İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Azərbaycana tarixi təbriki, sərhəddə “oğurlanan” erməni yeniyetmələr - İrəvanda isteriya

Xoşməramlı addım düşmən tərəfdən atılsa belə, müsbət qiymətə, dəyərə layiqdir. Bu xüsusda Ermənistan baş naziri Nikol Paşinyanın dünən erməni rəhbərlər arasında ilk dəfə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik eləməsi sözsüz ki, tarixdə pozitiv və cəsarətli jest kimi qalacaq. Təbrik iki ölkədə doğurduğu reaksiya baxımından da diqqət çəkir.

Düzdür, Paşinyan Azərbaycan xalqını tutaq ki, Müstəqillik Günü ilə bağlı yox, müsəlman dünyasının ortaq bayramı ilə əlaqədar təbrik edib. Fəqət, belə bir reveransın özü iki xalq arasında düşmənçilik səhifəsinin qapanmasına, hava-su kimi lazım olan qarşılıqlı etimad mühitinə unikal, eyni zamanda çox rəmzi töhfə sayılmalıdır. Keşkə davamı daha sanballı gələ. Özəlliklə sülh müqaviləsinin imzalanmasına və ardınca diplomatik münasibətlərin qurulmasına əsas əngəl olan konstitusiya düzəlişini nəzərdə tuturuq. Erməni xalqı buna hazırmı, imkan verərmi?

Təəssüf ki, sualın cavabı pozitiv deyil. Bu da “isti” nümunə.

Dünən azaraq Azərbaycan tərəfə keçən iki erməni yeniyetmənin operativ şəkildə qarşı tərəfə qaytarılmasına radikal-revanşist ünsürlər həyasızcasına neqativ don geydirməyə çalışıblar. Guya Azərbaycan yeniyetmələri oğurlayıbmış. Ermənistan İstintaq Komitəsi bu iddianı təkzib etsə də, radikal çevrələr yalan-palan üyütməyə sırtıqcasına davam edir. Çünki onlara belə sərfdir.

Məsələn, Xocalı hərbi canisi Serj Sərkisyanın sədri olduğu Ermənistan Respublika Partiyasının (ERP) gənclər təşkilatının rəhbəri Henrix Danielyan görün nə sarsaqlayıb. Sitat: “İki yeniyetmə vətəndaşı azərbaycanlılar tərəfindən oğurlanan bir ölkənin baş naziri azərbaycanlıları Qurban bayramı münasibətilə təbrik edir. Paşinyanın “sülh erası”nın əsl mahiyyəti budur”.

Bu zatlar bax, bu cür ictimai psixozun ağır formasından əziyyət çəkir...

Öz adını bizə qoyan başdan mayıf hay, yeniyetmələri oğurlamaq Azərbaycanın nəyinə gərəkdir ki? Yenə qonşu ölkədə azərbaycanlı girov, hərbi əsir olsaydı, hardasa bəlkə düşünmək olardı ki, onlar dəyişdiriləcək. O da yoxdur.

Əksinə, Azərbaycan zaman-zaman sübut edib ki, Ermənistandan fərqli olaraq, ləyaqətli dövlət və xalqdır. Biz dinc əhali ilə, qadınlarla, uşaqlarla vuruşmuruq. Onlarla işimiz yox. Qarabağdakı bir günlük antiterror əməliyyatı zamanı da bütün dünya buna bir daha əminlik hasil elədi. Azərbaycana şər-böhtan yapışmaz!..

Bu şiddətdə hikkə, qarayaxma əlbəttə ki, ən əvvəl erməni cəmiyyətində Türkə nifrətin və revanşist heyvani hisslərin hələ də güclü qaldığının parlaq təzahürüdür. O səbəbə Azərbaycanın tərəfinin istənilən xoşniyyətli addımı, yaxşılığı da gözlərinə pis görünür. Qara qəlbli, bəd niyyətli adam yaxşılığa dəyər verə, onu görə bilməz. O, hər şeyi yalnız qara rəngdə görür. Çünki yaramaz fitrəti buna əngəldir.

Ermənistandakı son rəy sorğuları da eyni şeyi deyir: qonşu toplumun yarıdan çoxu Azərbaycan və Türkiyəyə qarşı dərin kin bəsləyir, Türkü əsas düşmən sayır. Təsadüfi deyil ki, Ermənistanda zaman-zaman bayrağı yandırılan iki ölkə yenə məhz Azərbaycanla Türkiyədir.

Son olaraq bu vandallığı aprelin 24-də “ağlaşma günü” gördük. Doğrudur, Paşinyan hakimiyyəti bu olayı pislədi. Ancaq fakt faktlığında qalır: ermənilərin əksəriyyəti psixoz xəstəsidir və hələ də bəlkə qaytardılar ümidi ilə yaşayır. Xəstə ilə isə normal danışmaqdan öncə onu sağaltmaq gərəkdir. Bəs kim etməlidir bunu?

Ən əvvəl hakimiyyət. Ancaq Nikol və komandası öncə özü “miatsum” virusundan tam sağalmalı, sağaldığına əmin olmalı, sonra isə cəmiyyətə yorulmadan təlqin eləməlidir: Türkə nifrətlə, revanşist ovqatla erməni xalqı heç vaxt ağ günə çıxa, gerçək təhlükəsizlik içində yaşaya bilməyəcək. Tam tərsinə, o gün bir az da uzaqlaşacaq və Ermənistan indiki ərazisini itirə-itirə, kiçilə-kiçilə gedəcək.

Ayılmaq, reallıqları görmək, rasional olmaq, nəhayət, yaxşını pisdən, xeyri şərdən ayırmaq zamanı çoxdan çatıb, cənab haylar. Bayırda XXI əsrdir. Amma erməni əksəriyyət hələ də XIX- XX əsrdə ilişib qalıb, axmaq-axmaq miflərdən, planlardan, saxta tarixdən və uydurma qəhrəmanlardan, vəhşi kin-küdurətdən qurtula bilmir.

Qurtulmalı olacaq. Başqa yolları yox. Yoxsa Ermənistan adlı simvolik dövlət də olmayacaq...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR