Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Qurban bayramı münasibətilə Azərbaycan xalqını və dövlətini rəsmi şəkildə təbrik edib.
Həmin təbrik Musavat.com tərəfindən artıq xəbər formatında yayımlanıb.
Lakin bu hadisə sıradan bir protokol jesti deyil, regionda və Ermənistan-Azərbaycan münasibətlərində dərin simvolik və siyasi məna daşıyır.
Məhz buna görə bu addımı ayrıca şərh etməyə ciddi ehtiyac var.
Məlum olduğu kimi, Ermənistan rəhbərliyi bu günə qədər Azərbaycan xalqının dini inanclarına, xüsusilə də İslam bayramlarına düşməncəsinə yanaşıb, xalqımıza qarşı dini nifrət aşılayıb, dözümsüzlük nümayiş etdirib. Heç bir Ermənistan prezidenti, baş naziri və ya ümumiyyətlə, hər hansı erməni rəsmisi İslamla bağlı bir bayram münasibətilə Azərbaycan xalqına rəsmi müraciət etməyib. Erməni kilsəsindən qaynaqlanan bu münasibət 150 ildən artıqdır ki, xalqımızın türk kimliyini və islam mənsubiyyətini hədəfə alır.
Bu baxımdan Paşinyanın Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik həm ilk, həm də presedent xarakterli hadisədir. Bu jest həmçinin müəyyən qədər gözlənilməz və yeni reallığın ifadəsidir. Müsəlman dünyası üçün müqəddəs olan bir bayrama rəsmi səviyyədə hörmət göstərilməsi baş vermiş real hadisədir.
Doğrudur, Ermənistan uzun illərdir ki, müsəlman İranla dost münasibətlər saxlayır və bu çərçivədə rəsmi bayramlaşmalar da protokol qaydasında baş verir. Bu il Paşinyan Türkiyə prezidentini və əhalisini də təbrik edib. Amma bir Ermənistan rəhbərinin açıq şəkildə Azərbaycan dövlətini və xalqını təbrik etməsi, xüsusilə də post-müharibə dövründə, son illərə qədər mümkünsüz görünən hadisə idi.
Bu, öz aralarında fasilələrlə 200 ilə yaxın müddətdə düşmənçilik və müharibə aparmış iki xalqın tarixində mühüm və yeni bir hadisədir.
Paşinyanın bu jestini təkcə diplomatik nəzakət kimi qiymətləndirmək doğru olmaz. Çünki o, çox yaxşı anlayır ki, belə bir təbrik Ermənistan daxilində, xüsusilə revanşist və radikal dairələrdə ciddi narazılıq doğura bilər. Buna baxmayaraq, bu addımı atması göstərir ki, Ermənistan rəhbərliyi artıq yeni geosiyasi reallıqlara uyğun davranmağa məcburdur.
Musavat.com-un fikrincə, Nikol Paşinyanın bu təbriki, faktiki olaraq, Azərbaycanla barış və əməkdaşlıq mesajı daşıyır. Bu, eyni zamanda beynəlxalq ictimaiyyətə Ermənistanın transformasiya yolu seçdiyini göstərmək cəhdidir.
Paşinyanın bu addımı Ermənistan-Azərbaycan münasibətlərində son aylarda müşahidə olunan müsbət dinamikanın tərkib hissəsi kimi də qiymətləndirilə bilər. Sülh sazişi ilə bağlı gedən proseslər, sərhədlərin delimitasiyası sahəsindəki razılaşmalar və kommunikasiya xətlərinin açılması təşəbbüsləri fonunda bu jest yeni mərhələnin başlandığını göstərir.
Paşinyanın bu təbriki simvolik olsa da, Ermənistan-Azərbaycan münasibətlərində dini dəyərlərə yönəlmiş ilk müsbət jest kimi tarixə düşəcək. Bu təbrik eyni zamanda xəstə təfəkkürlü erməni cəmiyyətinə “şok terapiyası” effekti ilə müalicəvi yanaşma sayıla bilər.
Gələcək münasibətlərin yalnız hökumətlər və dövlətlər arasında deyil, xalqlar səviyyəsində də normallaşması üçün Ermənistan cəmiyyətində psixoloji zəmin formalaşdırılmalıdır.
Əgər bu cür jestlər davamlı xarakter alsa və ardınca konkret siyasi və hüquqi addımlar gəlsə, bu, Cənubi Qafqazda yeni bir münasibətlər sisteminin – post-münaqişə dövrünün əsasını qoya bilər.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ