İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza sammitində Araik söhbəti - Bakıdan sərt cavab

Ermənistan hərbi canilərin azad edilməsi üçün Azərbaycanla danışıqların davam etdiyini açıqladı; Paşinyan hakimiyyəti onların buraxılmasında maraqlıdırmı?

Bakıda məhkəməsi gedən erməni hərbi canilərin azad edilməsi Şarm əl-Şeyxdə Azərbaycanla müzakirə olunub. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan oktyabrın 14-də Finlandiyadan həmkarı ilə birgə mətbuat konfransında deyib.

“Bu istiqamətdə hər gün iş aparılır. Bəzən bu iş gözə çarpmır, bəzən isə effektiv olmur, yoxsa çoxdan həll olunardı. Amma səylərimizi dayandırmırıq və Şarm əl-Şeyxdə Qəzza sülh sammiti çərçivəsində bu məsələni Azərbaycan tərəfdaşlarımızla yenidən müzakirə etdik”, - Mirzəyan deyib.

Nazir Azərbaycan rəsmilərinin reaksiyası barədə bir söz deməsə də, yaxın gələcəkdə bu mövzuda “yaxşı” xəbərlərin olacağına ümidini bildirib.

“Azərbaycanda saxlanılan ermənilərlə bağlı hər gün işləyirik”.

Bunu isə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da jurnalistlərlə söhbətində deyib.

O əmin edib ki, hakimiyyət konkret həll yollarına nail olmaq üçün hər cür səy göstərir. “Bu nəticələr əldə olunmayana qədər mən onları elan etməyəcəyəm”, - o qeyd edib.

Paşinyan həmçinin deyib ki, Azərbaycan prezidenti ilə təmaslar dövri xarakter daşıyır, xüsusən avqustun 8-də imzalanan sənəd nəticəsində “sülhün bərqərar olmasından” sonra. Baş nazir əlavə edib ki, konkret nəticələr olarsa, o da hesabat verəcək.

Ermənistan hakimiyyəti niyə yeri gəldi-gəlmədi, keçmiş xunta rejiminin başında duranların azad edilməsi məsələsini gündəmə gətirir? Qəzza üçün sülh sammitində bu mövzunun müzakirə edildiyi haqda rəsmi Bakıdan bir açıqlama olmasa da, erməni diplomatından sözlərindən belə görünür ki, onların azad edilməsi məsələsi qaldırılıb. Amma bu cinayətkar-terrorçulara hökm çıxarılmayıb.

Həqiqətənmi Paşinyan hakimiyyəti separatçıların azad edilməsində maraqlıdır?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

 Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, erməni cəmiyyətində iqtidara bu həbslərlə bağlı basqı var. Onun sözlərinə görə, bu təzyiqləri neytrallaşdırmaq üçün Paşinyan və Mirzəyan belə bəyanatlar səsləndirir. Ç.Qənizadə vurğuladı ki, məhkəməsi gedən erməniəsilli hərbi cinayətkarların barəsində hökm olacaq və bundan yayınmaq mümkün deyil: “Ermənistan Azərbaycanla bu məsələni müzakirə etdiyini bildirir, amma rəsmi Bakıdan belə bir təsdiq yoxdur. Əlbəttə, son görüşlərdə bu məsələni ayaqüstü söhbətdə qaldırmış ola bilərlər. Sadəcə, onların xahişlə sərbəst buraxılması real deyil. Bu adamlar ağır cinayətlərdə ittiham olunurlar. Onlar illərlə Qarabağda dövlətə qarşı çıxıblar, qanunsuz idarəçilik qurublar, xunta rejimi olublar, silahlı birləşmələr saxlayıblar, azərbaycanlı mülki əhalinin qətlində iştirak ediblər, sərvətlərimizi talan ediblər. İndi bu adamları necə azad etmək olar?”

Hüquq müdafiəçisi qeyd etdi ki, yekun sülh müqaviləsi imzalandıqdan sonra diplomatik əlaqələr qurulacağı halda, Bakı və İrəvan onların ekstradisiyasını müzakirə edə bilər: “Bu da yaxın aylarda görünmür. Ermənistan Azərbaycanın sonuncu şərtini hələ parlament seçkilərindən sonra icra etməyə hazırlaşır. Deməli, Araik və digərləri uzun müddət Azərbaycanda həbsdə olacaq. Əslində, onları azad etmək. yaxud Ermənistana təhvil vermək kimi öhdəliyimiz yoxdur. Sadəcə, Paşinyanın çoxsaylı xahişləri ola bilər, paralel olaraq regiona dayanıqlı sülh gəlməsində maraqlıyıq, bu mənada hansısa humanist jest mümkündür. Halbuki Xocalı qatilləri, Gəncəni bombalayan bu cinayətkarlar heç bir humanizmə layiq deyil. Azərbaycanda ölüm hökmü olmadığı üçün onlar yaxşı qurtarıblar. Bako Saakyan kimi canilər edama məhkum olmalıydılar”.

Ç.Qənizadə onu da dedi ki, Ermənistan bu məsələni tez-tez gündəmə gətirir, Avropa Şurasında, Konqresdə müzakirəyə çıxarmağa çalışır, bununla da onların həbsi haqda siyasi don geyindirirlər: “Hərçənd burada hər hansı siyasi motiv yoxdur. Onlar hərbi canilərdir, separatçı-qondarma rejim yaradıblar, terrorçuluqla məşğul olublar, Azərbaycan qanunlarına qarşı gediblər, Ermənistanın və başqa güclərin dəstəyi ilə fəaliyyət göstəriblər. Heç bir ölkə öz ərazisində buna dözə bilməz. Ermənistanın baş naziri ”artsax" adı ilə fəaliyyəti təhdid adlandırır. O zaman biz niyə buna göz yummalıydıq? İndi də beynəlxalq platformalarda təbliğat aparırlar ki, guya bu adamlar hərbi əsirlərdir. Onlar əsir götürülməyiblər, Azərbaycan ərazisində 30 ildən çox qanunsuzluq, cinayətkarlıqla məşğul olublar, indi də dövlət və xalqa qarşısında cavab verirlər. Paşinyan isə maraqlıdır ki, bu caniləri təhvil alsın, daxildə reytinqinə xal qazansın. Halbuki bu qüvvələr revanşistlərlə birləşə bilər".

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR