İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəmizdəki arıları oliqarxların tamahı öldürür - təfərrüat

Arıçı deyir ki, bu işə qeyri-peşəkar şəkildə yanaşırlar, həm xəstəliyi yayırlar, həm də arıları qırırlar; “Rusiya adı ilə Çin istehsalı olan dərmanlar gətirilir, bu da...”

Bu il havaların qeyri-sabit keçməsi və aramsız yağan yağışların ən ciddi təsiri arıçılığa olub. Bildirilir ki, ölkədə arıçılığın inkişaf etdiyi rayonların demək olar ki,  hamısında vəziyyət eynidir, arıların “çölə çıxa bilməməsi” bal istehsalında məhsuldarlığa aşağı salıb. Ekspertlərə görə,  iyun başlayandan da havaların yağışlı olması arıçılara təsir edib, indi əsas ümid bundan sonra havaların stabilləşməsinədir.

O da bildirilir ki, zatən son illər ölkə üzrə bal istehsalında 30-40%-dən çox azalma vardı, arı ailələrinin də sayı azalıb. Arıçılar bunu arıların azalmasını  iqlim dəyişikliyi ilə izah edirlər. Arıların azalmasının kənd təsərrüfatına da mənfi təsiri çoxdur. Bitkilərin təxminən 70%-i arıların köməyi ilə tozlanır. Məsələn, alma, armud, çiyələk və digər çiçəkli bitkilər arıların tozlanması nəticəsində yetişir. Tozlanma prosesi azalarsa, məhsul istehsalı da azalır. Yəni arıların azalması təkcə bal istehsalına deyil,  kənd təsərrüfatı məhsullarının qıtlaşmasına da səbəb ola bilər.

Maraqlıdır ki, arı ailələrinin sayının azalmasını  arıçıların peşəkarlıq səviyyəsinin aşağı olması ilə əlaqələndirənlər də var. Arıçılar hər mövsümdə xəstəliklərlə mübarizə aparmalıdırlar. Əgər arıçı peşəkar deyilsə və kifayət qədər biliklərə sahib deyilsə, arı ailələrinin saxlanılması və xəstəliklərlə mübarizə səmərəsiz olur. Arılara vaxtında gigiyenik tədbirlər aparılmasa, arılarda xəstəliklər artır. Həmçinin vaxtında köçürmə prosesi aparılmasa, nektar tapmaq çətinləşir. Bəzi imkanlı şəxslər pul qazanmaq məqsədilə bu sahəyə girişiblər, amma  peşəkar arıçılar tapmaq çətin olduğu üçün arı ailələri bu sahədə zəif bilgiləri olanların ucbatından qırılırlar. Ona görə də hətta belə təkliflər var ki, arıçılar üçün xüsusi kurslar təşkil edilməli və burada iştirakçılar müasir texnologiyaların tətbiqini öyrənərək sertifikat almalıdırlar.

Məlumat üçün bildirək ki, ötən il 30 min 601 təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kiloqram arı südü əldə olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun - 16,5 manat, vərəmumun - 109,7 manat, güləmin - 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub. 2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 faiz, mum istehsalı 23,5 faiz, vərəmum istehsalı 43 faiz, arı südü istehsalı 14,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,4 faiz azalsa da, bal istehsalı 13,5 faiz, güləm istehsalı 88,8 faiz artıb. Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.

Sabir Mustafayev: Arıların bol məhsul verə bilməsi üçün zəngin yem bazası  olmalıdır - AZƏRTAC

Sabir Mustafayev

Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədr müavini Sabir Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Kimlərin bu işə əl qoyduğunu dəqiq deyə bilməyəcəm. Amma yaxşı arıçı özünə arı saxlayır. Onlar isə bu işə qeyri-peşəkar şəkildə yanaşırlar, həm xəstəliyi yayırlar, həm də arıları qırırlar.

Ölkəmizə keyfiyyətsiz dərmanlar gətirilir. Rusiya adı ilə Çin istehsalı olan dərmanlar gətirilir. Keyfiyyətsiz dərmanlar bu gün də problem olaraq qalır. Əsas xəstəliyi isə Varroa gənələri yayır. Dərmanlar ölkəmizə nizamsız qaydada daxil olur. Onların keyfiyyətinə cavabdeh olan bir qurum olmalıdır. Yaxud da qaçaqmalçılıqla gətirilən dərmanlar müsadirə edilməlidir. Biz dəfələrlə Rusiya istehsalı dərmanlar almışıq, həmin şirkətin nümayəndəsinə göstərmişik, onlar isə bu seriyadan dərmanın olmadığını bildiriblər. Dərmanların tərkibi düzgün deyil. Əsasən də Çin istehsalı olan dərmanlara həddən artıq zəhər vurulur - gənəni öldürmək üçün. Gənə daha güclü zəhəri gördükdən sonra artıq az dozalı dərmanlar ona təsir etmir. Həm də o dərmanların zəhəri çox olduğuna görə həm balı, həm də arının üstündəki mumu çirkləndirir. Yəni bu dərmanların hesabına ölkəmizdə keyfiyyətsiz ballar istehsal olunur".

Mütəxəssis qeyd edir ki, bu sahəyə mütləq ciddi nəzarət olunmalıdır: “Bizim öz aramızda qohumlar var ki, dörd il dalbadal arı alır, amma o biri il qırılır. Arı peşəkarların əlində olmalıdır. Qeyri-peşəkarlar həm xəstəliyi yayır, həm də mənfəət əldə edə bilmirlər. Mənim yanımdan bəlkə də ondan çox arıçı ayrılıb, işi öyrəniblər, indi isə özləri arı saxlayırlar. Yəni yaxşı arıçı özü arı saxlayır. Bu, mal-qara deyil ki, alıb saxlayasan. Arıçılıqda çox bilgili olmaq lazımdır. Təkcə Varroa gənəsi 30-35-dən çox virus yayır. Bu xəstəlikləri idarə etmək üçün daha çox bilik gərəkdir. Mən 40 ildən çoxdur ki, arıçılıqla məşğulam, amma hələ də bilmədiyim çox şey var. On il əvvəl arı saxlamaqla bu gün arı saxlamaq arasında çox fərq var. Qlobal istiləşmə arıçılığa yeni yanaşma tələb edir. Təcrübələrdən faydalanmaq lazımdır. Hazırda biz İsmayıllı zonasındayıq, bütün ana arıları izolyasiya edirik. Arıda toxum qoymanı dayandırmaq üçün bunu edirik. Bu xəstəliklər arının qoyduğu sürfələrlə yayılır.

Bütün ana s bir aylıq təcrid etmişik ki, toxum qoymasınlar. Bal süzümündən sonra dərmanlama aparacağıq. Çünki bal vaxtı dərmanlama aparsaq və içəridə sürfə olsa, onun nə xeyri olacaq, nə də bal keyfiyyətli olacaq. Əfsus ki, bəzi arıçılar buna yol verir. Məsələn, içəridə bal ola-ola dərmanlama aparılır.

Kəlbəcərdə də belə edəcəyik. Fikrimiz var ki, arıları daha soyuq yerdə qışladaq ki, sürfə qoyma dayansın. Çünki qlobal istiləşmənin təsirindədir - arılar qış yuxusuna getmir, yatmır. Qışda sürfə qoyur, bu zaman həm zəifləyir, həm də parazitlər çoxalır. Yəni tamam fərqli yanaşma lazımdır. Arıçılar təbii dərmanlardan istifadə etməlidirlər. Bu ildən istifadə etdiyimiz dərmanlar quzuqulağı və qarışqa turşusudur. Bu maddələr balı çirkləndirmir".

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR