İnsanlara hürriyət, millətlərə istiqlal!

Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı”

Ekspertlər hesab edir ki, beynəlxalq hüquq normaları jurnalist Qənirə Ataşovanın məsuliyyətə cəlbini mümkünsüz edir

Hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova estetik cərrahlarla bağlı araşdırmasına görə məhkəməyə verilib, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ittiham olunur.

Musavat.com bildirir ki, Azərbaycanda estetik cərrahiyə sahəsindəki qanunsuzluqları gündəmə gətirən jurnalist Qənirə Ataşova barədə məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırılıb. Jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi - “ağır cinayətdə ittiham etməklə böhtan atma” - ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur.

İddiaçı isə sosial şəbəkələrdə “həkim Gül Əliyeva” adı ilə tanınan, Gəncədə yerləşən “VMR” Estetik Klinikasında fəaliyyət göstərən Gülsüm Əliyevadır. O, jurnalistin özünü və fəaliyyətini ağır cinayətdə ittiham etdiyini iddia edir və bu səbəbdən hüquqi müstəvidə cavabdehlik tələb edir. Kosmetoloq Qənirə Ataşovanın ondan 50 min manat rüşvət istədiyini də iddia edib.

Qənirə Ataşova bu barədə sosial media hesabında bunları yazıb: “Bu həyatda çox şey görmüşəm, amma bu qədər qızıl-qırmızı böhtan, ləyaqətsizlik görməmişdim. Gülsüm Əliyeva-cərrah deyilsən, tibb diplomun yoxdur, amma əməliyyat aparırsan. Əhsən. "VMR estetik" klinikası - lisensiyası yoxdur, amma klinika kimi işləyir. Möcüzə! Və nə baş verir? Dövlət ard-arda cərimələr yazır. Sonra da başlayır suallar: Bəs bu cərimələri kim ifşa elədi? Mən! Kim olacaqdı ki? İndi isə nə deyirlər? Guya mən onlardan 50 min rüşvət istəmişəm. Niyə? Çünki demişəm ki, cərrah olmaq üçün cərrah diplomu da gərəkdir. Çox cəsarətli fikir olmuş, etiraf edirəm.

Məktubu da aparıblar Korrupsiyaya qarşı Mübarizə İdarəsinə-sübut filan yoxdur, amma guya “şikayətçidirlər”. Əla! İndi belə çıxır ki, klinikada lisenziya yoxdursa, günah Qənirədədir? Həkim olmadan əməliyyat aparılırsa, günah yenə Qənirədədir. Dövlət cərimə yazırsa, demək, Qənirə rüşvət alıb. Yəni bu ölkədə qanunsuzluqları ifşa edən yox, ifşa edənə qarşı kampaniya aparmaq dəbdir. Mən artıq nə ifşaçıyam, nə jurnalist “cinayətkaram”, çünki doğruları demişəm. Gülmək istəyənə komediya, düşünmək istəyənə faciədir".

Jurnalistin videosu yayılan Göyüşovun şikayəti əsasında saxlanıldığı iddia  olunur

Mehman Muradlı

Vəkil Mehman Muradlının fikrincə, iddiaçı və ittiham olunan tərəf ayrı-ayrı ölkələrdə yaşadıqları üçün işin hüquqi müstəvidə olunması sual altındadır. Vəkil “Yeni Müsavat”a şərhində ərizənin geri qaytarılacağını bildirib: “Qənirə Ataşova Azərbaycan vətəndaşı deyil, Azərbaycanda qeydiyyatı yoxdur, Gülsüm Hacıyevanın iddiasına görə, ona böhtan atılıb, bu böhtanın nədən ibarət olması isə aydın deyil. Azərbaycan vətəndaşı ABŞ vətəndaşına xüsusi ittiham qaydasında hansı formada məhkəməyə müraciət edəcək? Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı var ki, təqsirləndirilən şəxs yaşayış (qeydiyyat) yeri üzrə məhkəmə verilməlidir. Qənirə Ataşova ABŞ vətəndaşı olduğu üçün Azərbaycanda prosesin perspektivi yoxdur, Gülsüm Əliyevanın ərizəsi geri qaytarılacaq”.

Sadiq Əfəndiyev 

Vəkil Sadiq Əfəndiyev isə “Yeni Müsavat”a şərhində məsələyə belə aydınlıq gətirdi:  “Əgər məhkəmə araşdırması zamanı həqiqətən Azərbaycan Respublikasının vətəndaşı, yaxud hüquqi şəxsinə qarşı cinayət törədildiyi və həmin cinayətin əcnəbi dövlətin vətəndaşı tərəfindən törədildiyi təsdiqlənsə, bu zaman məsələ beynəlxalq müqavilələr, konvensiya əsasında həll edilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər. Xüsusi ittihamçı ilk növbədə xüsusi ittiham qaydasında verdiyi şikayətdə ona qarşı böhtan cinayətinin törədilməsini sübut etməlidir. Şikayətdə cinayətin kim tərəfindən, konkret hansı əməlin törədilməsi qeyd edilməlidir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR