İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən mühüm anons - “Makronla görüşdən sonra...”

Bakı ilə Yelisey sarayı arasında münasibətlərdə yeni mərhələ başlanır

“Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı”. Bunu Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib.

Prezident Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

Bəs bundan sonra ikitərəfli münasibətlərdə müsbət dinamika nə dərəcədə və hansı sahələrdə özünü göstərə bilər? Rəsmi Bakı Fransa neomüstəmləkəçiliyindən qurtulmağa çalışan xalqlara dəstəyini davam etdirəcəkmi?

Azər Badamov: Azərbaycan Ordusu ilkə imza ataraq müasir dünya tarixində  yeni bir qəhrəmanlıq səhifəsi yazıb - AZƏRTAC

 Azər Badamov 

Deputat Azər Badamov “Yeni Müsavat”a deyib ki, Fransa uzun müddət regionumuzda sabitliyin və təhlükəsizliyin yaranmasına qarşı gedərək erməni lobbisinin maraqlarına xidmət edib, Azərbaycana qarşı çox ədalətsiz və qərəzli mövqe sərgiləyib: “Fransa Senatı Azərbaycana qarşı qərəzlə dolu qətnamələr qəbul etdi. 44 günlük Vətən müharibəsi dövründən başlayaraq beynəlxalq təşkilatlara Azərbaycana qarşı sanksiyalar qəbul etdirməyə çalışdı. AŞ PA-da müəyyən deputatları ələ alaraq Azərbaycana qarşı təzyiqlər göstərməyə çalışdı. Amma Azərbaycan özünün ədalətli mövqeyindən geri çəkilmədi və adekvat addımlarını atdı. Təbii ki, mövqeyimizin dəyişilməməsi bizə qarşı qərəzli anti-Azərbaycan kampaniyası aparanların özlərinin müəyyən çətinliklər yaşamasına yol açdı. Azərbaycanın dəyişilməz mövqeyi 8 avqustda Vaşinqtonda imzalanmış sazişlərlə Ermənistanla sülh gündəliyinin təsdiq olunması ilə nəticələndi. Bu gün Azərbaycan və Ermənistan üçüncü tərəfin təşəbbüsü olmadan müxtəlif platformalarda görüşür və məsələləri müzakirə edir. Təbii ki, Fransanın bu dövrdəki bütün cəhdləri çox uğursuz oldu və Azərbaycanla Fransa arasındakı münasibətləri aşağı səviyyəyə endirdi. Bu gün regionumuzda yaranmış sülh gündəliyini Fransa da qəbul etməyə və mövqeyimizlə razılaşmağa məcbur olub. Dövlət başçılarının Kopenhagen və Şarm-əl Şeyxdəki görüşləri iki ölkə arasında münasibətlərdə yeni bir səhifənin açıldığını deməyimizə imkan verir. Prezident İlham Əliyev Fransanın Azərbaycana təyin olunmuş səfiri Soft Laqutun etimadnaməsini qəbul edərkən ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başlandığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub. Qeyd etmək istəyirəm ki, Azərbaycanla Fransa 2020-ci ilin sentyabrına qədər hərtərəfli əməkdaşlıq edirdi. Əməkdaşlığımız neft, sənaye, aerokosmik, humanitar, mədəni və digər sahələr üzrə genişlənirdi. İndi münasibətlərimizdə açılmış yeni dövrdə fikir ayrılığı yaradacaq məsələlərin qalmadığını hesab edirəm. Bu baxımdan əməkdaşlığımız yenidən hərtərəfli strateji əməkdaşlıq səhifəsinə yüksələcəyinə ümid edirəm”.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva qarşıdakı zamanda ölkələri ciddi hədəflərin gözlədiyini vurğuladı: “Fransa başa düşür ki, Azərbaycanla münasibətləri yaxşılaşdırmadan Güney Qafqazda möhkəmlənmək mümkün deyil. Ona görə də Paris Bakı ilə soyuqlaşan münasibətlərində ciddi redaktə etməyə qərar verdi. Bu da Yeliseylə Bakı arasında yeni bahar dönəminin başlayacağına işarədir. Düşünürəm ki, münasibətlərə yenidən baxmaq qərarı məhz prezident Makron tərəfindən irəli sürülüb. Fikrimcə, hadisələrin gedişatı, Azərbaycanın geostrateji nüfuzunun hər an yüksəldiyi bir dövrdə Emmanuel Makron erməni lobbisinin təkidlərinin və İrəvanın mənasız istəklərinin üzərindən xətt çəkməyi bacardı. Digər tərəfdən, Fransanın iddia etdiyi kimi, Zəngəzurda eskalasiya baş vermədi. Əksinə, 8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması ilə bağlı niyyət sazişi imzalandı. Belə olan halda, Fransa Azərbaycana qarşı əvvəlki sərt mövqeyini davam etdirsəydi, o zaman bütün oyunlardan kənarda qalardı. Hətta bu özünütəcrid anlamına gələrdi. Ona görə də rəsmi Paris yenidən yönünü Bakıya tərəf çevirdi. Ölkə başçısı da vurğulayıb ki, artıq Fransa ilə soyuq münasibətlər dövrü arxada qalıb. Bu o deməkdir ki, hər şey arxada qalır və sadəcə irəli baxmaq lazımdır. İrəlidə isə Azərbaycan və Fransanı daha böyük hədəflər gözləyir. Bu hədəflər əsasən böyük iqtisadi layihələrlə bağlıdır və Fransa Azərbaycanı artıq böyük oyunçu kimi qəbul etdiyi üçün Paris Bakı ilə yanaşı addımlamaq istəyir və ən əsası, Makronun simasında bu niyyətini gizlətmir”.

Kamran Bayramov: Uğurlu idman siyasəti yüksək nailiyyətlər qazanmağa imkan  verir | Modern.az

 Kamran Bayramov

Modern.az-a açıqlamasında isə deputat Kamran Bayramov bildirib ki, Fransa ilə müəyyən təmaslara başlamağımız yaxşı haldır:

“Son 2-3 ildə Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi, ikitərəfli münasibətlərə çox böyük mənfi təsir göstərdi. Bu da Fransanın Azərbaycanla Ermənistan arasında danışıqlara müdaxilə cəhdləri, eyni zamanda Ermənistanı silahlandırması ilə bağlı idi. Fransa bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərəzli kampaniya aparırdı. Təbii olaraq, Azərbaycan tərəfindən mütənasib qaydada Fransaya qarşı tədbirlər görüldü, bəyanatlar səsləndirildi. Və xarici siyasət xətti bu minvalla davam etdirildi. Buna baxmayaraq, Azərbaycan ikitərəfli münasibətlərdə istənilən dövlətlə siyasi dialoq üçün meydan saxlayır, həmişə qapını tam örtmür. Fransa ilə münasibətlər məsələsində də biz bunu deyə bilərik. Onu da qeyd edək ki, Azərbaycan-Fransa münasibətlərinin bu cür səviyyəyə çatdırılmasında, məhz Fransa Prezidenti Emmanuel Makron və onun yeritdiyi xarici siyasət durur. Amma cənab Prezident tərəfindən Fransanın yeni səfiri Sofi Laqutun qəbul edilməsi onu deməyə əsas verir ki, soyuq münasibətlər dövrü keçib getməkdədir”.

Deputat düşünür ki, Fransa ilə həm hökumət, həm də parlament səviyyəsində təmaslar bərqərar olacaq:

“Bu münasibətlər cənab Prezidentin də dediyi kimi, ilk növbədə insanlar və biznes nümayəndələri arasında olan təmasların qurulması, mədəni-humanitar sahədə əməkdaşlığın bərpası və genişləndirilməsi kimi məsələlərdən başlanılmalıdır. Məlumdur ki, hər iki ökənin parlamentlərinin dostluq qrupları fəaliyyətini dayandırıb. Mən düşünürəm ki, növbəti mərhələdə deputatlar səviyyəsində də təmasların bərpa olunmasından danışa bilərik. Hazırda cənab Prezidentin Fransa səfirini qəbulu zamanı qeyd etdiyi kimi, insanlar və biznes dairələri arasında münasibətlərin qurulması, çox güman ki, ilk planda dayanır. Bu görüşdən sonra hesab edirəm ki, münasibətlərdə müəyyən istiləşmə də gedəcək. Müəyyən əlaqələr də bərpa olunacaq. Bu yenə də Fransadan asılı olacaq. Fransa Azərbaycanla təhdid və diqtə dili ilə danışmağın mümkün olmadığını anlasa və bizimlə bərabərhüquqlu, hörmət əsasında münasibətlərə üstünlük versə, onda təbii ki, Azərbaycan da bu münasibətlərə lazımi qiymət verəcək. Və bu, əməkdaşlığa, qarşılıqlı əməkdaşlığa öz töhfəsini verəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR