Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin sonuna qədər neft-qaz şirkətlərinin kəşfiyyat və hasilat seqmentinə investisiyaları son beş ildə ilk dəfə azala bilər.
Musavat.com xəbər verir ki, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (IEA) analitiklərinin illik Dünya Enerji İnvestisiya hesabatında əksini tapıb. Hesabata görə qeyd olunan istiqamətə investisiyalara 4 faiz azalmaqla 570 milyard dollardan bir qədər aşağı düşə bilər. Bu zaman xüsusilə neftin kəşfiyyatı və hasilatına investisiyalar 6 faiz azalacaq, qaz isə bir qədər artacaq.
BEA analitiklərinin fikrincə, belə dinamika neft şirkətlərinin öz portfellərində qaz layihələrinin payını artırmaq istəyi ilə bağlıdır: "Qaz hasilatına qoyulan sərmayələrin bir hissəsi LNG layihələrinin davam etdirilməsinə yönəldiləcək. Bu layihələrə artıq əhəmiyyətli məbləğlər xərclənib, ona görə də onlar qiymətlərin son enişinə və qeyri-müəyyən investisiya mühitinə daha az həssasdırlar".
Eyni zamanda neft emalına qlobal investisiyalar rekord həddə - 30 milyard dollardan aşağı düşəcək. Bu vəsait hesabına gündə cəmi 1 milyon barel yeni istehsal gücü əldə ediləcək, analoji hasilat gücünə malik bir sıra neft emalı zavodları isə bağlanacaq.
BEA-nın proqnozlarına görə, Yaxın Şərq şirkətlərinin neft və qaz kəşfiyyatı və hasilatına investisiyalarının payı bu ilin sonuna kimi bu investisiyaların ümumi həcminin 20 faizini keçəcək. İnvestisiyaların əhəmiyyətli hissəsi Səudiyyə Ərəbistanında qaz layihələrinin, o cümlədən Jafurah yatağının, həmçinin BƏƏ-dəki Rub Əl-Xali yatağının və Qətərdəki Şimal yatağının genişləndirilməsinə yönəldiləcək ki, bu da LNG layihələri üçün resurs bazasına çevrilməlidir.
2025-ci ilin sonuna kimi Amerikanın neft və qaz hasilatına investisiyalar ötən illə müqayisədə 10 faiz azala bilər. BEA analitikləri keçən il qlobal sərmayənin təxminən 15 faizini təşkil edən “şist istehsalçılarını” son aylarda qlobal enerji qiymətlərinin düşməsinin əsas qurbanları adlandırırlar.
Keçən il qlobal neft-qaz investisiyalarının strukturunda payı 6 faizə - 2015-ci ildən bəri ən aşağı göstəriciyə düşmüş Rusiyanın bu il onu bir qədər də artırmaq perspektivi var: "Şirkətlər qocalmış yataqlarda hasilatı kompensasiya etmək üçün yeni yollar axtarır, lakin investisiya perspektivləri qiymətlərin düşməsi, itirilmiş Avropa bazarını əvəz etməkdə çətinliklər, sanksiyalar və yüksək vergi yükü səbəbindən təzyiq altındadır".
BEA vurğulayır ki, mövcud yataqlarda hasilatın azalmasının ləngidilməsi üçün həll yollarının axtarışı bu il neft və qaz investisiyaları üçün əsas istiqamətdir və onların ümumi həcminin təxminən 40 faizini təşkil edir.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ