İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəl qəbiristanlıq

Yas mərasimlərindən ehsanın yığışdırılması üzrə dövlət proqramı davam etməkdədir. Hər gün, mövzuya heç uyğun gəlməsə də, sevindirici xəbər alırıq: filan rayonda da ehsan aradan qalxmışdır.

Ağsaqqallar yığışdılar, qərar verdilər, ancaq çay və limon olacaqdır və sairə - orta məzmun belənçikdir. Lakin limon özü bəzən ehsandan baha çıxır, düşünürəm gələcəkdə limonsuz ehsan nəzərdə tutulsa, xalqın rifahı daha da yüksələr.

Əlbəttə, yuxarıda yazdığım “ağsaqqalların qərarı” temasının nağıl olduğunu hamımız yaxşı bilirik. Bu işdə hökumətin göstərişi olmasa, heç zad mümkün deyildir. Ehsan-molla mafiyası bu sahədəki gəlirlərindən asanlıqla əl çəkməz. Yəqin əvəzində nəsə veriblər. Hər halda, hökumətin son illər molla sektorunu ciddi nəzarətə götürmək istədiyi ortadadır. Şəxsən mən bunu alqışlayıram. Eyni zamanda molla sektorunun güclənməsinə iqtisadi-siyasi proseslərin, hökumətin elə öz addımlarının səbəb olduğunu da mütləq qeyd etməliyəm. Camaat çox zaman yerdə dərdinə əlac tapmayanda əlini göyə qaldırır. Bunu dünyanın inkişaf eləmiş ölkələrində dinə inananların, kilsə ziyarət edənlərin statistikası da göstərir. (Niyə təkcə kilsə ziyarətini yazdım, onu da izah edə bilərəm: məscid ziyarəti ənənəvi olan ölkələr arasında ümumiyyətlə inkişaf edəni yoxdur).

Mövzu açılmışkən... Bu yaxında informasiya vardı, Bakıdakı hansısa məzarlıqda 3-4 qəbir yerini 50 min manata satmaq istəyən bələdiyyə işçisinə cinayət işi qaldırılmışdı. Amma bu, yeganə hal deyil ki? Ümumiyyətlə, məzar yerlərinin alqı-satqısı sahəsində böyük bir dərəbəylik, bardak var. Bunları tənzimləyən hər hansı dövlət, hökumət siyasətinə rast gəlmirik. Olmazmı bunu da hansısa ASAN-xidmət tipində idarəyə tapşırsınlar?

Bir tanış var idi, çoxdandır görmürdüm. Təzəlikcə təsadüfən oğlu ilə rastlaşdım, məlum oldu kişi hələ 2019-cu ildə rəhmətə gedibdir. Vaxtı göstərməyimin isə mənası var: oğul söylədi ki, atasını Bakı ətrafındakı bir məzarlıqda dəfn etmək üçün ondan 8 min manat istəyiblər.

Təsəvvür edin. Hələ 6 il qabaq 8 minə olan qəbir yeri indi neçəyə olar? Özü də oğul dövlət qulluqçusudur və... hüquq-mühafizə orqanında çalışır. Yəni bu cür qanunsuz hallarla mübarizə aparmalı olan idarənin özündə! (İcazəsini almadığım üçün adını və iş yerini yazmadım. Lakin məzarlığın Biləcəri ərazisində olduğunu aça bilərəm).

Ən maraqlısı isə daha sonra səsləndi. Açığı, mən belə fakta bu yaşımda rast gəlməmişdim. Oğul dedi ki, 1 məzar yerinin 8 minə olduğu həmin qəbristanlıq... özəl imiş! Kimsə, bir biznesmen həmin torpaqları haçansa alıb qoyub başının altına, indi bala-bala, xırda-xırda dilimləyib qəbir yeri kimi satırmış.

Sərfəli biznesdirmi? Əlbəttə. Orta hesabla 1 qəbir yerini maksimum 2-3 kvadrat metrdən hesablasaq, hətta fantastik gəlirli işdir (2020-ci ildə qəbul edilmiş, heç kəsin əməl eləmədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilib). Çünki Bakıda torpağın 1 sotunu, yəni 100 kvadrat metrini 10-15 minə almaq mümkün yerlər var. Kobud hesablasaq, misal üçün, 1 sot torpağı 15 minə alıb, tikələyib sataraq (100:3=33,3x8=266) 250 min manata yaxın təmiz gəlir əldə edirsən.

Bu alveri bələdiyyənin, icranın, orqanların himayəsi olmadan kim edə bilər?

Yaxud ağsaqqallar ehsan qazanını yığışdırandan sonra bu məsələ üzrə də qərar verə bilərmi?

P.S. Əslində mən o ehsan yığışdırma işinə də çox güvənmirəm. Nəsə bir kampaniyadır. Yenə başlayacaqlar. Çünki dəfələrlə belə şoulara rast gəlmişik.

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR