Onlayn ictimai-siyasi qəzet
Pakistan Milli Təhlükəsizlik Şurası (MTŞ) Pakistan Silahlı Qüvvələrinə Hindistanın təcavüzünün qarşısını almaq üçün cavab tədbirləri sərbəstliyi verib.
Musavat.com Pakistanın “Samaa TV”sinə istinadən xəbər verir ki, mayın 7-də Pakistan Baş nazirinin iqamətgahında Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib.
Şura ölkənin özünümüdafiə hüququnu bəyan edərək, ölkənin silahlı qüvvələrinə cavab tədbirləri görmək səlahiyyəti verib. Pakistan Milli Təhlükəsizlik Şurası Silahlı Qüvvələrə bu səlahiyyəti verərkən BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edib.
Həmin maddəyə əsasən silahlı hücuma məruz qalan dövlətin fərdi və ya kollektiv özünümüdafiə hüququnu tanınır.
"Pakistan istədiyi vaxt, yerdə və öz seçdiyi şəkildə cavab vermək hüququnu özündə saxlayır", - görüşdən sonra verilən bəyanatda deyilir.
“Samaa” yazır ki, orduya Hindistandan qisas almaq üçün Silahlı Qüvvələrin rəhbərliyinə "hərəkət azadlığı" verilib. Kanalın sözlərindən sitat gətirdiyi MTŞ iclasının iştirakçılarından biri söz verib ki, “hər bir Hindistan zərbəsinə iki Pakistan zərbəsi vurulacaq”.
MTŞ Pakistanın regionda sülh istədiyini, lakin suverenlik və milli ləyaqət məsələlərində güzəştə getməyəcəyini vurğulayıb.
Şura həmçinin beynəlxalq ictimaiyyətdən Hindistanın hərəkətlərinə dərhal diqqət yetirməyi tələb edib. Milli Təhlükəsizlik Xidməti xəbərdarlıq edib ki, eskalasiya regional sülh və sabitliyə ciddi təhlükə yaradır. Milli Təhlükəsizlik Şurasının qərarlarının təsdiq edilməsi və vəziyyətlə bağlı nazirlərin məlumatlandırılması üçün hökumətin iclası çağırılıb. Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistanın Pəncab əyalətinə və Kəşmirin Pakistanın nəzarətində olan hissələrinə silsilə hava zərbələri endirib. Hindistan bəyan edib ki, “Sindoor” əməliyyatı aprelin 22-də Pahalqam qəsəbəsində, əksəriyyəti turist olmaqla 26 nəfərin ölümünə səbəb olan terror hücumuna cavab idi. Pakistan isə Pahalqamda baş verən hadisənin təxribat olduğunu bəyan edib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ