İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın 27 il əvvəlki yazısı üzə çıxdı: “Azərbaycan və Türkiyənin günahsız qurbanlarını niyə görməzlikdən gəlirik?” - VİDEO

Musavat.com xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın 1998-ci ilə aid gənclik görüntüləri və həmin dövrdə yazdığı məqalə ilə bağlı məlumatlar üzə çıxıb. Bu fakt Paşinyanın siyasi portretinə yeni işıq salır və onun Azərbaycan–Türkiyə məsələlərinə yanaşmasının yalnız son illərin “məğlubiyyət sülhçülüyü” ilə bağlı olmadığını göstərir.

Gəlin onun gəncliyinə qısa ekskurs edək: Nikol Vovayoviç Paşinyan 1 iyun 1975-ci ildə İcevan şəhərində anadan olub. İxtisasca jurnalistdir. 1998-ci ildə öz qəzetini təsis etsə də, bir il sonra “böhtan yazıları” bəhanəsi ilə bağlandı. O, həmin dövrdə Serj Sarkisyanı təhqir etdiyi üçün məhkəməyə çəkilərək bir illik həbs cəzası aldı. Daha sonra, 1999–2012-ci illərdə “Haykakan Zhamanak” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərdi.

WhatsApp Image 2025-08-24 at 21.50.16.jpeg (49 KB)

Paşinyan jurnalist kimi həm hakimiyyətin korrupsiyasına, həm də Rusiyadan asılı xarici siyasətinə kəskin tənqidlər yönəldirdi. O illərdə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın siyasi xəttinə yaxın idi, lakin Robert Koçaryan, Serj Sarkisyan və onların müttəfiqlərinə qarşı ən sərt müxalif simalardan birinə çevrildi. Ən önəmlisi isə – Ermənistanın Moskvanın orbitindən çıxmasını, region ölkələri, xüsusən də Türkiyə ilə yaxın münasibətlər qurulmasını açıq şəkildə müdafiə edirdi.

WhatsApp Image 2025-08-24 at 21.49.50.jpeg (57 KB)

1998-ci ildə Paşinyanın qələmə aldığı “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqdır” başlıqlı yazısı isə bu gün də müzakirə olunur. O, həmin məqalədə belə bir sual qoymuşdu:

“Niyə hər dəfə söhbət Azərbaycan və Türkiyənin günahsız qurbanlarına gəldikdə ermənilərin şüuru qaralır?”

Üstəlik, Paşinyan 20 Yanvar faciəsini ayrıca yad edərək yazırdı: “Yanvarın 20-də Bakıda 1990-cı illərin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim.”

Bu yanaşma Ermənistan ictimaiyyətində yayılmış birtərəfli düşüncə stereotiplərinə qarşı çıxış idi və Paşinyanın gənclikdən Azərbaycan xalqının faciəsinə empatiya göstərən bir mövqeyə sahib olduğunu göstərirdi.

WhatsApp Image 2025-08-24 at 21.48.37.jpeg (34 KB)

Paşinyanın siyasi yolunda önəmli məqamlardan biri onun gəncliyində Levon Ter-Petrosyanla bağlı olmasıdır. Ter-Petrosyan hələ 1990-cı illərdə Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmağa, Qarabağ məsələsində isə kompromis axtarışına yönəlmişdi. Paşinyan da bu xətti açıq şəkildə dəstəkləyən gənc ziyalılardan biri idi.

Məhz buna görə də Paşinyan Koçaryan–Sarkisyan hakimiyyətlərinin Moskva yönlü siyasətini kəskin tənqid edir, Ermənistanı Rusiyadan asılı vəziyyətdən qurtarmağın vacibliyini vurğulayırdı. Onun jurnalistik fəaliyyəti dövründə yazdığı yazılar da erməni siyasi elitasında “təhlükəli qərbpərəst” damğası ilə qarşılanırdı.

Paşinyan Petrosyana söz atdı: 1998-ci ildə qaçdınız, lakin... -  Globalinfo.az

2008-ci il prezident seçkilərində Paşinyan Levon Ter-Petrosyanın ən sadiq tərəfdarlarından biri oldu. Seçkilərdə Serj Sarkisyanın qələbəsi elan edildikdən sonra baş verən və ən azı 10 nəfərin ölümünə səbəb olan kütləvi etiraz aksiyalarının liderlərindən biri kimi tanındı.

Onun adı bu hadisələrə görə “kütləvi iğtişaşlar təşkil etmək”də hallandırıldı və 2009-cu ilə qədər gizlənməyə məcbur oldu. Daha sonra yeddi il həbs cəzasına məhkum edildi. Lakin 2011-ci ilin mayında ümumi amnistiya çərçivəsində azadlığa buraxıldı.

2012-ci ildə Ter-Petrosyanın yaratdığı geniş müxalifət koalisiyası – Ermənistan Milli Konqresi sıralarından parlamentə deputat seçildi. Bir müddət sonra siyasi baxış fərqlərinə görə Ter-Petrosyandan uzaqlaşdı və özünün “Vətəndaş Müqaviləsi” partiyasını təsis etdi. Daha sonra iki müxalifət partiyası ilə birlikdə “Çıxış” blokunu qurdu. Bu birlik 2017-ci il parlament seçkilərində təxminən 8% səs topladı.

Ermənilərin "məxməri inqilab"dan gözləntiləri özünü doğrultmadı: Xalq  Paşinyanın yalanlarından bezib

Nəhayət, Paşinyan 2018-ci ildə Serj Sarkisyan və onun hökumətinə qarşı kütləvi etirazların lideri kimi ön plana çıxdı. “Meydan inqilabı” nəticəsində Sarkisyan istefaya məcbur oldu. Həmin ilin mayında parlament tərəfindən müvəqqəti baş nazir seçilən Paşinyan, dekabrda keçirilən növbədənkənar seçkilərdə qalib gələrək hakimiyyəti tam mənada ələ aldı.

2018-ci ildə hakimiyyətə gələn Paşinyan əvvəlcə “demokratik dəyişikliklərin siması” kimi təqdim olunurdu. Lakin qısa müddətdə Qarabağ məsələsində sərt bəyanatlarla çıxış etməsi, populist millətçi ritorikaya üz tutması onun gənclikdəki sülhpərvər imicindən uzaqlaşmasına səbəb oldu.

Musavat.com yazarına görə iqtidara gələr -gəlməz Paşinyan qəflətən “anormal ziyalı”dan “normal erməniyə” – yəni tipik revanşist liderə çevrildi. Bizcə həmin müddət Paşinyan güc zəhərlənməsinə məruz qalmışdı. Nəticə isə məlumdur: 2020-ci ilin müharibəsində Ermənistanın ağır məğlubiyyəti.

Bütün bunlara baxmayaraq, Paşinyanın 27 il əvvəl yazdığı məqalə və gənclikdəki publisistik fəaliyyəti göstərir ki, onun əsil düşüncə bazası dəyişməyib. Paşinyan hər zaman Rusiyadan uzaq, region ölkələri ilə, xüsusilə Azərbaycan və Türkiyə ilə normal münasibətlər tərəfdarı olub. Sadəcə, hakimiyyətin cazibəsi və “güc zəhərlənməsi” onu müəyyən müddət radikallaşdırıb.

Paşinyan bu həftə Rusiyaya səfər edəcək » Azxeber.com

Məğlubiyyətin yaratdığı reallıqlar və “Dəmir yumruq” isə Paşinyanı gənclikdəki köhnə mövqeyinə qayıtmağa məcbur edib. Bu gün “sülh quşu” kimi təqdim olunan Paşinyan, əslində, 1998-ci ildəki yazısının müəllifidir – o vaxtdan eyni mövqeyi daşıyır, sadəcə, zaman və şərait onu gah normallaşdırıb, gah da radikallaşdırıb.

Bu da bir daha sübut edir ki, Azərbaycanın “Dəmir yumruğu” həm Paşinyanda, həm də cümlə erməni xalqında reallıq və obyektivlik hissini bərpa etməkdə əsas amil olub və olmaqdadır…

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR