Onlayn ictimai-siyasi qəzet
Dünəndən bəri fikirləşirəm, hələ bu suala qəti cavab tapa bilməmişəm: “Neft və Sənaye Universitetini bitirən şəxsin cərrah işləməyinə qeyri-neft sektorumuzun inkişafı əlaməti kimi baxmalıyıq, ya yox?”
Özü də kadrlardan görünürdü ki, yoldaş çox qətiyyətlidir, dönməzdir, bəlkə lap əbədidir. Sən demə, bunu klinikada bir dəfə “aşkar edib götürüblər”, qovublar. Ancaq təzədən instaqramda-zadda profil açıb xəstələri qəbul edirmiş. Elə jurnalist klinikaya zəng vurub getmişdi, kabinetdə “həkimlə” çəkiliş də olmuşdu. Lakin klinikanın baş həkimi, ya da müdiri olan boynuyoğun tip dirəşmişdi, deyirdi mümkün deyil, onu qovmuşuq.
Yəqin casus kimi pəncərədən içəri daxil olubdur. Adı “Mayo” olan klinikada hər cür hadisə gözləmək mümkündür. Çünki mayo - ya mayonez deməkdir, ya da çimərlik geyimi. Əsl klinika adıdır. “Med”, “Bio” ilə başlayan klinika adları qurtarıbdır. Növbə mayolardadır. Ən yaxşısı klinikanın adı “Maygülü” olmalıydı.
Başqa özəl-gözəl klinikada isə plastik cərrah xəstə qadını çarpayıya uzadıb canlı yayımla... məmələrini böyüdürdü. Oynaya-oynaya! Səhiyyəmizin inkişafının ən gözəl örnəyi idi. Oynamayıb neyləyəsən, bizə bu cür müsbət şərait yaradılmışdır.
Hələ klinikanın interyeri lap fısqırıq idi. Əsl şadlıq sarayı. Məsələn, “xəstə” süni palma ağacının altına uzadılmışdı. “Həkimin” arxa planında isə divara toyxana estetikasında bəzəklər vurulmuşdu: rəngli işıqlar, ortada üzük qaşı-filan... Bircə “Əməliyyatınız mübarək” yazısı çatışmırdı.
Sözgəlişi, deyirlər nazirlik belə çəkilişləri qadağan edibdir. Niyə? Məncə, dəstəkləmək lazımdır. Qabaqlar biz belə şeyləri xaricdə görmüşdük. Adam beyin əməliyyatı keçirərkən skripka çalmışdı. Əlbəttə, həkim yox, pasiyent. Bizim özəl klinikalarda hələlik həkimlər, cərrahlar oynaqlayır və pasiyentlərə müsbət enerji paylayır.
Sadəcə, yaxşı olar nazirlik repertuar müəyyən eləsin, çətin əməliyyatlara xalq artistləri, qarmonçalan və qoşanağaraçılar ansamblı dəvət olunsun, həmçinin əməliyyatın bileti satılsın. Pul verib həm səhiyyəmizə dəstək olarıq, həm də əməliyyata canlı baxarıq, gözümüz-könlümüz açılar. Videoyazı həmin effekti vermir.
Repertuar məsələsi ciddi temadır. Məsələn, bizə çatdırılan kadrlarda plastik cərrahın hansı havaya oynadığı aydın olmurdu. Sadəcə, arada nəsə “məmələr, ay məmələr, biz sizə minnətdarıq” tipində nəqarat mızıldayırdı. Bu isə düzgün deyil. Musiqi rəqslə uyuşmalıdır. Ekspertlər rəy verməlidir ki, hansı rəqsi oynaya-oynaya cərrahiyyə edəndə bıçaq yerinə düz oturur, tikiş zamanı nəyə oynamalısan, kor bağırsağın əməliyyatında Üzeyir Mehdizadə, dodaq böyüdərkən xalq artisti Ləbnəm xanım, yanaq dartanda digər xalq artisti Gülyanaq xanım müşayiət etsə pasiyentin sağ qalmaq ehtimalı nə qədər çoxalır və sairə. Şəxsən mənim fikrimi soruşsanız, cərrahiyyə üçün ən uyğun milli rəqslərimiz sırasında “Tərəkəmə”, “Yallı” (xəstənin qohumları da iştirak edir - ödənişdən sonra, təbii ki), “Nəlbəki”, “Qaytağı”, “Hellayı çal, Əjdər əmi” kimi milli havalarımızın adını çəkə bilərəm.
Təbabət incə məsələdir. Burada elmi araşdırmalar vacibdir. Örnək üçün, dünən köhnə oxuculardan Ruslan bəy İbn Sinadan belə dəyərli fikirləri tapıb mənə yollamışdır: “Özünü qadın kimi hiss edən kişilərə 40 gün xoruz əti yedizdirmək, özünü kişi hiss edən qadına isə 40 gün noxud suyu içirmək lazımdır”. Vəssalam. Bununla LGBT problemi aradan qalxırmış. Gör dünya sadə bir həll əvəzinə neçə illərdir necə girinc qalıb, didişir.
Əlbəttə, İbn Sina gərək onu da yazaydı ki, nəbadə xoruzlar əvvəlcə noxudla bəslənsin. Əks halda, əməliyyatın heç bir uğurlu perspektivi yoxdur.
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ