Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Almaniyada pensiya yaşının artırılması ilə bağlı mübahisəli çağırış gündəmə gəlib. Almaniya İqtisadiyyat Nazirliyinin rəhbəri Katerina Rayxe bildirib ki, 63 yaşında vaxtından əvvəl pensiyaya çıxmaq praktikası ləğv olunmalı, ümumi pensiya yaşı isə mərhələli şəkildə 70-ə qaldırılmalıdır.
Nazirə görə, insanların yalnız ömürlərinin üçdə ikisində işləməsi artıq bugünkü reallıqlarla uyğun gəlmir. O qeyd edib ki, əhalinin yaşlanması, Almaniya iqtisadiyyatındakı tənəzzül, Ukraynaya artan maliyyə yardımları və insanların daha uzun ömür sürməsi bu qərarı zəruri edir.
Rayxe bəyan edib:
“Almaniya artıq əvvəlki iqtisadi gücündə deyil. Hökumətin artan xərclərini qarşılamaq üçün insanlar daha çox işləməli, daha gec pensiyaya çıxmalıdır.”
Bu təklif Almaniyada geniş ictimai müzakirələrə səbəb olub. Tənqidçilər hesab edirlər ki, xüsusilə fiziki işlə məşğul olan insanlar üçün bu addım ədalətsizdir, çünki yaşlılıqda işləmək sağlamlıq problemləri yarada bilər. Digər tərəfdən, bəzi iqtisadçılar və siyasətçilər bu yanaşmanın qaçılmaz olduğunu və gələcək nəsillərin sosial təminatı üçün alternativ olmadığını düşünür.
Qeyd edək ki, Almaniyada hazırda rəsmi pensiya yaşı 67-dir. Azərbaycanda isə pensiya yaşı kişilər üçün 65, qadınlar üçün mərhələli şəkildə artırılaraq 64 yaşa çatdırılıb. Sosial rifah sisteminin yükü artdıqca və ömür uzunluğu yüksəldikcə, bu istiqamətdə Avropada atılan addımların uzunmüddətli perspektivdə Azərbaycana da təsirsiz ötüşməyəcəyi istisna olunmur.
Ekspertlər hesab edirlər ki, qloballaşan iqtisadi trendlər və sosial yük mexanizmləri bir çox ölkələri, o cümlədən Azərbaycanı da pensiya sisteminə yenidən baxmağa vadar edə bilər.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ