Onlayn ictimai-siyasi qəzet
Paytaxtın küçələrində ucuz qiymətə, aşağı keyfiyyətli un məmulatlarının satışı adi hala çevrilib. Xüsusilə yol kənarında qurulan piştaxtalarda, günəş altında və toz-torpağın içində satılan pirojki, qoğallar və digər bişmiş məhsullar alıcıların diqqətini ucuzluğu ilə çəksə də, onların sağlamlıq üçün yaratdığı təhlükələr çox vaxt nəzərə alınmır. Ucuz qiymət satışın artmasına səbəb olur, amma sanitar-gigiyena normalarına əməl edilməməsi, qidaların açıq formada saxlanılması, tozlanma və həşəratlarla təmas nəticəsində bu məhsullar insan orqanizmi üçün ciddi risk mənbəyinə çevrilir. Yol kənarında fəaliyyət göstərən bir mağazadan, niyə açıq piştaxtaya belə qidalar düzülərək günəş altında saxlanıldığını soruşduqda, satıcı cavab verdi ki, məqsəd alıcının rahat götürməsi və Günəşin təsiri ilə məhsulların “isti qalmasıdır”. Bu isə təhlükəsizlik baxımından böyük qüsurdur.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova Musavat.com-a danışıb.
Məshəti Hüseynova bildirib ki, yol kənarında və açıq formada satılan qida məhsulları həmişə risk qrupuna daxildir: “Çünki onlar fiziki çirklənməyə məruz qalır. Tozun, çirkabın qidaya keçməsi, avtomobillərdən çıxan ağır metallarla zəngin qazlar qidaların tərkibinə təsir edir. Bu yerlərdə həşəratlar, gəmiricilər çox olur və onlar vasitəsilə qidalar çirklənir. Quşlar da eyni şəkildə mikroorqanizmləri daşıyır. Nəticədə mikroorqanizmlərin qidada toplanması ciddi zəhərlənmələrə səbəb ola bilər”.
O əlavə edib ki, günəş şüalarının təsiri ilə qidaların tərkibi dəyişir və qida dəyəri azalır. Xüsusilə yay aylarında temperatur yüksək olur və bu proses daha sürətlə gedir.
Mütəxəssis deyir ki, qida məhsullarının satıldığı yerlərdə sanitar-gigiyena normalarına əməl olunmalıdır, lakin çox vaxt bu qaydalar pozulur. Elə bizim də şahid olduğumuz kimi, satıcılar əl gigiyenasına diqqət etmir, əlcəkdən istifadə etmirlər. Pullara toxunan əllərlə açıq qidanı satırlar. Bəzən məhsullar təmiz olmayan yerlərdə saxlanılır.
“Tozla çirklənmiş qidalar müxtəlif allergiya və bronxial xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır. Hamilə qadınlar, süd verən analar, azyaşlılar, xroniki xəstəlikləri və zəif immun sistemi olan insanlar üçün daha ciddi fəsadlar törədir.
Həşəratlar və gəmiricilər qidada parazit yumurtaları qoyur, nəticədə mədə-bağırsaq xəstəlikləri, qurd invaziyaları, salmonella və ekoli kimi bakterial infeksiyalar baş verə bilər. İmmun sistemi güclü olan insanlarda belə müəyyən müddətdən sonra mədə-bağırsaq sisteminin pozulması və ya mövcud xroniki xəstəliklərin kəskinləşməsi müşahidə oluna bilər”.
Ekspert bildirib ki, belə məhsullar alarkən diqqət yetirmək lazımdır ki, sanitar-gigiyena qaydalarına uyğun şəraitdə, üstü bağlı vitrinlərdə saxlanılsın:
“Satıcılar əlcək, başlıq kimi vasitələrdən istifadə etməlidir. Yay mövsümündə əl gigiyenasına, təmiz geyimə xüsusi diqqət göstərilməlidir. Əgər un məmulatlarının içində bişmiş tərəvəz və ətlər varsa, onlar mütləq soyuducuda saxlanılmalıdır, çünki isti havada tez xarab olur və zəhərlənmə riski artır”.
Mütəxəssis deyib ki, məhsulların üzərində son istifadə tarixi qeyd olunmalıdır:
“Əgər gigiyenik qaydalar gözlənilmirsə, o məhsulu almamaq lazımdır”.
Sonda mütəxəssis bildirib ki, küçə satışına icazə verilirsə, mütəmadi nəzarət və monitorinqlər aparılmalı, cərimə tədbirləri gücləndirilməlidir. İnsan sağlamlığına zərər verəcək qidaların satışının qarşısı mütləq alınmalıdır.
Mənzər Novruzlu
Musavat.com
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ