Onlayn ictimai-siyasi qəzet
Dindaşımız Əfqanıstanda “Pis İşlərdən Çəkinmək və Yaxşı İşlərə Dəvət Nazirliyi” varmış. Yayılmış informasiyalarda qurumun adı bu cür çəkilirdi. Həmin nazirlik bu günlərdə uşaq oyuncaqlarının bütlərə bənzəməsi səbəbindən onları qadağan edib. Haram imiş.
Belə baxanda o ölkədə narkotik bitkilər əkib-becərməkdən, istehsal və emal edib satmaqdan və istemal etməkdən başqa hər şey haramdır. Əslində narkotik də haram şeylər cərgəsindədir, amma o dolanışıq yeridir, haram olsa da hər hektardan neçə sentner məhsul alınacağı, bir beşillikdə neçə beşillik plan yerinə yetiriləcəyi nəzarətdədir.
Ancaq ən maraqlısı bu adda nazirliyin olmasıdır. Ad çox uğurlu seçilib. Yəqin ki, bu, güc nazirliyidir. Başqa cür olmaz. O adda nazirliyin işçilərinin əlində ən azı şallaq olar. Çünki insanı pis işlərdən çəkindirmək üçün şallaq, qamçı vacibdir. İnsanları yaxşı işlərə dəvət etmək üçün də qamçının tətbiqu qaçılmazdır. İnsan oğlu elə bir qırışmaldır ki, quru dəvətlə yaxşı iş görməyə gəlməz. Şallaq və qamçı (hətta qırmanc da olar) isə daha cazibədar vasitədir. Höcət adamın dümbülünün üstündən iki dənə çəkirsən, yaxşı işlərə dəvəti quzu kimi qəbul edir.
İranda bu cür nazirliyin adı başqa cürdür. İranlılar əsasən inqilabın keşiyini çəkirlər. Bir də qadınların saçının görünməməsinə ciddi nəzarət edirlər. 3-4 il öncə bu xüsusda səhlənkarlığa yol verilmişdi, bir qızın saçı görünmüşdü, ara qarışdı, bir çəngə saça görə 3-4 min adam öldü, maşınlar, ofislər yandırıldı, neçə-neçə mollanın əmmaməsini başından alıb yerlərə çırpdılar. Saçı göründüyünə görə öldürülən qızın qisası mollaların keçəlinin görünməsiylə qismən alındı.
Bəlkə də vaxtında “Qadın Saçlarının Keşikçiləri Korpusu” kimi bir qurum yaradılmış olsa, o hadisələr baş verməzdi.
Ona qalsa, orada qadınların gülüşünə nəzarət üzrə ayrıca bir nazirlik və ya komitə də yaradılmalıdır. Bu da vacib məsələdir. Çünki təcrübə göstərir ki, yaxında, uzaqda, hansısa divarın arxasında qadın gülüşünün sədası gəlirsə, bu, ətrafdakı kişiləri təhrik edə, bəzilərini daşa, divara dırmaşdıra bilər. Burada qəbahət, əlbəttə ki, daşa-divara dırmaşmaq deyil, onları buna sövq edən gülüş səsidir. Həmin komitə və ya xidmət qadın gülüşünün desibelini müəyyənləşdirə, qaydanı pozanları cərimələyə və şallaqlaya bilər. Görürsünüz, şallaqsız olmur. Demək, Pis İşlər üzrə Şallaq Nazirliyi də yaratmaq olar.
İndi kimsə deyəcək ki, Qadın Topuğuna Nəzarət Agentliyinin yaradılması da qaçılmazdır, çünki təhrik ünsürlərindən biri də topuqdur. Düz fikirdir. Amma bu qədər əlahiddə dövlət strukturu yaratmaq düz olmaz. Ən yaxşısı Kişilərin Təhrik Edilməsi ilə Mübarizə İdarəsi (və ya Haramçılqla Mübarizə Komitəsi) yaratmaq və burada saça nəzarət, topuğa diqqət, gülüşə yasaq üzrə şöbələr təsis etməkdir.
Qoy kafir amerikalılar, yaponlar gedib nanotexnologiyalar üzrə agentliklər-magentliklər yaratsınlar. Qiyamətdə cavab verəcəklər. Onların təki də cənnətə düşməyəcək.
Cənnət də öz eskort huri-qılmanları, sərin-ilıq atmosferi, içindən çaylar axan meşələri ilə bizə, din qardaşlarımıza qalacaq.
Bundan ötrü yuxarıda dediyim kimi, əlaqədar strukturlar yaradılmalı, insanların axirətə hazırlanması işi ilə məşğul olmalıdır. İnzibati-amirlik metodu olmasa, mümkün olmur.
Bax, o gün bir tanınmış müğənni qadınların yeri və statusu haqda aktual çıxış eləyib, az qalırlar yazığın mikrofonunu əlindən alıb gözünə soxsunlar. Halbuki adam millətin gələcəyini düşünür, deyir ki, biz azərbaycanlıyıq, başqa söhbət bizə yaraşmaz.
Yoxsa, bu nədir, şəhərdə N qədər şortikli kişi var. Prinsipcə, onların dirsəyi görünməməlidir, amma nəinki dirsəkləri, hətta oturanda dizləri də görünür. Bizdə bu sahəyə barmaqarası baxılır. Ona görə də əxlaq əldən gedir.
Bura Şərqdir, burda belə şey olmaz. Odur, qardaş Türkiyədə belə işlərə nəzarət var. Fəqət hələlik onların müğənni Hadisəyə gücləri çatmır. O gün hatunun bir videosu yayılmışdı, əynində yüngülvarı bir şey vardı. And ola ki, o, evdə ərinin yanında belə gəzsə, kişi dözməz, deyər, get əyninə bir şey gey. İntəhası, qardaş ölkədə belə geyinənləri iffətli insan qrafasından siliblər, topasına “sosyete” deyirlər.
Adamın imkanı ola, vara gedə Əfqanıstana və Pis İşlərdən Çəkinmək və Yaxşı İşlərə Dəvət Nazirliyinin iş metodlarını öyrənə, gələ. Pis olmaz. Ancaq kim bilir, Saqqal Tükünün Uzunluğuna Diqqət Departamenti təraş edilmiş üzləri görüb, adamı nəzarətə götürər, bir də saqqal uzanıb standartlara uyğun olanda buraxar.
Yerləşdiyimiz paralellərii, görüm, perpendikulyar olsun, hamısı ondandır.
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ