Onlayn ictimai-siyasi qəzet
Gənclərdən ibarət bir futbol komandamız xaricdə 7:1 hesabıyla uduzub, bu tragikomik əhvalatın xəbərində maraqlı detal diqqətimi çəkdi. Sən demə? qapısından yeddi top buraxan milli qoçağımızın atası da vaxtilə qapıçı olub və Azərbaycan Fransaya 10:0 uduzanda qapıda o dururmuş.
İnsafən, ata-qapıçı həmin topların cəmi 3 ədədini buraxaraq 37-ci dəqiqədə ünlü baş məşqçimiz Ağasəlim müəllim tərəfindən əvəz edilmişdi. Qalan 7 topu digər qapıçımız buraxmışdı. (Görün nə qədər uğurlu əvəzetmə olmuşdur! Heyrətamizdir. Güman edirəm Ginnesin rekordlar kitabına salıblar).
Ancaq bütün hallarda estafetin etibarlı əllərdə olmağı sevindiricidir. 90-cı illərdə də çoxlu top buraxırdıq, indi də. İdmana dövlət qayğısının şiddətinə görədir.
Maraqlıdır ki, “atı atın yanına bağlayarsan” məsəlimiz futbolda da özünü isbata yetirir, təzəlikcə dünya çempionatına seçmədə Norveç Moldovaya 11:1 hesabıyla qalib gəlmişdi və işin anekdot tərəfi budur ki, həmin Moldovanın qapısını... Azərbaycan çempionatında oynayan şəxsiyyət qoruyurmuş. (Əslində “qorumurmuş” yazmaq daha uyğun idi). Son illər zor-xoş, parnik üsulu ilə “Araz-Naxçıvan” adlı bir futbol komandası düzəldiblər, onun qapıçısı imiş.
Həmin oyun haqda oxuduğum bir xəbər hələ də yadıma düşəndə istər-istəməz gülürəm. Özümdən asılı deyil. Bəlkə də düz eləmirəm. Nəsə, xəbərdə yazmışdılar ki, Norveç hər dəfə Moldovanın qapısına top vurandan sonra norveçli hücumçu Haaland bizim “Araz-Naxçıvan”ın qapıçısının yanına qaçıb onun qulağına nəsə deyirmiş. Jurnalistlər qapıçıdan söhbəti soruşanda o, belə deyib: “Hər dəfə gəlib üzr istəyirdi, deyirdi məcburuq qol vurmağa, çünki top fərqi axırda bəzən rol oynayır”.
Bu üzrxahlıq teması mənim ağlıma başqa, daha maraqlı və konstruktiv ideyanı gətirib. Demək, köhnə, ağsaqqal və ağbirçək futbol azarkeşlərinin yadında olar, 1979-cu ildə Özbəkistanın SSRİ liqasında çıxış edən “Paxtakor” komandası təyyarə qəzasında həlak olmuşdu. Ondan sonra başqa klubların oyunçuları könüllü olaraq “Paxtakor” üçün oynamışdılar. Dəstək mənasında. Həmçinin SSRİ çempionatının reqlamentinə belə bir əlavə edilmişdi ki, göstərdiyi nəticələrdən, tutduğu yerdən asılı olmayaraq “Paxtakor” 3 il ərzində SSRİ yüksək liqasından çıxarıla bilməz.
Biz indi FİFA-ya xahiş-minnət ərizəsi yazıb həmin təcrübəyə oxşar güzəştlər istəyə bilərik. Məsələn, Azərbaycan klublarına ən çox 5 top vursunlar. Bəzi oyunlara rəqiblərimiz 9 nəfərlə çıxsınlar. Hətta yaxşı olar qapıçısız çıxsınlar, bizim komandaların isə 3-4 qapıçı ilə oynamaq hüququ olsun. Rəqibin qapısı daha enli qayırılsın. Bizə qarşı oyunlarda 1 topdan artıq vuran futbolçulara qırmızı vərəqə göstərilsin. Və sairə və ilaxır - ideyalarım çoxdur, AFFA istəsə yazılı göndərərəm.
Əlbəttə, FİFA imtina edər, deyər axı sizinkilər top kimidir, heç bir qəzaya-zada düşməyiblər. O cümlədən, səhərdən axşama barlarda viski içirlər, ya da tərsinə, gündə 90 rükət namaz qılanları vardır. Bəs bunlara niyə güzəşt edilməlidir? Nə bilim, humanizm üçün. İnsanlıq xatirinə. Yeni müstəqil və suveren olmağımıza görə. FİFA prezidentinin yanındakı qəşəng qızın xətri üçün. Min dənə səbəb tapmaq olar, əgər mərhəmətli olmağı həqiqətən istəsən...
Şair necə demişdir? “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”. Bəli.
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ