İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyanın yerinə siz olsaydınız, guya fərqli statusda çıxış edəcəkdiniz?"

Milli Məclisin iclasında çıxış edən deputat Sahib Alıyev Prezident İlham Əliyevin də qatıldığı Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitinin növbəti dəfə aktuallaşdırdığı bir reallıqla bağlı danışmaq istədiyini bildirib.

Musavat.com xəbər verir ki, o qeyd edib:

“Sözügedən sammitdə ABŞ prezidenti Donald Tramp aralarındakı uzun sürən konfliktə son qoyduqlarına görə Azərbaycan və Ermənistana təşəkkür etməklə oxşar problemi olanlara bizi örnək göstərdi. Və burada öz rolunu da qabartdı ki, o anlaşılandır. Orada Azərbaycan-Ermənistan və İsrail- Fələstin qarşıdurmasının fərqli tərəflərinə toxunulmadı, bu da təbiidir. Çünki sammit o məqsədlə keçirilmirdi. Fərqlərsə çoxdur və mən onların ən mühümlərinə toxunmaq istəyirəm”.

Ardınca deputat bunları bildirib:

“Qarabağdakı terrorçu rejimin etdiyi pislik, törətdiyi vəhşiliklər HƏMAS-ın törətdiklərini kölgədə qoyduğu, işğalçı Ermənistan cəbhə xəttindən onlarla, hətta yüzlərlə kilometr uzada yerləşən dinc yaşayış məskənlərimizə raket zərbəsi enirdiyi halda Azərbaycan buna qarşılıq vermədi, düşmənin ancaq ordusunu hədəfə aldı. 44 günlük savaş zamanı da, lokal antiterror əməliyyatı keçirilərkən də maksimum səy göstərildi ki, evlərə, mülki obyektlərə və şəxslərə xətər dəyməsin”.

Sahib Alıyev vurğulayıb ki, Azərbaycanın savaşı təkcə antiterror deyil, həm də antiişğal xarakterli idi, yəni öz torpaqlarında və beynəlxalq normalardan bir addım belə qırağa çıxılmadan aparılırdı:

“Proseslərin sonrakı gedişi göstərdi ki, ordumuz təkcə torpaq bütünlüyünün və suverenliyin təmini üçün yox, beynəlxalq hüquqa hörmət və əməl edənlərin hələ də qaldığını göstərmək, regiona sülh gətirmək üçün savaşıb.

Bütün bunlar ortada ikən Ermənistandakı revanşistlər Paşinyana irad tuturlar ki, niyə ABŞ prezidenti bizim regionda sülhdən danışarkən ancaq cənab İlham Əliyevə xitab etdir, ona isə dekor kimi yanaşılır. İndi bildiniz niyə? Regiona sülhü kimin gətirdiyi, özü də güc tətbiqi ilə gətirdiyi ortadaykən Paşinyanın yerinə siz olsaydınız, guya fərqli statusda çıxış edəcəkdiniz?”

Deputat sonda bildirib ki, Prezident İlham Əliyevin Şarm əl-Şeyxdəki sammitə dəvət edilməsini onun Yaxın Şərqin gələcəyində mühüm rol oynayacaq lider, Azərbaycanı isə bu böyük coğrafiyanın bir parçası, həm də önəmli parçası gözündə görüldüyünün növbəti təsdiqi kimi qiymətləndiririr:

“Bu, eyni zamanda onun təsdiqidir ki, müstəqilliyinin təkcə bərpasını deyil, dönməzliyini də tam təmin edən Azərbaycan keçmişdəki qüdrətinin bərpası mərhələsinə qədəm qoyub.

Beləliklə, xanım sədr, mən də hər kəsi Müstəqilliyimizin Bərpası və Füzuli Günü münasibətilə təbrik edirəm!”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR