İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian ARTİSTLİK edir: Azərbaycana qarşı çox HİYLƏGƏR siyasət aparır - Tural Abbaslıdan ŞOK AÇIQLAMA

“Məsud Pezeşkian siyasi anlamda artistlik edir. O, İranın seçilmiş prezidentidir, statusuna görə ölkədə ikinci adamdır. Konyekturu çox gözəl bilir. Azərbaycana gələndə dövlət başçısı ilə görüşündə farsca danışdı, Azərbaycan Televiziyasına müsahibəsində İranın mövqeyini müdafiə etdi.

Zəngəzur dəhlizi ilə bağlı danışanda da soyuq yanaşdı, dedi qırmızı xətdir, qonşular bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Bunu 2020-ci ilə qədər niyə demirdi? Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı aparıcının sualına: “Biz sizə yol vermişik də”, - deyə cavab verdi. Bu o deməkdir ki, Azərbaycan digər yoldan istifadə etsin və dəhliz açılmasın.

İran prezidenti türkcə danışsa da, ölkəsindəki rejimin bir əsgəridir. Biz emosional yanaşırıq, ondan çox şey gözləyirik. O isə heç özünə türk demir”.

Musavat.com xəbər verir ki, bunu AĞ Partiya başqanı Tural Abbaslı TV Musavatda Sevinc Telmanqızının aparıcısı olduğu “Canlı debat” verilişinin efirində deyib.

O, Pezeşkianın Bakıya səfəri zamanı da səmimi olmadığını bildirib:

“Pezeşkian Bakıda dövlət başçısı ilə görüşündə “Bir görəydim ayrılığı kim saldı?” deyə şeir dedi. O, kimin-kimə birləşməyindən danışırdı? İran prezidenti oranın buraya, yoxsa buranın oraya birləşməsini nəzərdə tuturdu? Bax artistlik budur. İran prezidenti insanların emosional durumunu bilir, ictimai rəyi özünə qarşı yumşaldır. Həm də İran siyasətini sona qədər müdafiə edir.

O, Bakı şəhərinin icra başçısı Eldar Əzizovla qeyri-rəsmi dialoqu zamanı Azərbaycan dilində danışırdı. Azərbaycan Televiziyasına müsahibəsində isə fars dilində müsahibə verir. Gəlin, müqayisə edək. Prezident İlham Əliyev ingilis mediasına müsahibə verəndə ingilis, rus mediasına müsahibəsində isə rus dilində danışır. Pezeşkian da strateji məqamlarda Azərbaycan dilində danışa bilərdi. Biz onun türkcə danışmağı bacardığını bilirik. Belə olan halda niyə farsca danışdı? Azərbaycan dilində danışsaydı, üzüyünün qaşı düşərdi? Burada çox hiyləgər bir siyasət var. Azərbaycanda Vətən müharibəsindən sonra ictimai fikirdə İrana qarşı formalaşmış qəzəbi pozitivə çevirməyə çalışır.

İranda prezidentliyə namizədləri Xamenei təsdiq edir. Əgər Pezeşkian türkçü və Azərbaycanla yaxın münasibətə meylli olsaydı, namizədliyi təsdiq olunardımı? Əlbəttə, yox. Mənim üçün Pezeşkianla ondan əvvəlki İran prezidentinin heç bir fərqi yoxdur. O, daha səmimi idi, düşmən olduğunu bəlli edirdi. Pezeşkian isə gizlədir. AzTV-yə verdiyi müsahibəsinə baxanda onun bütün iç dünyası görünür”.

Partiya sədri Pezeşkianın Bakıya səfərinin məqsədlərindən də bəhs edib:

“İran və Azərbaycan münasibətləri son zamanlar gərginliyin pik nöqtəsində idi. İran Araz çayının üzərində körpü tikirdi, sərhəddə dronların uçuşu olurdu və s. Rəsmi Bakı isə İrana barmaq silkələyirdi, Təbrizin, Ərdəbilin hava haqqında məlumatlarını deyib bizim ərazilər olduğunu bir daha yada salırdı. Pezeşkian Bakıya səfər etməklə bu gərginliyi azaltmaq istəyirdi. Amma həm Azərbaycan, həm də İran siyasəti bir il əvvəlkindən fərqlənmir. Bu baxımdan Məsud Pezeşkianın türkcə şeir deməsi hələ nə isə demir. O, İran xalqının prezidentidir, onu farslar səs verib seçib”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR