Onlayn ictimai-siyasi qəzet
Azərbaycan manatının ABŞ dollarına de-fakto bağlılığı ən azı 2030-cu ilin sonuna qədər 1,7 manat səviyyəsində saxlanılacaq. “Yeni Müsavat” Report-a istinadən xəbər verir ki, bu proqnozla “Fitch Ratings” beynəlxalq reytinq agentliyi çıxış edib. “Fitch”in məlumatına əsasən, hakimiyyətin ortamüddətli perspektivdə valyuta çevikliyinin tədricən artırılması ilə bağlı planları elan etməsinə baxmayaraq, sabit məzənnənin saxlanılması əsas siyasi prioritetlərdən biri hesab olunur.
Agentlik qeyd edir ki, Azərbaycan Mərkəzi Bankı bank sistemində struktur likvidlik artıqlığının idarə edilməsi alətlərini inkişaf etdirməyə davam edir, həmçinin pul-kredit siyasətinin transmissiya mexanizminin səmərəliliyini gücləndirir: “Lakin buna baxmayaraq, monetar qərarların iqtisadiyyata təsiri məhdud olaraq qalır”. "Fitch" analitikləri məhdudlaşdırıcı amillər arasında daxili pul bazarlarının yetərincə inkişaf etməməsini, bank sektorunda yüksək likvidliyi, həmçinin dollarlaşmanın əhəmiyyətli səviyyəsini qeyd edirlər: “Azalma tendensiyasına baxmayaraq, 2025-ci ilin aprel ayına depozitlərin 40 faizə qədəri xarici valyutada ifadə olunur”.
"Fitch" analitiklərinə görə, Azərbaycan iqtisadiyyatı 2025-2030-cu illərdə 2,66 faiz orta illik artım nümayiş etdirəcək. Proqnozlara əsasən, 2025-ci ildə ölkə iqtisadiyyatı 3,5 faiz, 2026-cı ildə isə 2,5 faiz artacaq. Növbəti illərdə (2027-2030-cu illər) Azərbaycanda ÜDM-in artım tempi ildə orta hesabla 2,5 faiz təşkil edəcək.
“Fitch Ratings” həmçinin 2025-ci ildə Azərbaycanın ümumi dövlət borcunun ÜDM-in 21,8 faizini təşkil edəcəyini proqnozlaşdırır. Agentlik bildirir ki, bu səviyyənin ortamüddətli perspektivdə sabit qalacağı gözlənilir. Agentliyin proqnozuna görə, 2026-cı ildə bu göstərici ÜDM-in 21,3 faizinə qədər azalacaq, növbəti illərdə isə yenidən artmağa başlayacaq: 2027-ci ildə ÜDM-in 22,9 faizinə, 2028-ci ildə 24,7 faizinə, 2029-cu ildə 25,8 faizinə, 2030-cu ildə isə 26,4 faizinə bərabər olacaq.
“Fitch”in məlumatına görə, 2024-cü ildə ümumi dövlət borcu ÜDM-in 21,8 faizini təşkil edib.
Azərbaycanın beynəlxalq ehtiyatları isə 2025-ci ilin sonunda 13,1 milyard ABŞ dollarına çatacaq. "Fitch" qeyd edir ki, 2024-cü ildə ölkənin ehtiyatları, o cümlədən qızıl ehtiyatları 12,7 milyard ABŞ dolları təşkil edib. Agentliyin proqnozlarına görə, 2026-cı ildə bu göstərici 13,3 milyard ABŞ dollarına qədər artacaq.
Qeyd edək ki, “Fitch” ilə yanaşı, Niderlandın “ING Group”u və Asiya İnkişaf Bankının analitikləri də manatın dollara bağlılığının 2026-cı ilə qədər saxlanılacağını gözləyirlər. Öz növbəsində, Azərbaycan İqtisadiyyat Nazirliyi və “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi mövcud sabit məzənnə rejiminin ən azı 2028-ci ilin sonuna qədər saxlanılacağını proqnozlaşdırır.
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, vəziyyətin indiki şərtlər daxilində uzunmüddətli dövrdə davam etməsi real görünmür: “Baxmayaraq ki, beynəlxalq təşkilatlar bu istiqamətdə mövqe ortaya qoyur, bir sıra hallarda onların proqnozları Azərbaycan hökumətinin rəsmi sənədlərinə əsaslanır, hökumətin açıqlamalarından qaynaqlanır. Məsələn, 2026-2029-cu illər ortamüddətli büdcə çərçivə sənədində manatın ABŞ dollar qarşısında məzənnəsinin sabit qalacağı proqnozlaşdırılıb. Bu, iqtisadi inkişaf strategiyasında, Mərkəzi Bankın gələcəyə hesablanmış sənədlərində də belədir. Aydın məsələdir ki, hökumət, İqtisadi Sabitlik Şurası mümkün olan qədər manatın məzənnəsini sabit saxlamaqda qərarlıdır, buna çalışacaqlar. Amma onu da qeyd etmək lazımdır ki, xüsusilə 2024-cü ilin sonlarından başlanan proseslər, 2025-ci ilin əvvəlindən beynəlxalq ticari-iqtisadi münasibətlərdə gedən köklü dəyişikliklər, neft bazarındakı qiymət enişi, Azərbaycanda yaranmış yeni çağırışlar, o cümlədən işğaldan azad olunmuş əraziləri bərpasına irihəcmli vəsaitlərin ayrılması, həmin vəsaitlərin idxalı artırması, bu artımın tədiyə balansı üzərində yaratdığı təzyiqlər, müsbət ticarət saldosunun azalması kimi məsələlər uzunmüddətli dövrdə manatın məzənnəsinin sabit saxlanması imkanlarını xeyli dərəcədə məhdudlaşdırır. Bütün bunları nəzərə almaqla, düşünürəm ki, uzunmüddətli dövr üzrə manatın məzənnəsinin sabit qalması ehtimalı 50 faizdən yuxarı deyil”.
Ekspertə görə, manatın məzənnəsinin 2030-cu ilədək sabit saxlanması birbaşa dünya neft qiymətlərindən asılı olacaq: “Burada əsas rolu neftin dünya bazar qiyməti oynayacaq. Əgər qiymət 70 dollar və ondan yuxarı olacaqsa, dollar\manat məzənnəsi dəyişməyəcək. Ondan aşağı düşərək, uzun müddət belə qalacaqsa, böyük çətinliklər meydana çıxacaq”.
Qeyd edək ki, "Fitch" iyun proqnozunda 2025-ci ildə neft qiymətinə dair proqnozunu 70 dollardan 65 dollara qədər azaldıb. Ondan başqa digər qurumlar da yaxın və ortamüddətli dövrdə neft qiymətlərinin 60-65 dollar ətrafında olacağını gözləyirlər.
Azərbaycan üçün neftin qiyməti ilə yanaşı, hasilatın azalması da çətinlik yaradır. Belə ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanda əmtəəlik neft hasilatı 11,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.
Azərbaycan hökuməti, milli neft şirkəti olan SOCAR və yataqlarda işləyən xarici şirkətlərlə əldə olunan razılaşmaya əsasən, neft hasilatında düşmə sürətini azaltmaq üçün bir sıra addımlar atılır. Bu addımlardan biri ölkənin ən böyük neft yatağı olan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları yerləşən “Mərkəzi Azəri” platformasında yeni qaz kompressor qurğusunun quraşdırılmasıdır. BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin açıqladığı məlumata görə, bu lahiyə AÇG-də neft hasilatının azalmasının sürətinin azalması və stabilləşdirilməsi tədbirləri çərçivəsində həyata keçiriləcək.
Bildirilib ki, yeni qurğu laylara qazın vurma həcmini artırmağa imkan verəcək. Qordon Birrel qeyd edib ki, AÇG-də hasilatın düşmə sürətini azaltmaq məqsədi ilə bir sıra tədbirlər görülür. Bu tədbirlər sırasında, təzyiqin artırılması üçün laylara daha çox su və qaz vurulur.
SOCAR daxilində isə ötən bir il ərzində müasir suvurma üsullarının tətbiqi ilə bağlı əhəmiyyətli layihələr icra edilib və gələcəkdə bu istiqamətdəki layihələrin daha da genişləndirilməsi qarşıya hədəf qoyulub. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanovun sözlərinə görə, hasilatın stabilləşdirilməsi istiqamətində mühüm hesab edilən suvurma prosesinin “Günəşli” və “Neft Daşları” ilə yanaşı, digər yataqlarda da tətbiq edilməsi vacib sayılır, bununla bağlı planlama aparılır. Artıq “Pirallahı” yatağında suvurma sisteminin qurulması ilə əlaqədar ilkin addımlar atılır. “Qərbi Abşeron”, “Lökbatan” və s. yataqlarda da mühüm layihələrin icrası planlaşdırılır.
Bundan əlavə, Azərbaycanda yeni yataqlardan da neft hasilatına başlanması nəzərdə tutulur. İyunun əvvəlində Bakı Enerji Forumu çərçivəsində BP şirkəti ilə SOCAR arasında Böyük Britaniya şirkətinin “Qarabağ” yatağının işlənməsi layihəsinə qoşulmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən BP Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən “Qarabağ” neft yatağının kəşfiyyatı və işlənməsi layihəsində 35 faiz pay alıb. Bu, müstəqillik dövründə Azərbaycanda kəşf olunan ilk neft yatağıdır. 2020-ci ildə SOCAR və Norveçin "Equinor" şirkəti yatağın açıldığını elan ediblər. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. Yatağın işlənməsinə dair müqavilə 1995-ci ildə imzalanmışdı. 2023-cü ilin dekabrında "Equinor" 50 faizlik iştirak payını SOCAR-a sataraq yataqdan çıxıb.
BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin dediyinə görə, “Qarabağ” yatağında yaradılacaq infrastruktur “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda mövcüd infrastruktura qoşulacaq. Onun sözlərinə görə, qeyd olunan proses “Qarabağ” yatağının işlənilməsinə tez bir zamanda başlamağa imkan verəcək: “Plana görə, "Qarabağ"dan ilk neftin çıxarılması 2029-cu ildə baş tutacaq. Çox güman ki, yataqda kiçik platforma quraşdırılacaq və bu platforma AÇG-nin mövcud infrastrukturuna qoşulacaq".
Onu da qeyd edək ki, Azərbaycan hökumətinin hazırladığı ortamüddətli büdcə çərçivə sənədinə 2029-cu ilədək hasilatın azalması səbəbindən neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmaların azalacağına dair gözləntilər daxil edilib. Belə ki, 2029-cu ildə neft və qaz hasilatının artacağı proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən 2025-ci ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatının artması sektorun inkişafına artırıcı təsir edəcək. 2027-2029-cu illərdə neft və əmtəəlik qaz hasilatı (2029-cu il istisna olmaqla) üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma proqnozlaşdırılıb.
Buna uyğun olaraq 2029-cu ildə qeyri-neft/qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2026-cı ilin göstəricisi ilə müqayisədə 6,9 faiz bənd artaraq 61,9 faiz, mütləq ifadədə isə 19,4 faiz artaraq 25,8 milyard manat təşkil edəcək. Eyni zamanda dövlət büdcəsinin neft-qaz gəlirləri 2026-cı illə müqayisədə 10,3 faiz azalaraq dövrün sonunda 15,8 milyard manata qədər enəcək. Müvafiq olaraq 2025-ci ildə neft-qaz sektorunun ÜDM-ə töhfəsinin 37,3 milyard manat (28,5 faiz), 2026-cı ildə 34,4 milyard manat (25,3 faiz), 2027-ci ildə 34,1 milyard manat (23,7 faiz), 2028-ci ildə 32,5 milyard manat (21,4 faiz), 2029-cu ildə isə 33,5 milyard manat(20,6 faiz) təşkil edəcəyi gözlənilir.
Dünya SAKİT,
“Yeni Müsavat”
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ