Onlayn ictimai-siyasi qəzet
Diqqətli oxucular fikir vermiş olar, milli mediada hər gün rus nasizmi haqqında yazılar, xəbərlər dərc olunur.
Son bir ildə, daha dəqiqi, 2024-cü ilin mart ayında Moskva yaxınlığında yerləşən “Krokus siti”də baş verən dəhşətli terror aktından sonra bu mövzuda yazılar daha da intensivləşib.
Bunun başlıca səbəbi odur ki, o hadisədən sonra Kalininqraddan Saxalinə qədər, Rusiyanın hər yerində nasizmin təzahürləri özünü qabarıq şəkildə büruzə verməyə başladı.
Buraya başqa ölkələrdən, xüsusilə də Rusiyada “qara millətlər” adlandırılan Qafqaz və Orta Asiya xalqlarından olan miqrantlara sərt münasibətdən tutmuş rusiyalı siyasilərin şovinist açıqlamalarana qədər çox şey daxildir.
Özünü rus millətçilərinin ideoloqu kimi aparan Duqin, eks-prezident Medvedyev, eləcə də Dumanın ayrı-ayrı deputatları, RF prezidentinin köməkçiləri hər gün “rus millətinin xüsusi hüquqları”ndan danışır, postsovet ölkələrə qarşı iradlar, ittihamlar irəli sürürlər.
Sovet dövründə milyonlarla oxucusu olan nəşrlərin elektron versiyasında hər gün nasizm ruhunda yazılmış materiallara rast gəlmək olar. Həmin materiallarda sovet dövrünə nostaljidən tutmuş, çar dövrünü öyməyə, “şanlı keçmiş”in bərpasına çağırışlara qədər hər şey var.
RF Dumasında elə bir həftə olmaz ki, miqrantlara qarşı nəsə bir yasaqlayıcı, hüquq məhdudlaşdırıcı qanun qəbul olunmasın.
Hüquq-mühafizə orqanları “yadellilər”ə qarşı xroniki reydlər aparır, sərt tədbirlər görür, bu zaman insan haqlarına dair hər cür qanun və konvensiyaları tapdayırlar. Belə hərəkətlərə kriminal jarqonla “hədsizlik” (“bespredel”) deyilir.
Ən diqqətçəkən məqam odur ki, rus nasizmi haqqında yazan təkcə Azərbaycan mediası deyil, belə materiallara Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan mətbuatında da rast gəlmək olar.
İki gün öncə Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru Şerzod Kudratxoca Facebook-dakı paylaşımında Moskvada miqrantlara qarşı reydləri kəskin pisləyib və onları nasizmin təzahürü adlandırıb.
O, həmvətənlərini Rusiyaya əmək miqrasiyasından imtina etməyə çağırıb, vaxtaşırı, az qala hər gün sənədləri yoxlanılan özbəklərin alçaltmalara, döyülmələrə məruz qaldığını qeyd edərək, yazıb ki, Rusiyada Özbəkistan vətəndaşlarına hörmət edilmir.
“Gənclərimizə demək istəyirəm: Rusiyaya getməyin! Yalnız turist kim gedə bilərsiniz. Orada sizi döyür, təpikləyir, alçaldır, ləyaqətinizə toxunurlar. Rusiyada sizə dəyər vermirlər, əksinə, pis davranırlar. Öz əhalisinin görmədiyi ən ağır işi siz görürsünüz, amma buna məhəl qoymurlar” - rektor özbək miqrantlara çağırış edib.
Kudratxoca miqrantların ünvanına işlədilən təhqiramiz sözlərdən misallar çəkərək, əmək miqrantlarının və tələbələrin diz üstə sürünməyə məcbur edilməsi və fiziki zorakılığa məruz qalması səhnələrini təsvir edib.
Rektor özbəklərin belə aşağılanması hallarının Rusiya imperiyasında da baş verdiyini xatırladaraq, 1914-1916-cı illərdə Türküstanda baş verən üsyanları xatırladıb.
Gerçəkdən başqa xalqlara aşağılayıcı münasibətin çar dövründəki kimi olduğu göz önündədir. O zaman boyarlar, “xozeyn”lər, “çinovnik”lər və imperiya zabitləri yerli əhalini necə “vəhşi barbarlar” adlandırır və onlarla “qul-kölə” kimi davranmağı lazım bilirdilərsə, indi də elədir.
İnsafən, sovet dövründə rus nasizimi bu qədər aqressiv və çılpaq şəkildə deyildi. Pis-yaxşı bütün xalqlar dost elan edilmişdi və hamı yoldaş idi. Başqa xalqları aşağılamağa cəhd edən partiya xadimi, müəssisə rəhbəri, hərbçilər dərhal cəzalandırılardı.
1991-ci ildə bütün müstəqillik qazanmış SSRİ respublikalarında millətçilik, daha dəqiqi, vərənpərvərlik duyğusu gücləndikdə, xalqlar milli dövlətçiliyin nə olduğunu bilərək bununla qürur duyanda, bu rusların acığına gəldi və onlarda nasizm duyğularını alovlandırdı.
İndi “vətənpərvər” ruslar bu düşüncədədirlər ki, ukraynalıların, moldovanların, Qafqaz və Orta Asiya xalqlarının müstəqil dövlət qurmaq haqları yoxdur, onlar həmişə Rusiyanın “qidalandırıcısı” olmalı, əkib-becərib onları saxlamalıdır.
Bu düşüncə gündən-günə genişlənir və istər-istəməz bu kimi basqılara, təhqiramiz davranışlara məruz qalan xalqların ziyalı kəsiminin hisslərinə toxunur və onlar səslərini qaldırırlar.
Bir neçə il öncəyə qədər Özbəkistanda heç bir alim, professor bu mövzularda fikir bildirməzdi, bildirsə də, hakimiyyət tərəfindən cəzalandırılardı. Ancaq Şerzod Kudratxoca artıq ikinci ildir ki, öz xalqını hüquqlarını Rusiyadan qoruyur və ona bir söz demirlər.
Əslində Kreml 2024-cü ilin fevralında özbək dilini bilməyən özbəkləri “işğalçılar və ya axmaqlarla” müqayisə edən rektorun cəzalandırılmasını tələb etmiş, ancaq buna müvəffəq olmamışdı.
Kudratxoca miqrantların və vətəndaşlığa namizədlərin Ukraynada hərbi əməliyyatlarda iştiraka məcbur edilməsindən narahatlığını da bildirib. Bu da həqiqətdir. Gerçəkdən də Moskva rus xalqının genefondu zərbə almasın deyə Ukrayna cəbhəsinə, labüd ölümə federasiya ərazisindəki etnik azlıqların kişilərini, vətəndaşlıq almış miqrantları göndərir. Hətta bir çox miqrantlara vətəndaşlıq verdikdən 1 saat sonra çağırış vərəqəsi verib müharibəyə basırlar.
Bununla belə, məhz Kreml və XİN sözçüləri rus nasizminə etiraz edən ayrı-ayrı ölkələrdə rusofobiyadan danışırlar, öz ölkələrindəki kseonofobiya isə elə bir miqyasdadır ki, müasir dünyada kserosurəti yoxdur.
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ