İnsanlara hürriyət, millətlərə istiqlal!

Okeanın o tayından yenə “dini etiqad” böhtanı

Siyasi şərhçi deyir ki, USCİFR-in hesabatı bəlli dairələrin sifarişidir

Bildirilir ki, dinləmələr USCIRF-in bu ilin fevralında Azərbaycanda erməni əhaliyə münasibətdə guya hərbi cinayətlər törədilməsi, dini təqiblər və “artsax”dakı mifik erməni tarixi varlığını silmək üçün sistematik cəhdlərlə bağlı “sübutları üzə çıxaran” (?! - red.) faktaraşdırıcı missiyasının ardınca keçirilib. USCIRF ABŞ-ı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasında iştirak edən” Azərbaycanın dövlət qurumlarına və məmurlarına sanksiyalar tətbiq etməyə səsləyib.

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Son günlər ABŞ Konqresinə bağlı Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyanın (USCIRF) Azərbaycana yönəlik açıqlamaları bir daha göstərdi ki, bəzi dairələr ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul edə bilmir və bu uğurlu prosesi müxtəlif siyasi ittihamlarla kölgələməyə çalışır. USCİRF-in "artsaxda dini azadlıqların pozulması", “ermənilərə qarşı etnik təmizləmə”, “dini abidələrin məhv edilməsi” və “erməni əsirlərə qarşı sui-istifadə” kimi iddiaları tamamilə əsassız və qərəzlidir. Bu tip bəyanatlar daha çox ermənistanyönümlü lobbi qruplarının təsiri altında formalaşır və reallıqla heç bir əlaqəsi yoxdur.

Əslində Azərbaycanın dini və mədəni müxtəlifliyə münasibəti, dünyada tolerantlıq nümunəsi kimi tanınır. Ölkəmizdə müsəlmanlarla yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub icmalar da sərbəst fəaliyyət göstərir. Bakının mərkəzində yerləşən və uzun illər qorunan erməni kilsəsi buna bariz nümunədir. Təkcə bu fakt belə Azərbaycanda dini dözümlülüyün dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu göstərir. Üstəlik, son illərdə Azərbaycana səyahət etmiş ermənilər və əcnəbi jurnalistlər də bu tolerantlıq mühitini öz gözləri ilə görüb təsdiqləyiblər.

Azərbaycan Ordusu 2020-ci ildə əraziləri işğaldan azad edərkən, heç bir dini abidəyə ziyan vurulmayıb, əksinə, bütün tarixi və dini məkanlar qorunub. Bu, dövlət səviyyəsində qəbul edilmiş siyasi iradənin nəticəsidir. Qarabağda və ətraf bölgələrdə işğal zamanı isə vəziyyət tam əksinə olub: məscidlər, qəbiristanlıqlar, türbələr və digər müsəlman abidələri erməni silahlı birləşmələri tərəfindən dağıdılıb, bəziləri isə təhqiredici məqsədlərlə istifadə olunub. Tərtib olunmuş beynəlxalq hesabatlar, fotomateriallar və şahid ifadələri bu vandalizm aktlarını açıq şəkildə təsdiqləyir".

Erməni kilsələrinin guya dağıdılması və ya məhv edilməsi ilə bağlı iddialara gəldikdə isə analitik qeyd edib ki,  burada ciddi tarixi və elmi təhlilə ehtiyac vardır: “Qarabağ və ətraf ərazilərdəki bir çox "erməni" kilsəsi əslində Qafqaz Albaniyasına məxsus qədim xristian abidələridir. Bu abidələr zamanla erməniləşdirilib və üzərində saxtalaşdırılmış yazılar yerləşdirilib. Azərbaycan bu abidələri öz tarixi kimliyinə qaytarır və onların qorunması üçün müvafiq tədbirlər görür. Bu proses, dini dözümsüzlük deyil, əksinə, tarixi ədalətin bərpasıdır.

Azər Hüseynov: “Bu, Kremlə verilən incə bir mesajdır” | Hafta.az

 Azər Hüseynov 

USCİRF-in çağırış etdiyi  “sanksiya” ritorikası isə həm beynəlxalq hüquqa, həm də ABŞ-ın özünün elan etdiyi dini azadlıqlar prinsiplərinə ziddir. Belə çağırışlar regionda davamlı sülh və etimad mühitinə xidmət etmir, əksinə, etnik və dini zəmində yeni qarşıdurmalara zəmin yaradır. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirdiyi siyasət beynəlxalq hüquqa, xüsusilə də dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaq prinsipinə əsaslanır.

Sonda bir daha qeyd olunmalıdır ki, Azərbaycanda qeyri-müsəlman dini icmalara qarşı hər hansı sistemli təzyiq və ya təqibdən danışmaq tamamilə əsassızdır. Ölkəmizdə yəhudi sinaqoqları, pravoslav və katolik kilsələri, protestant ibadət evləri, o cümlədən Alban-Udi icmasının fəaliyyət göstərməsi və dövlət tərəfindən dəstəklənməsi Azərbaycanın dini plüralizmə verdiyi dəyərin göstəricisidir. Bu reallıqları görmək üçün heç də mürəkkəb araşdırmalara ehtiyac yoxdur - sadəcə olaraq, istənilən obyektiv əcnəbinin Azərbaycana səfəri yetərlidir".

 Hazırladı: Afaq Mirayiq

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR