Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına doğru proses sürətlənib. Britaniyada Azərbaycan səfiri Elin Süleymanov Reuters-ə açıqlamasında bildirib ki, “düşmənlik fəsli bağlanıb və indi biz möhkəm sülhə doğru irəliləyirik”.
Diplomat yekun sazişin imzalanma tarixi ilə bağlı konkret tarix açıqlamasa da, Prezident İlham Əliyevin bu addımı mümkün qədər tez atmaq istədiyini vurğulayıb. Süleymanov həmçinin qeyd edib ki, yeni tranzit dəmir yolu marşrutunun işə salınması ABŞ və Ermənistanın əməkdaşlığından asılıdır və tərəflər bu istiqamətdə danışıqlar aparırlar.
Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə aparıcı analitiki Coşua Kuçera isə bildirib ki, Ermənistan konstitusiyasında hələ də mövcud olan “Dağlıq Qarabağa ərazi iddiası” maddəsi sülh prosesinin qarşısında əsas maneədir. Onun sözlərinə görə, yeni nəqliyyat dəhlizinin necə işləyəcəyi ilə bağlı da mühüm suallar qalmaqdadır: “Gömrük, təhlükəsizlik və digər texniki məsələlərlə bağlı hələ də aydınlıq yoxdur. Bunlar ciddi əngəllərə çevrilə bilər.”
Sülh danışıqları fonunda regionda narahat mövqedə dayanan İran da yenidən sərt bəyanatla çıxış edib. Ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tasnim” agentliyinə açıqlamasında bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. O, bu dəhlizi ABŞ Prezidenti Donald Trampın “muzdlularının qəbiristanlığı” adlandıraraq, onun region sərhədlərinin dəyişdirilməsinə yol aça biləcəyini iddia edib.
Ekspertlərin qənaətinə görə, yekun sazişin imzalanması üçün əsas şərt Ermənistanın konstitusiyasında dəyişiklik edərək Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımasıdır. Bundan sonra həm siyasi münasibətlərin normallaşması, həm də nəzərdə tutulan yeni tranzit dəhlizinin işə düşməsi üçün hüquqi və texniki maneələrin aradan qaldırılması mümkün olacaq.
Orijinal mənbə: Reuters
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ