İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkənin əmək bazarında gənclərə niyə şərait yaradılmır?

“Gənclər tənbəldir, işləmək istəmir” iddiası - yalan, yoxsa...

“4 Day Week Global” beynəlxalq təşkilatının alimləri müəyyən ediblər ki, maaşlar kəsilmədən dördgünlük iş həftəsinə keçid həm işçilər, həm də biznes üçün faydalıdır. Araşdırmanın nəticələri “Nature Human Behavior” jurnalında dərc olunub.

Dördgünlük iş həftəsi işin məhsuldarlığını artırır?

Tədqiqatçılar müəyyən ediblər ki, dördgünlük iş həftəsi stres səviyyəsini əhəmiyyətli dərəcədə azaldır və işçilərin məhsuldarlığını artırır. Eyni zamanda şirkətin gəlirləri də artır. Yeni iş qrafikinin effektivliyi 33 şirkətin iştirak etdiyi araşdırmanın birinci mərhələsindən sonra təsdiqlənib. Araşdırmada iştirak edən təşkilatların heç biri həftədə dörd gün işləməyin əleyhinə olduğunu bildirməyib.

Xatırladaq ki, 2024-cü ildə min britaniyalı işçi eksperiment çərçivəsində dördgünlük iş həftəsinə keçirilib. Müəssisələr bu yolla ölkənin leyborist hökumətini Birləşmiş Krallığın bütün ərazisində belə bir rejim tətbiq etməyə inandırmaq istəyirlər. “Böyük Britaniyada min işçi leyborist hökuməti zamanı dördgünlük həftə kampaniyasının ilk rəsmi eksperimenti çərçivəsində maaş itkisi olmadan əlavə istirahət günləri alacaq”, - deyə nəşrdə qeyd olunub. Eksperimentdə hazırda 17 müəssisə iştirak edir. Gələcəkdə onlara daha dörd müəssisə qoşulacaq. Həmçinin qeyd olunur ki, bəzi şirkətlər hər iki həftədən bir əlavə istirahət günü ayırmaqla qrafiki sınaqdan keçirməyi qərara alıblar. Eyni zamanda məqalə müəllifləri yazırlar ki, hakimiyyəti dördgünlük iş həftəsinin tətbiqinin zəruriliyinə inandırmaq çətin ola bilər, çünki bu, əvvəlcədən leyborist hökumətinin planlarına daxil deyildi.

Xüsusilə texnologiya, media, tərcümə, dizayn və xidmət sahələrində bu tendensiya daha güclüdür. Bu dəyişiklik təkcə əmək bazarının deyil, həm də gənc nəslin dəyərlərinin dəyişməsindən xəbər verir.

Gənclər hansı işlərə üstünlük verir?

Son illərdə Azərbaycanda gənclər arasında freelancerlik, part-time və sezon işlərinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Əvvəllər daimi iş axtaran gənclər indi daha çox dəyişkən qrafik, qısamüddətli əmək müqavilələri və layihə əsaslı işlərə üstünlük verirlər. Araşdırmalar sübut edir ki, sosial media platformaları da bu iş modellərinin yayılmasında mühüm rol oynayır. TikTok və İnstagram kimi platformalarda freelancer həyat tərzi təbliğ olunur və gənclər arasında geniş yayılır.

Statistika nə deyir?

2023-cü ilin FES və CRRC (Cənubi Qafqaz Tədqiqat Resurs Mərkəzi) araşdırmasına əsasən:

18-29 yaşlı Azərbaycan gənclərinin yalnız 27%-i tam ştatlı işdə çalışır,

4%-i part-time,

5%-i müvəqqəti işlərdə,

14%-i isə freelancer və ya özünüməşğuldur.

Eyni araşdırmaya əsasən, NEET göstəricisi (təhsil, məşğulluq və təlimdə olmayan şəxslər) ümumilikdə 25%-dir.

Qadınlar arasında bu göstərici 39%,

Kişilər arasında isə 12% təşkil edir.

 Region fərqlərinə gəlincə:

Bakıda gənclərin 59%-i işləyir,

Regionlarda isə bu göstərici təxminən 45%-dir.

İşəgötürən istəyir təcrübəli işçini qəbul etsin - bəs bu gənc təcrübəni harada qazansın?

Barassociation.az - Mətbuat səhifələrindən - “Ölkə rəhbərliyi vəkillik  institutuna dəyər verir” – Sahib Məmmədov

Sahib Məmmədov 

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, gənclərin məşğulluğunun təmin olunmasında yaranan problemin kökü təhsil sistemindən qaynaqlanır. Müsahibimizin sözlərinə görə, hökumətin işsizlik problemi ilə bağlı ortaya qoyduğu rəqəmlər ciddi şübhə doğurur. Bununla belə, həmin rəqəmlərdə də gənclər ön plandadır: “Təhsillə bağlı da problem vardı. Məsələn, mən həmişə misal çəkirəm ki, 16 yaşlı alman gənc məktəbi bitirəndə öyrəndiyi bir peşə olur. Amma bizdə belə deyil. Oğlanları götürək. Təhsilini bitirən oğlan əmək bazarına 21-22 yaşında daxil olmağa başlayır. Bu, artıq onun üçün gec olur. Azərbaycanda gənclərin işsiz olmasının əsas səbəbi əhali artım dinamikası ilə bağlıdır. Əhalinin, ümumiyyətlə, 64 faizi yaşı 40-a çatmayanlardır.  Bu, doğumun yüksək səviyyəsi ilə xarakterizə olunur. Hər 100 nəfərə 8.4. min nəfər artım var. Bu isə Rusiyada 0 həddindədir. İş bazarında 4 faizi ahıl insanlardər. Demoqrafik və təhsil faktor, ümumi əhali sıxlığı, hər kvadrat kilometrə 142 nəfər düşməsi ciddi faktorlardır. Halbuki Qazaxıstanda bu rəqəm 6.2, Rusiyada 8.5 nəfərdir. Bundan başqa, əhalinin coğrafi olaraq qeyri-bərabər paylanması da vacib faktorlardandır. Elə rayonlar var ki, orada əhali sıxlığı azdır. Bu da coğrafi baxımdan qeyri-bərabər bölünmənin nəticəsidir. Rayonlarda iş yerinin olmaması, aqrar sektorun çökməsi, yerlərdə olan aqrar sektor sahəsinin inkişaf etməməsi ciddi səbəblər sırasındadır”.

S.Məmmədov bildirdi ki, hazırkı təhsil sistemi praktik vərdişləri olan məzun yetişdirə bilmir. Onun sözlərinə görə, bu da həmin məzunların əmək bazarına daxil olmasında problemlər yaradır: “İşəgötürən istəyir ki, qəbul elədiyi adam işə peşəkar səviyyədə başlasın. Amma bizim təhsil sistemimiz hələ belə kadr yetişdirə, mütəxəssis hazırlaya bilmir. Ümumi iqtisadi fəal əhalinin 22 faizini gənclər təşkil etməsi böyük rəqəm deyil, amma gənclər arasında da işsizlik istisna deyil”.

Gənclər iş yerlərində istismar olunur, amma qovulmamaq üçün razılaşırlar

Sosioloq Təranə Quliyeva isə deyir ki, Azərbaycanda guya gənclərin işləmək istəməməsi, internetin əsiri olub da, asan gəlir arxasınca qaçması kimi bir stereotip mövcuddur. Əslində bir çox hallarda ali məktəb məzunları öz sahələrinə uyğun olmayan sahələr üzrə belə təhsil alırlar. Məsələn, Dövlət Neft Akademiyasının məzunu olan qızların vizajist, saç ustası olması ilə bağlı yüzlərlə nümunə gətirə biləcəyini deyən müsahibimizə görə, əmək bazarı hazırkı şərtlərdə olduqca ağırdır: “Siz soruşursuz ki, gənclər çox işləmək istəmədikləri üçün dördgünlük iş həftəsinə keçidi dəstəkləyirlərmi. Mənsə deyirəm ki, gənclər öz ixtisasları üzrə iş tapmasalar belə, harda olursa olsun, həftədə 6 gün fasiləsiz işləməyə razıdılar. Təki qazancları olsun”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanda mağazalarda, marketlərdə iş şərtləri, işçinin hüquqları kəskin şəkildə pozulur. Onun sözlərinə görə, bütün gün ayaqüstü şəraitdə çalışan qızlar, gənc qadınlara cəmi bir dəfə yarım saatlıq nahar fasiləsi, bir dəfə də 10 dəqiqəlik çay fasiləsi verilir: “Bu, əməyin istismarıdır. Amma onlar işsizliyə görə bununla razılaşmağa məcburdular”.

Yazını hazırladı: Sevinc

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR