplarının Rusiyanın sərhədyanı rayonlarına hücumunu hazırlayır”.
FSB rəhbəri Rusiyanın mühüm infrastrukturuna qarşı da hücum nəzərdə tutulduğunu iddia edib. Bortnikov qeyd edib ki, Ukrayna hərbi kəşfiyyatının bu yay həyata keçirdiyi “Hörümçək toru” əməliyyatının arxasında da Britaniya kəşfiyyatı dayanıb.
Bu iddiaların əsası varmı? Türkiyənin və Azərbaycanın mümkün reaksiyası nə ola bilər?
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ukrayna son dövrlərdə aktiv şəkildə Rusiyanın enerji sektorunu, qaz və neft infrastrukturunu hədəfə alan əməliyyatlar keçirir: “Rusiyanın maliyyə imkanlarının zəiflədilməsi və Ukraynaya qarşı təcavüzünü davam etdirə bilməməsi üçün həyata keçirilən bu əməliyyatlar təbii ki, öz təsirini göstərir. Belə ki, bu hücumlar nəticəsində Rusiyanın müharibə aparmaq üçün lazım olan neft və qaz hasilatında bir sıra problemlər ortaya çıxmaqla yanaşı daxildə yanacaq qıtlığına və panikaya da səbəb olduğu məlumdur. Eynilə Rusiya da Ukraynanın enerji və qaz nəqli infrastrukturuna davamlı hücumlar təşkil edir ki, xüsusilə də qarşıdan qış mövsümünün gəldiyini nəzərə alsaq bu Ukraynanı olduqca ağır vəziyyətə salır. Konkret Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun Britaniya və Ukrayna kəşfiyyat xidmətlərinin ”Türk axını" qaz kəmərinə hücum planlaşdırdıqlarına dair verdiyi məlumata gəldikdə isə prinsip etibarilə Ukrayna tərəfinin belə bir istəyi ola bilər. Belə ki, Rusiyadan Avropaya təbii qaz təmin edən “Şimal axını 1", ”Şimal axını 2" və Yamal-Avropa boru kəmərlərinin bağlanmasından və Ukraynadan qaz nəqlinin dayandırılmasından sonra “Türk axını”nın yeganə tranzit marşrutu kimi əhəmiyyəti artıb".
Politoloq qeyd etdi ki, Rusiyadakı təbii qaz ehtiyatlarını Türkiyəyə, eləcə də bu ölkə üzərindən Avropaya nəql edən “Türk axını” Təbii Qaz Kəməri ilə 5 ildə ümumilikdə 104,1 milyard kubmetr qaz nəql edilib. Bunun 44,4 milyard kubmetri Türkiyənin, 59,8 milyard kubmetri isə Avropanın payına düşür: “Düzdür, digər bazarlara, məsələn, Çinə satılan qazla müqayisədə 5 illik bir müddət üçün ”Türk axını" ilə göndərilən qaz elə də böyük həcm təşkil etmir. Amma buna baxmayaraq Rusiyanın xüsusilə Avropaya satılan qaz həcmində əhəmiyyətli yer tutur. Bu qaz kəməri ilə daşının qazın əsas alıcılarının Türkiyə və Avropa ölkələrini olduğunu nəzərə alsaq indi bu kəmərin hədəfə alınması Türkiyə ilə yanaşı Avropanın Rusiya qazına möhtac olan ölkələrində də xüsusilə qış mövsümü qabağı problemlərə yol açacaq. Bu isə təbii ki, həmin ölkələrin Ukrayna ilə münasibətlərində gərginliyə səbəb ola bilər".
Y.Bağırzadənin fikrincə, bu həm də Bortnikov tərəfindən hədəf olaraq göstərilən Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) da aiddir: “Belə ki, CPC neft kəmərləri sistemi Xəzər dənizi hövzəsindən dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min kilometr olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir və burada neft CPC-nin dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya və Qazaxıstanla yanaşı, ”Chevron", “ExxonMobil”, “Shell” kimi şirkətlər də var. Və bu kəmərin hədəfə alınması Rusiyadan başqa adı çəkilən şirkətlər və müvafiq dövlətlərin Ukrayna münasibətlərinə mənfi təsir göstərə bilər. Düşünürəm ki, Türkiyə başda olmaqla ehtimal olunan əməliyyatlardan ziyan çəkə biləcək ölkə və şirkətlər bu məlumatla bağlı Ukrayna tərəfi ilə müvafiq danışıqlar aparacaqlar".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ