Onlayn ictimai-siyasi qəzet
Musavat.com bildirir ki, Rusiya artıq açıq şəkildə Azərbaycana qarşı düşmən mövqeyinə keçib. İllərlə müxtəlif maskalar arxasında gizlədilən siyasi şantaj, iqtisadi təzyiqlər və “qardaşlıq” ritorikası, Ermənistan vasitəsilə ərazilərimizin işğalı indi yerini tamamilə aşkar düşmənçiliyə verib.
Münasibətlər heç vaxt bu qədər gərgin olmayıb. Azərbaycan sərnişin təyyarəsinin vurulması ilə başlanan proses Yekaterinburqda diasporamızın sıxışdırılması, həbs olunması, iş adamlarımızın bizneslərinə “çökülməsi” və öldürülməsi ilə davam etdi. İndi isə Rusiya Azərbaycanın Ukraynadakı obyektlərini bir-bir vura-vura Bakıya açıq mesajlar göndərir.
Ukraynanın Odessa vilayətində yerləşən və Azərbaycan qazının da keçdiyi qaz infrastrukturunun və SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin ardıcıl şəkildə Rusiya tərəfindən hədəfə alınması artıq məsələni mübahisədən çıxarır. Bu, təkcə SOCAR-a qarşı deyil, Azərbaycanın enerji siyasətinə, Avropaya qaz nəqli siyasətinə, bir sözlə, Azərbaycanın suveren qərarlarına qarşı təcavüz aktıdır.
Dron zərbələri nəticəsində SOCAR-ın dizel boru sistemi sıradan çıxarılıb, böyük yanğın baş verib, şirkətin əməkdaşları ağır yaralanıb. Bu, ilk hadisə deyil. Daha əvvəl də Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına raket zərbəsi endirilmiş, SOCAR-ın Ukraynadakı ofisinin yerləşdiyi bina kompleksi də vurulmuşdu. Bütün bu zərbələrin xarakteri, ardıcıllığı və ünvanı göstərir ki, Rusiya Azərbaycana “Ukraynanın tərəfindəsənsə, cavabını alacaqsan” mesajı verir.
Azərbaycana məxsus sərnişin təyyarəsinin 2024-cü ilin sonlarında Çeçenistanın paytaxtı Qroznının hava məkanında vurulması tam sübut olunmuş cinayətdir. Bu cinayətdə iştirak edən hər kəs – sıravisindən generalına qədər – artıq ifşa olunub və sübutlar mediada yayılıb. Rusiya ilə münasibətlərimizin əsaslı şəkildə pisləşməsi məhz bu hadisə ilə bağlıdır. Rusiya istəsəydi, addım atardı, lazımi prosedurları yerinə yetirərdi və Azərbaycanla münasibətləri düzəldərdi. Lakin Kreml və Putin bunları görməzdən gəldi, münasibətləri düzəltmək istəmədi, bu mövzuda susdular. Əvəzində diasporamıza hücum çəkərək ortalığı daha da gərginləşdirdilər.
Yekaterinburqda Azərbaycan diasporasına qarşı başladılan təzyiqlər artıq dövlət səviyyəsində yürüdülən antiazərbaycançılıq siyasətinin ayrılmaz hissəsi kimi ortaya çıxdı. Oradakı iş adamlarımızın, ictimai fəalların, hətta ailə üzvlərinin həbsi, biznes obyektlərinin dağıdılması və ya ələ keçirilməsi birbaşa “baş qaldıranın başını əzmək” siyasətinin təzahürüdür. Rusiya bu üsulla azərbaycanlıların nəinki Ukraynadakı mövqelərini, həm də Rusiyadakı təsir imkanlarını sıfırlamaq istəyir.
Moskvanın Ukraynada, Gürcüstanda və indi də Azərbaycana qarşı atdığı addımlar onu Ermənistanın ardınca postsovet məkanında ikinci rəsmi işğalçı dövlət kimi tanıdır. Gürcüstana qarşı 2008-ci ilin bu günlərində başlatdığı müharibənin ildönümündə bu tendensiyanın dəyişmədiyi görünür. Rusiya üçün “bölgədə söz sahibi olmaq” anlayışı yalnız zor gücünə hökmranlıq etməkdən ibarətdir.
Rusiya üçün bir zamanlar “imperiya qalıqları”nı qorumaq vasitəsi olan MDB artıq formal bir strukturdan ibarətdir. Moldova bu qurumu tərk etdiyini bəyan edib, Azərbaycan isə uzun müddətdir təşkilatın tədbirlərindən imtina edir. Baş nazirin müavini Yaqub Eyyubovun MDB İqtisadi Şurasının iclasını tam şəkildə iqnor etməsi artıq Bakının Moskvaya “mən sənin hegemoniyanı tanımıram” mesajıdır.
Rusiyanın Ukraynada törətdiyi vəhşiliklər – uşaq xəstəxanalarının, məktəblərin, mülki əhalinin raket atəşinə tutulması – indi eyni yanaşma ilə Azərbaycanın üzərinə yönəlməyə başlayıb. Fərq ondadır ki, bu dəfə Moskva birbaşa hərbi qarşıdurmaya getmir, onun yerinə diplomatik, iqtisadi, informasiya və enerji sahəsində təzyiqlər vasitəsilə Bakını susdurmağa çalışır.
Azərbaycan 30 ildir ki, regionda suveren və müstəqil siyasət yürüdən, heç bir dövlətin əmrini qəbul etməyən nadir ölkələrdən biridir. Bu gün də eyni mövqe dəyişməyib. Bakı nə Ukraynadakı fəaliyyətindən imtina edəcək, nə də öz strateji müttəfiqlərinə xəyanət edəcək. Lakin Rusiya Azərbaycanın bu prinsipiallığını düşmənçilik kimi görür və ona qarşı müharibənin digər üsullarını tətbiq edir.
Bu düşmənçilik siyasəti daha nə qədər davam edəcək? Bu suala cavab yalnız bir yerdən gələcək: Azərbaycan öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün lazım gələrsə, cavab verməyə qadirdir.
Moskva unutmamalıdır: Azərbaycanı heç bir qüvvə öz yolundan döndərə bilməz. Rusiya rüsvayçı bir durumdadır. Hər kəslə düşmən və bütün müttəfiqlərini itirmiş vəziyyətdədir. Əgər yırtıcı xislətindən, vəhşi xarakterindən əl çəkməsə, hər şey onun üçün daha da pis olacaq. O, artıq Azərbaycanı itirib, onun etimadını itirib. Azərbaycanla bərabər Cənubi Qafqazı da itirib.
Kreml əlini Azərbaycandan çəkməli, gedib öz problemlərini həll etməyə çalışmalıdır.
Əks halda, bütün Qafqazı itirəcək…
R.Abbasov
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ