İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın “əbədi” problemi - Sakinlərin 52%-i hələ də...

Ekspert deyir ki, su ilə bağlı problemlər getdikcə daha da artacaq, çünki...


Su təchizatındakı fasilələr səbəbindən Bakı sakinlərinin 52%-dən çoxu fərdi su çənlərindən istifadə etmək məcburiyyətindədir. Bu barədə Sosial Araşdırmalar Mərkəzinin keçirdiyi sorğu ilə bağlı məlumatda deyilir.

Bildirilir ki, paytaxtın bütün inzibati ərazi dairələri üzrə 390 təsərrüfatların iştirak etdiyi araşdırmanın nəticələrinə görə, respondentlərin 56 faizi gündəlik, 39,3 faizi qrafik üzrə, 4,7 faizi isə evlərinə ümumiyyətlə su verilmədiyini bildirib (Report).

Bununla yanaşı, respondentlərin 62,8 faizi suyun təzyiqindən razı, 36,3 faizi isə narazı olduğunu söyləyib. Su təchizatında yaranan fasilələrlə əlaqədar sakinlərin 52,1 faizi anbar üçün fərdi çənlərdən və ya hovuzlardan, 38,8 faizi isə nasoslardan istifadə edir.

Suyun keyfiyyəti ilə bağlı fikirlər isə demək olar ki, bərabər bölünüb: respondentlərin 46,4%-i keyfiyyətdən razı, 48,2%-i isə narazı olduğunu bildirib.

187966 (1).jpg (47 KB)

 Eyyub Hüseynov

Bəs paytaxtın su problemi nə vaxt bitəcək? Çənlər nə vaxt tam yığışdırılacaq? Vaxtilə Xəzərin suyunun içməli suya çevirməklə bağlı bir layihə var idi. Müəssisə tikiləcəkdi. Hərçənd o da deyilirdi ki, bu üsulla alınan içməli su baha başa gələ bilər. Onun aqibəti necə oldu?
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:

“İnsanlar bilməlidirlər ki, biz gələcəyin su qıtlığı dövrünün ən yaxşı çağlarını yaşayırıq. Dünyada su ilə bağlı problemlər getdikcə daha da artacaq. Mən 8 il əvvəl Dünya Su Konqresinin üzvü olmuşam və orada insanların suyun dəyərini lazımınca qiymətləndirmədiklərinin şahidi olmuşam. Çox sayda təqdimatlara baxdıqdan sonra maşınımı su ilə yudurtmaqdan imtina etmişəm. Azərbaycanda fəaliyyət göstərən avtomobil yuma məntəqələrinin bağlanması üçün daim səy göstərirəm. İlk olaraq deyim ki, aidiyyəti qurum rəhbərliyinə dəfələrlə müraciət etmişəm - təklif etmişəm ki, suyun təkrar istifadəsinə üstünlük verilsin. Təəssüf ki, bu təkliflərim nəzərə alınmayıb”.

Ekspert qeyd edir ki, əhalinin sudan israfçılıqla istifadə etməsinin qarşısı alınmalıdır: “Bunun üçün yuyucu vasitələr istehsal edən şirkətlərlə də danışıqlar aparılmalıdır. Məsələn, şampunları elə hazırlayırlar ki, yağ kimi bədənə yayılır və nəticədə insanlar onu təmizləmək üçün daha çox su sərf etməyə məcbur qalır. Mən Azərbaycanın müxtəlif bölgələrində - Xaçmazda, Kür çayında, Ceyranbatan su anbarında monitorinqlər aparmışam və dünya ölkələri ilə müqayisələr etmişəm. Suyun təmizlənməsi səviyyəsi orta vəziyyətdədir. Düzdür, dünya təcrübəsində bioloji testlər tətbiq olunur - su mənbələrində yaşayan heyvanların bədəninə elektrodlar yerləşdirilir və bu elektrodlar suyun tərkibindəki dəyişiklikləri kosmik rabitə vasitəsilə mərkəzi serverə ötürür. Suda yaşayan heyvanlar hansısa kritik vəziyyətlə üzləşəndə, alimlər bu dəyişiklikləri araşdırırlar. Azərbaycanda hələ bu cür bioloji tədqiqatlar aparılmasa da, Bakıya verilən su kifayət qədər təmizlənir.

Lakin biz bir məsələni unuduruq - Bakıdan 120 kilometr kənarda insanlar kanal suyundan istifadə edir. Bəzən bu su qurbağalı, tısbağalı olur. Azərbaycanın su ilə əhatə olunmaması bir faktdır. Əhalinin su ilə davranışı isə çox zaman mədəniyyətsiz səviyyədədir. Bundan əlavə, ölkədə texniki su istifadəsi sistemi mövcud deyil. Yağış sularının toplanması isə demək olar ki, yoxdur.

Suyun fasilələrlə verilməsi də yolverilməzdir. İstehlakçılar haqlı olaraq tələb edir ki, onların su tələbatı tam şəkildə ödənilsin. Çünki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, bazarda hökmran mövqe tutan şirkətlər istehlakçıları fasiləsiz su ilə təmin etməlidirlər.
Daha bir ciddi problem - dövlət qurumları arasında əlaqənin zəifliyidir. Biri gedib rüşvət verərək dağın başında ev tikir, sonra da narazılıq edir ki, mənə kanalizasiya çəkilsin. Halbuki paytaxt ətrafındakı böyük təsərrüfatlar əvvəllər şəhərləri ərzaqla təmin edirdi - südçülük, tərəvəzçilik sovxozları vardı. İndi o torpaqların hamısı satılıb, evlər tikilib və satışa çıxarılıb.

Nəticədə həmin ərazilərə su çəkilməsi tələb olunur. Belə olan halda ADSEA bu problemlərin arxasınca düşməlidir? Şəhərsalma Komitəsi ilə o torpaqları satan şəxslər su təminatını da düşünməlidirlər. Amma təəssüf ki, bu məsələlərə əhəmiyyət verilmir. Nəticədə Bakının su təminatında problemlər yaşanır. Aparılan tədqiqatlarla razıyam, lakin əhalinin su ilə bağlı istehlakçı davranışı ciddi şəkildə dəyişməlidir. Bu, ən əsas problemlərdən biridir".

Xəzər dənizinin suyunun içməli suya çevrilməsi məsələsinə gəlincə, Eyyub Hüseynov deyib ki, bu da çox ciddi və diqqət tələb edən məsələdir: “Bizə çatan məlumata görə, dəniz suyu içməli suya çevrilərkən orada hidrogenin ikinci izotopu əmələ gəlir. Bu zaman müəyyən radiasiya elementləri yaranır. Bu elmi araşdırmaların nəticəsidir, lakin nə dərəcədə dəqiq olduğunu tam əminliklə deyə bilmərəm”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR